DünyaTexnologiya

Çip müharibəsi

Bu yazımda çiplər haqda ictimaiyyətdə formalaş(dırıl)mış bəzi mifləri dağıtmağa çalışacam.

 Əvvəl aydınlaşdıraq ki, çip nədir.

Köhnə lampalı televizorları çoxunuz görmüsünüz, yəqin. Onun arxasını açanda orada çoxlu “lampa”lar (diodlar, triodlar – tranzistorlar) və digər teleradiomexanika elementlərini görmək olardı. Bu elementlər teleqüllədən ötürülən radiodalğanı qəbul edir, onu əvvəl elektrik siqnallarına, sonra da bu siqnalları səs və görüntüyə çevirirdilər. Köhnə radiolar da belə idi. Köhnə televizor və radiolar ona görə qalın (enli) idilər ki, bütün detalları yerləşdirmək üçün məkan tələb olunurdu. Onlar hamısı istilik ayırdıqları üçün detallar arasında məsafə qoyulmalı idi.

Sonra radiolar təkmilləşdirildi, onlarda lampaları daha kompakt detallar əvəz etdi. Bunun sayəsində radionun ölçülərini kiçiltmək mümkün oldu. Radionun əsas elementləri tranzistorlar olduğundan SSRİ-də 70-ci illərin 2-ci yarısından artıq daşına bilən kompakt radioları tranzistor adlandırmağa başladılar. Tranzistorların kiçildilməsi radiotexnikada (daha geniş mənada – elektronikada) böyük dəyişikliyə səbəb oldu. Bütün cihazların daxili dizaynı dəyişdi: fəza düzülüş dizaynı müstəvi düzülüş dizaynı ilə əvəz olundu – bu isə cihazları “incələşdirməyə” imkan verdi. Detallar bir plata (əsasən, silisium əsaslı) üzərində müəyyən sxem üzrə yığılırdı. Hər plata elektronika cihazının müəyyən funksiyasına cavabdeh idi. Köhnə lampalı televizor xarab olanda usta onun xarab olan detalını dəyişirdisə, platalı televizorda usta artıq 1 detalı yox, detallar toplusunu (platanı) dəyişirdi.

Platalar mikrosəviyyədək kiçildikdən sonra elektronikanın bu sahəsi mikroelektronika adlandırıldı. Elektronik platada detallar kiçik olsa da onları gözlə görmək, əllə götürmək, hətta platanı təmir etmək olurdu. Mikroelektronik platada isə detallar adi gözlə görünmürdü. Getdikcə nəinki detal, plata da adi gözlə görünməməyə başladı. Məhz belə plata çip adlanır.

Başqa sözlə, çip bizim hamımızın gördüyümüz elektron platanın mikrodan kiçik ölçülü versiyasıdır. Müasir çip hətta onlarla platadan ibarət ola bilər. Artıq çiplər o qədər kiçikdirlər ki, onlar nanometrlə ölçülürlər. 1 nanometr 10⁻⁹ metrə bərabərdir, yəni 1 mm-dən milyon dəfə kiçikdir.

Çip sənayesində hegemonluq kimdədir?

Belə fikir formalaşıb ki, bu sahə ABŞ-ın nəzarətindədir. Bu fikri nisbi doğru hesab etmək olar. Niyə?

Çip sənayesinin əsasında yarımkeçiricilər elmi və sənayesi dayanır. XX əsrdə sürətlə inkişaf etməyə başlamış bu elmin iki əsas mərkəzi var idi: ABŞ və SSRİ. SSRİ-də yarımkeçiricilər elmi nəinki ABŞ-la paralel inkişaf edirdi, bəzi istiqamətlərdə hətta ondan irəlidə idi. Yeri gəlmişkən, vaxtilə AMEA-nın Fizika İnstitutu yarımkeçiricilər fizikası sahəsində SSRİ-nin güclü mərkəzlərindən biri olub, Bakıda kosmik sənaye üçün yarımkeçiricilər hazırlayan zavod var idi. Lakin 70-ci illərin ikinci yarısından etibarən SSRİ bu sahədə geriləməyə başladı. Mikrosxemlərin kiçilməsi istiqamətində elmi-tədqiqat və layihə-konstruktor işləri həddən artıq vəsait (kapital qoyuluşu) tələb edirdi. O vaxt Sovet rəhbərliyi belə qərara gəldi ki, elm və texnikanın bu istiqamətində liderliyə yox, texniki şpionaja pul xərcləsinlər. Çünki elmi-konstruktiv araşdırmalarda, məsələn, on illər vaxt sərf edib, milyardlar xərcləyib, 10 layihədən birində uğur qazanırsan, şpionajla isə az məsrəf və vaxta artıq uğur qazanmış texniki həlli əldə edirsən. Hətta bu həllin bir qismini də əldə etsən, xeyli vaxta və vəsaitə qənaət etmək olur. Bu səbəbdən texniki şpionaj həmişə olub, var və olacaq. Lakin bu qərar Sovetlərdə yarımkeçiricilər elminə kapital qoyuluşunun azalmasına, nəticədə elmi tədqiqatların, layihə-konstruktor işlərinin sönməsinə səbəb oldu. Sonra 80-ci illər gəldi, SSRİ-də aləm bir-birinə dəydi… Qərb SSRİ-nin strateji sahələrini birbaşa və dolayı nəzarətə götürdü… və SSRİ yarımkeçiricilər sahəsində o qədər gerilədi ki, indi Rusiya bu elmdə heç ilk 5-liyə də düşmür.

80-ci illərdə ABŞ yarımkeçiricilər sahəsində dünyanın şəriksiz lideri idi. Bu dövrdə çip sənayesi sürətlə inkişaf edirdi. Paralel olaraq ABŞ şirkətləri xərclərini maksimum azaltmaq, mənfəətlərini maksimum artırmaq üçün bütün sənayeni ölkə xaricinə daşıyırdılar. Faktiki olaraq metropoliya (imperiyanın mərkəzi) sənayesizləşirdi. Bu qeyri-adi tarixi roses idi. Niyə?

Ənənəvi imperiyalar necə olurdu? Bütün dərin emal sənayesi metropoliyada, hasilat və ilkin emal sənayesi müstəmləkələrdə qurulurdu. Nəticədə müstəmləkə xammalı hasil edir və onu ilkin emal edərək (istehsal zəncirinin ən ekoloji çirkli, böyük əmək və enerji tutumlu həlqəsi), ucuz qiymətə metropoliyaya satır, metropoliya isə həmin xammalı dərin emal edib, hazır məhsulu müstəmləkəyə baha qiymətə satırdı. Yəni metropoliya müstəmləkənin zəhməti, xammalı və əhalisi hesabına varlanırdı. Metropoliya sənaye cəhətdən yüksək inkişaf edirdi, müstəmləkələr isə geri qalırdı. Göründüyü kimi, metropoliyanın müstəmləkə üzərində hakimiyyət aləti yüksək texnologiya idi. Buna görə də o texnologiyanın nəinki müstəmləkəyə, digər rəqib metropoliyalara da sızmasına imkan vermirdi. Patent qanunvericiliyi bu məqsədlə yaradıldı. Yəni kimsə texnologiyanı oğurlasaydı da tətbiq etmək imkanı olmasın.

80-ci illərin sənaye köçü imperializmin ənənəvi mənzərəsini pozdu. Metropoliyalar sənayesizləşirsə, müstəmləkələri əldə (tabelikdə) saxlamaq aləti nə olacaq? Məhz bu dövrdə kapitalizmin ideoloqları onun yeni mərhələsinin başlandığı haqda yazmağa başladılar. Onlar bunu kapitalizmin postsənaye mərhələsi adlandırdılar. Bu mərhələ nə ilə xarakterikdir? Kapitalist artıq sənaye ilə yox, patentlər, sertifikatlar, lisenziyalar ilə müstəmləkələri nəzarətdə saxlayır. Yəni bütün sənaye müstəmləkələrdə yerləşir, lakin sənayenin işləməsi üçün “virtual açarlar”ın hamısı metropoliyanın əlindədir. Faktiki olaraq, bu rantye kapitalizmidir.

1980-ci illərin ortalarında ABŞ Tayvanda çip sənayesni inkişaf etdirməyə başladı. O vaxt artıq məlum idi ki, çip sənayesi gələcək hakimiyyətin əsasını təşkil edəcək. Heç bir ölkə təkbaına bu sahə üçün tələb olunan həcmdə kapital ayırmaq imkanında deyildi. Buna görə də Qərb ölkələri, sonradan hətta Çin də bu sahəin imkişafına milyardlarla vəsait qoyublar. Lakin necə etmək olar ki, hər hansı ölkə ona monopolst sahib olmasın? Bu məqsədlə çip sənayesi üzrə istehsal zəncirini parçaladılar: incinirinq (konsepsiyalar, dizayn, texniki həllər, patentlər, lisenziyalar və s.) ABŞ-da, avadanlıq (litoqrafiya) istehsalı Avropada (Niderlandda), çip istehsalı isə Tayvanda təmərküzləşdi. Hər biri öz sahəsində monopolist olsa da bu üçlükən biri olmasa, çip istehsalı dayanar.

Amma bu idael sxem deyil – Çin də məhz onda olan boşluqlardan istifadə etdi. Necə? Növbəti hissədə.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna bu gecə rusların yuxusunu qaçırdı: Görün nələr edib

redaktor

Zənginlər də ağlayır: Milyarderin xanımından təsirli etiraflar (FOTOLAR)

admin

“Biz qarşımıza Ukraynanı məhv etmək tapşırığı qoymamışıq” – Putin

redaktor