Milli Onkologiya Mərkəzindəki (MOM) monitorda xəstələrə verilməli olan dərmanların siyahısı göstərilir.
Onkoloji xəstə həmin dərmanların alınması üçün pul ödəməli deyil. Cərrahiyyə əməliyyatları üçün lazım olan bütün dərmanlar, sistemlər, ən bahalı antibiotiklər, qaraciyər, böyrək çatışmazlığı olan onkoloji xəstələr üçün lazım olan preparatlar bu mərkəzdə xəstələrə ödənişsiz verilməlidir.
Onkoloji xəstələrin kimyaterapiyası üçün də tələb olunan dərmanlar xəstələrə pulsuz verilməlidir. Amma qanunla nəzərdə tutulan bu qayda reallıqda özünü doğrultmur. Onkoloji dərmanlar məhz Milli Onkologiya Mərkəzinin yaxınlığında yerləşən apteklərdə satılır. Ölkəyə əsasən onkoloji dərman vasitələri və preparatları gətirən şirkətlərin başında Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov dayanır. Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair dəfələrlə on milyonlarla məbləğındə müqavilə imzalayıb.
Uzun illərdir Azərbayacana gətirilən dərman vasitələri və preparatlarının monopoliyasının bir hissəsini əlində cəmləşdirə bilən Kəmaləddin Qafarov həm də Milli Məclisin deputatıdır.
www.sehiyye.gov.az saytında nazirliyin tərkibində olan Milli Onkologiya Mərkəzinin www.nco.az, www.oncology.az, www.onkologiya.az internet saytlarında onkoloji xəstələrə dövlət hesabına verilən dərman preparatlarının siyahısının yerləşdirildiyi qeyd olunur.
Web-saytları yoxladıq, sadəcə birincisi açılır. Saytdan bir o məlumatı əldə edə bildim ki, mərkəzin rəhbərliyi bütün günü konfranslarda, xarici ölkələrdədir. Nə dərman siyahısı var, nə ölkədə onlokolji xəstələrin sayı. Burada sadəcə elmi işlər, konfranslar əksini tapıb. Başa düşmədik bu səhifə elm aləmi üçündür, mərkəzin bir işə yaradığını göstərməkdən ötrü özünə lazımdır, yoxsa yerli əhalinin informasiya əldə etməsi üçün nəzərdə tutulub. Bədxassəli şişlərin epidemiologiyası və statistikası şöbəsinin hansı işlə məşğul olduğu saatlarla növbədə dayanan ağır əməliyyat keçirmiş Sona xalanın nəyinə lazımdır?
Ya da MOM-da aparılan elmi işlərin adları, elmi şuranın üzvləri, dissertasiya şurasının fəaliyyət hesabatları 3 dəfə borca-xərcə düşüb yoldaşını Ağsudan müalicəyə gətirən və dərmanların pulunu cibindən ödəyən Baba dayının nə marağındadır? Biz media orqanı olaraq bu saytdan bir məlumat ala bilmirəmsə, onlar necə alsınlar? Doğrusu, saytın nəyə yaradığını anlamadım. Saytda “Onkoloji yardım haqqında” Qanunun adı var, özü yox. (Xalq)
