DünyaGündəmSiyasət

ABŞ siyasətində yeni dönəm? Buna kimlər çalışır və onların uğur qazanmaq şansları nə qədərdir?!

Trampın respublikaçılar partiyası daxilində əsas dayağı olan MAGA (Make America Great Again) qrupunda dərin çatlar əmələ gəlməkdədir. Bunun başlıca səbəbi ABŞ prezidentinin reytinqinin onun yanlış siyasəti nəticəsində rekord 37% səviyyəsinə düşməsidir.

Trampın özü isə artıq buna öz üslubunda reaksiya verib və həmin sorğunun nəticələrinin saxta olduğunu bildirib. Donald Trampın reytinqinin belə aşağı həddə düşməsi də ilk növbədə onun iqtisadi siyasətinin gözləntiləri doğrulda bilməməsindən irəli gəlir.

İqtisadi siyasətini əsasən idxal rüsumları tətbiq etməklə ABŞ-da istehsalı stimullaşdırmaq ideyası üzərində quran Tramp administrasiyası hələlik bunun tam əksinə olan nəticə ilə üzləşib. Tətbiq olunan rüsumların görünən nəticəsi yalnız ABŞ-da istehlak bazarında bahalaşma oldu.

Bunun baş verəcəyini də ABŞ-ın bir çox nüfuzlu iqtisadçı ekspertləri və iqtisadi araşdırma mərkəzləri öncədən bildirmişdi. İndi prezident geriyə addımlar atmağa başlasa da, onun dünənki bir çox tərəfdarları bu addımların gec olduğunu açıq şəkildə bəyan edirlər.

Özü də təkcə respublikaçılar partiyasında deyil, həm də Trampın əsas siyasi dayağı olan MAGA daxilində. Belə pessimizm də təsadüfi deyil. Bir qədər əvvəl ölkədə keçirilən bir sıra yerli seçkilərdə respublikaçılar fəlakətli məğlubiyyətə uğradılar.

Keçirilən mer, qubernator, ştatların Ali Məhkəmələri üzvləri və s. yerli seçkilərdə demokratların namizədləri birmənalı qələbə qazandılar. Elə özü də daxili siyasi böhran içində olan demokratlar partiyasının liderləri də bəlkə belə nəticəni gözləmirdi. Bu haqda bir qədər sonra…

Beləliklə, yuxarıda qeyd olunan son seçkilər göstərdi ki, amerikalı seçicilər “soyuducu – televizor mübarizəsində” daha çox birinciyə üstünlük verirlər. Bu da bir çox səbəblərlə izah oluna bilər. Onlardan biri də televiziya auditoriyasının orta yaş həddinin 64,9 yaş olmasıdır.

Belə görünür ki, gənc və orta nəslin böyük bir hissəsi əsas informasiya mənbəyi kimi sosial media resurslarından yararlanır. Burada da qeyri-adi heç nə yoxdur. Özəlliklə də ənənəvi telekanalların siyasi konyunkturaya sıx bağlılığı üzündən stereotiplərdən imtina edə bilməməsi səbəbindən.

Ənənəvi stereotiplər isə olduqca passionar ABŞ cəmiyyətinin (xüsusilə də onun gənc və orta yaşlı seqmentinin) mütləq əksəriyyəti üçün artıq tarix sayıla bilər. İqtisadi vəziyyətin siyasi proseslərə birbaşa təsiri qaçılmazdır və elə bu səbəbdən respublikaçılar düşərgəsində çatların əmələ gəlməsi də təbiidir.

Üstəlik də qarşıdan gələn 2026-cı il aralıq seçkiləri ərəfəsində. Amma çat təkcə hakim respublikaçılar partiyasının deyil, həm də Trampın əsas siyasi dayağı olan MAGA daxilində də baş verib. MAGA-nın Trampa qarşı çevrildiyini demək bu haqda bəlkə də daha düzgün dəyərləndirmə olardı.

Məsələn, Trampın əsas dəstəkçilərindən olmuş Nümayəndələr Palatasının üzvü, ifrat mühafizəkar və MAGA flaqmanlarından biri Marjori Teylor Qrin (Marjorie Taylor Green) açıq şəkildə Trampın əleyhinə gedir. Bu , özünü həm də prezident üçün risklər yarada biləcək məlum “Epşteyn qalmaqalına” münasibətdə göstərir.

Xanım Qrin Epşteyn fayllarının hamısının ictimailəşdirilməsi tələbinə dəstək verir. Respublikaçı elektoratın sevimlisi olan Taker Karlson, Meqin Kelli, Kandas Ouenn kimi sosial media mənsubları Trampı birbaşa hədəfə almasalar da, onun xarici siyasətindəki İsrail xəttini kəskin şəkildə ifşa etməkdədirlər.

Belə kampaniyanın bir sıra hallarda açıq antisemit çalarlarla müşaiyət olunması isə respublikaçılar partiyasının daxilində həm də dərin ideoloji ziddiyyətlərin olmasından xəbər verir. Artmaqda olan belə tendensiyalar da respublikaçılar arasında təkcə çat yaranmasına deyil, açıq qarşıdurmaya aparır.

Odur ki, ABŞ xarici siyasətində pro İsrail xəttinin daim daha çox respublikaçılar tərəfindən yürüdüldüyünü nəzərə alsaq, bu partiya təbliğatçıları arasında gedən kəskin “sionist-antisionist” söz atışmasının hansı nəticələrə gətirib çıxara biləcəyini görmək də çətin deyil.

Görünən həm də budur ki, partiya daxilində yaşlı və gənc nəslin nümayəndələri arasında mövqelər uğrunda gedən nüfuz mübarizəsi də kəskinləşməkdədir. Bu isə aralıq seçkiləri ərəfəsində partiyaya yaxşı heç nə vəd edə bilməz.

Oxşar problemlər, hələlik çılpaq şəkildə üzə çıxmasa da, demokratların düşərgəsində də mövcuddur ki, onun da daha çox şərti olaraq, mərkəzçi və solçu kəsimlər arasında baş verən dinamika olduğunu söyləyə bilərik.

Amma partiya rəhbərliyində qüvvələr nisbəti birincilərin xeyrinə olduğundan, ikincilər (solçular) partiyadaxili mübarizədən daha çox demokratlar partiyasının elektoratı arasında uğur qazanmaq yolunu tutublar. Belə uğurlar da artıq var.

Özünü sosialist kimi təqdim edən demokrat partiyasının nümayəndəsi Zohran Mamdaninin dünya kapitalizminin mərkəzlərindən biri olan Nyu Yorkda mer seçkilərində inamlı qələbə qazanmasını buna misal göstərmək olar.

Tramp administrasiyasının iqtisadi siyasətinin “uğurları” belə davam edərsə, iki prosesin davam edəcəyi gözləniləndir: respublikaçılar daxilində mərkəzdənqaçma tendensiyaların güclənməsi və yaranmaqda olan yeni sosial-iqtisadi fonda demokratların düşərgəsində solçu təmayülün təsirinin artması.

Bunların ABŞ-ın daxili siyasi konstruksiyasının yenidən formatlanması olduğunu söyləmək isə hələlik tezdir. Xüsusilə də belə formatlanmaya təsir edə biləcək amillərin yetərincə olduğunu nəzərə alsaq. Amma hər bir halda ən azı prosesin başlanğıc mərhələdə olduğunu demək üçün xeyli əsaslar artıq mövcuddur.

Ərəstun Oruclu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ən çox borcu olan NATO ölkəsi – Türkiyənin nə qədər borcu var?

admin

İstanbulda Rusiyanı kimin təmsil edəcəyini açıqlamırıq – Peskov

admin

“Bu pulu vermək bizi yandırır”- Şərurlu İsfəndiyar

redaktor