Azər Qasımlı barəsində açılan cinayət işində dünən yeni üzəduran ortaya çıxdı. Onun adı Fikrət Məmmədovdur. Əslən Mingəçevirdən olan Fikrət Məmmədov Azər Qasımlının üzünə duran Qurbanəli Yusifovun uşaqlır dostudur, özü də müğənniliklə məşğuldur.
Azər Qasıml Fikrət Məmmədovla hələ Realda olduğu dövrdən tanışdır və Qurbanəli Yusifov telefonlara cavab verməyəndə onunla əlaqə saxlayıb Qurbanəlini soruşmuşdu.
Fikrət Məmmədov istintaqda ifadə verəndə yazmışdı ki, Qurbanəli ona Azərlə aralarındakı kriptovalyuta ilə bağlı iş olduğunu deyib, amma Qurbanəlinin nə qədər pul qaytarmalı olmasından və digər məsələlərdən məlumatı yoxdur. Və sonda da ifadəsinin altında yazıb ki, heç bir əlavəsi yoxdur. Onun ifadəsinin skrinlərini paylaşacam.
Dünənsə bu adam gəlib, məhkəmədə ifadə verdi ki, Qurbanəli mənə dedi ki, “Azər məni narahat edir”. Hakim ona dəqiqləşdirici sual verəndə dedi ki, “Qurbanəli Azərin onu “TƏHDİD” etdiyini deyib”.

Vəkil Rövşanə Rəhimli Fikrət Məmmədova sual verdi ki, “bəs niyə istintaqa verdiyin ifadədə bunları demədin, Azər Qasımlının təhdid etdiyini demədin?” Şahid sadəcə “bilmirəm niyə deməmişəm” cavabını verdi.
Məsələ ondadır ki, keçən həftə prosesdə ifadə verən Qurbanəli Yusifovun xalasıoğlundan hakim də, prokuror da dəfələrlə soruşsalar da ki, “onların arasında nə problem olub”, Avropatəhsilli bu gənc israr edirdi ki, “mənim heç nədən xəbərim” yoxdur. Lakin prokuror şahidi açıq şəkildə TƏHDİD etdikdən sonra gənc qorxub “təhdid” sözünü dilə gətirdi: “Qurbanəli Azərin onu təhdid etdiyini demişdi”.
İndi çox güman ki, bu prosesdə prokuror ikinci şahidi də TƏHDİD etmək məcburiyyətində qalmasın deyə adamı əvvəlcədən başa salıblar ki, “TƏHDİD” sözünü işlətməlidir. Bəlkə də deyiblər ki, “sən, narahat olma, sən üzəduranlıq etməyəcəksən, sadəcə bircə o kəlməni – “TƏHDİD” sözünü deyəcəksən, bununla da sənlik iş bitəcək”…
Məsələ həm də ondadır ki, Azər Qasımlıya qarşı qurulan tələnin mahiyyəti də elə bu sözə – “təhdid” ifadəsinə bağlıdır. Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə təhdid etməkdə ittiham olunaraq barəsində saxta cinayət işi açılıb və prokuror ilk iclasda dedi ki, bu maddə ilə 10 ildən 15 ilədək həbs cəzası gözlənilir.
Dünənki “məhkəmədə” bir maraqlı məqam da oldu. Qurbanəli Yusifov ilə məktəb illərindən dost olduğunu gizlədən və özünü onun sadəcə tanışı kimi təqdim edən Fikrət Məmmədov demə vəkili Qurbanəli Yusifov üçün özü tutubmuş. Bunu da özləri təsadüfən açıb dedilər. Yalan elə bir şeydir ki, insanı axmaq duruma salır. Həmin məqamda Qurbanəli Yusifovun vəkili belə üzünü turşudub qaşlarını çatdı ki, “sən, nə danışırsan” )))
Bu səhər Azərlə telefonda bu barədə danışanda o, yaxşı bir söz dedi: “bu yazıqlar başa düşmürlər ki, Fikrətin və digərlərinin sözlərinin əhəmiyyəti yoxdur. Onsuz da hakimlərə hansı qərarı oxumaq deyilibsə, onu da səsləndirəcəklər. Əhəmiyyətli olan odur ki, bu üzəduranların insanlıqlarını nə qədər itirdikləri ortaya çıxır…”
Mən isə Samirə Qasımlı olaraq buradan bir daha Qurbanəli Yusifova, Fikrət Məmmədova və digər üzəduranlara deyirəm. Həyat bumeranqdır. Bir gün Azərbaycanda hər şey dəyişəcək və bu yolu keçən digər ölkələr kimi Azərbaycan da lüstrasiyadan keçəcək və neçə-neçə ədalət məhkəmələri qurulacaq. O zaman mən ailəmə yaşatdıqlarına görə heç kimsəyə acımayacam. Bu gün Azər Qasımlının üzünə duran və bu saxta işdə imzası olan, Azər Qasımlını 10 illik həbsə göndərən hər kəs ahıl yaşında olsa belə ədalət məhkəməsi qarşısında cavab verəcək.
Hələliksə, qoy, ədalət üzəduranların cəmiyyət içində biabr olması şəklində bərqərar olsun!
Buradakı bütün dostlarımdan xahiş edirəm ki, bu postu paylaşıb insan həyatına balta çalan məxluqları hamının tanımasına yardımçı olasınız.
