CəmiyyətGündəm

Yazıçı Şərif Ağayarın ürək dağlayan fikirlərinə, şair Cavid Fərzəlinin təsəllisi…

Şərif Ağayar:
Adam istəyir desin ki, ay vətən, ay bayraq, çox ucasan e…

O qədər ucasan ki, ayağının altında qalırıq.

Öldük sənin üçün, gəncliyimiz, sağlamlığımız, torpaqlarımız getdi.

Xankəndidə sənə baxıb sevincimizdən ağladıq.

Ən yaxşı sözləri yazdıq sənə…

Sən də haqlı olaraq ucaldın, dünyanın ən böyük qələbəsini təmsil etdin.

Amma səni and verirəm 8 noyabra, xəstə balamızı İran çöllərinə atmağa icazə ver…

Dıq elə qaçaq!

Bilirəm çox ədalətlisən, Mir Şahinə inanmırsan, sərhədlərə də ucalıqdan baxırsan…

İtin olaq, qurdun olaq…

Heyvanın olaq, gözəlim!

İmkan ver qaçaq kölgəndən…

Sənin üçün balalarımız öldü…

Öləcək də…

Amma səni Şuşadan asanda, ətəyindən öpəndə belə danışmamışdıq…

Səni müzəffər ölkə başçısının fonunda şəkil, sinifdə lövhə, yaltaq şairlərin şeirində mövzu kimi görməkdən yorulduq…

Hər gün mülk siyahıları yayılan eks məmurların vəsiqəsində emblem olma…

Səni cavan balalarımza bükdük, sığallayıb təsəlli tapdıq…

İcazə ver səmimi sevim səni, məni bambılı yerinə qoyma…

Üç rəngin, üstəlik hilalın var, heç olmasa saplağının bizə bir dıxli osun…

Pis yozna, ümidsiz vaxtı başımıza çırpıb ağlayaq!

İndi sənin şahidliyinlə Rəşad Məcidin bir sözünü oxudum, deyir, nikbin olun, neqativ yaymayın…

Ona deyin Adnan Hacızadədi, Rəsulzadədi, Heydərovdu, Mehdiyevdi, Ağamalıdı-nədi, xanımının iki-üç cüt ayaqqabısı qiymətinə həyatı xilas ola biləcək xəstə qardaşın oğlu əlacsız-əlacsız sənə baxırsa və məğlubiyyət bəhanəsi ilə oğurlanan ömrün eyni şəkildə qələbə eyforiyası ilə oğurlanırsa, pox yemiş ördək kimi dayanırsan və nikbin ola bilmirsən…

De, əziz bayraq…

Yaxşı adamdı…

Hamı yaxşı adamdı, amma nə isə vəziyyət yaxşı deyil…

Cavid Fərzəli:

Şərif Ağayara təsəlli,

İnsan bəzən kədərin sərxoşluğundan da büdrəyir.
Yox, yox, Şərif kişi, sən yıxılmamısan,
bayraq elə ucadır.

Palçıqdı hər yer, biz dirənmərik, balıq kimi sürüşüb çıxarıq,
qalmayarıq divin ayağının altında. Sinəmizə sancarıq o ucalığı.
Narahat olma, bizim baxışımız üçün çoxdan tavan aşağı endirilib.

Ağlama.
İndi hər kəs patriot olub.
Bayrağa elə demə, inciyər bizdən elə bilər ki, bu məmləkətdə
heç kimin ürəyində onun şəkli yoxdur.
Sənin ucalıq dediyin yerdə başqası tender qazanır.
Bəlkə biz nəyin ayağı altında can veririk, onu görə bilmirik?

Bilirsən, biz nə vaxtdan məğlub olduq?
Qələbə günü xəstə uşağın əlacını xeyriyyə fonduna həvalə etdiyimiz andan.
Torpağı aldıq, amma torpağın altındakılara sahib çıxmadıq.

Bir az sakit ol.
Sən çox danladıqca vətən inciyir,
sən belə danışanda yekəqarın polis rəisi səndən çox sevir vətəni.
Ən yaxşısı, danış, amma kədər qədəhini içmədən.

Bax bir, ayaqqabını kim geyib?
Yuxarıdakının dabanı sənin cümlələrinin üstündə parıldayır.
Sən “biz” deyirsən, amma o biz çoxdan onların vizit kartında emblem olub.

Ağlama.
Bayraq günahkar deyil.
Sən onu sevgi ilə yazmısan, onlar onu reklam çarxına çeviriblər.
Sən bayrağa mətn yazmısan, kimlərsə gizli məddahlıq kimi paylaşacaq.
Rəşad Məcidi əsəblərinin ən şöhrətli nöqtəsində qoyma yıxılsın. Bilirəm, möhkəm adamsan, buna dözərsən!

Hamı yaxşı adam olanda heç kim məsul deyil.
…Yaxşılıq bu məmləkətdə elə …bitərəf… deməkdi.
Və biz hamımız bitərəflikdən bataqlığa çevrilmişik.

Ağlama, Şərif kişi.
Sən hələ inanırsan ki, bayraq səni dinləyəcək.
O artıq çoxdan səsini sistemin mikrofonuna ötürür.
Amma yenə də danış. Danış, çünki susanda onlar sənin yerinə vətəni izah edirlər.

Bayraq yerindədi.
Dəyişən bizik.
Və bəlkə də o palçıqda büdrəməyin tək ayıq hərəkətindi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Keçmiş nazir “ölü canlar”a maaş yazmaqda ittiham olunub – VİDEO

admin

Aqil Abbas şəhidin qardaşına birotaqlı mənzil verilməsindən danışdı: – “Dövlətin gücü nəyə çatıbsa, onu verib…”

admin

Xatirə “I lave Moscow” yazdı, müzakirələrə səbəb oldu

redaktor