Tarixçi Altay Göyüşov Azərbaycan Baş Prokurorluğuna çağırılıb. Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
Məlumata görə, Altay Göyüşov bu il noyabrın 21-də 12:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Habelə qeyd edilir ki, A.Göyüşov Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir. Haqqında axtarış elan olunub.

Həmçinin əlavə edilir ki, Binəqədi Rayon Məhkəməsinin bu il fevralın 23-də verdiyi qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Hələlik, bu açıqlamaya və ittihama Altay Göyüşüvun özü münasibət bildirməyib.
Hakimiyyətə tənqidi mövqeyi ilə seçilən tarix elmləri namizədi Altay Göyüşov hazırda xaricdə yaşayır. Bakı Dövlət Unversiteti və Siyasi Araşdırmalar İnstitutunda çalışıb. Müsavat Partiyasında təmsil edilib, ReAL Hərəkatının yaradıcılarından olub, hər iki qurumu tərk edib. A.Göyüşov hazırda Parisdəki “Sciences-Po” Universitetində elmi işçi kimi çalışır
Politoloq Ərəstun Orucluya da növbə çatıb

Habelə hazırda ABŞ-də yaşayan politoloq Ərəstun Oruclunun da Baş Prokurorluğa çağrıldığı açıqlanıb. Onun isə noyabrın 21-də saat 14:00-da həmin qurumda olması istənilir.
Ərəstun Oruclu da Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir. Binəqədi Rayon Məhkəməsinin bu il fevralın 23-də verdiyi qərarla barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
“Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci ( Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib”.
Ərəstun Oruclu da, hələlik, ittihama münasibət bildirməyib. Şərq-Qərb Araşdırmalar Mərkəzinə rəhbərlik edən Ərəstun Oruclu Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində də fəaliyyət gösatərib. Hakimiyyətə tənqidi mövqeyi ilə seçilir.
13 noyabr
Jurnalist Sevinc Osmanqızı Baş Prokurorluğa çağrılıb
Birləşmiş Ştatlarda (ABŞ) yaşayan jurnalist Sevinc Osmanqızı noyabrın 20-si saat 16:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinə çağrılıb.
İTV-də bununla bağlı Baş Prokurorluğun müraciəti yayımlanıb. Məlumata görə, ona rəsmi bildiriş göndərilib.
Bildirilir ki, fevralın 23-də S.Osmanqızıya Cinayət Məcəlləsinin 220.2 (…kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə rəsmi ittiham irəli sürülüb və o, axtarışa verilib.
Baş Prokurorluq Osmanqızıya xəbərdarlıq edib ki, çağırışa gəlmədiyi halda, barəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.
“Osmanqızı TV” kanalındakı çıxışları ilə bağlı xaricdə yaşayan Beydulla Manafov və Abid Qafarov da oxşar ittihamlarla üzləşiblər. Baş Prokurorluq onların da həmin tarixdə istintaqa gəlmələrini tələb edir. Məlumata görə, Qafarovun CM-in 220.2 və 281.2-ci, Manafovun isə 281.2 və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması barədə qərar qəbul edilib.
Sevinc Osmanqızı: “Bu, sözdən qorxudur”
Prokurorluğun açıqlamasından sonra jurnalist Sevinc Osmanqızı deyib ki, bu, ondan ötrü gözlənilməz olmayıb: “Əgər sən bir Youtube kanalının aparıcısısansa, hər gün efirdəsənsə və rejimin maraqlarına toxunursansa, potensial hədəfsən”.
İttihamları qəbul etməyən S.Osmanqızı vurğulayıb ki, “bu, sözdən qorxudur”.
O əlavə edib ki, SSRİ-də ötən əsrin 37-ci, 38-cı illərindəki repressiyalarda güllələnənlər olub və sonradan onlara bəraət verilib: “Gün olacaq bu İctimai TV-də bizlərə də bəraət oxunacaq. Çünki bizim, həbsdə yatan jurnalistlərimizin heç bir günahı yoxdur”.
A.Qafarov və B.Manafovdan bu məsələyə, hələlik, ayrıca münasibət almaq mümkün olmayıb. Lakin onların da ittihamla razılaşmadıqları bildirilir.
Baş Prokurorluq bundan əvvəl də xaricdə fəaliyyət göstərən bir çox bloqer və internet televiziyalarının təmsilçilərini oxşar ittihamlarla istintaqa çağırıb, onların haqqında qiyabi həbs qərarları verib. (AzadlıqRadiosu)
