ABŞ Macarıstanı Rusiyaya qarşı sanksiyalar siyahısından çıxaracaq, – bunu Macarıstan baş naziri Viktor Orban ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra bildirib.
“”Türk Axını” və “Drujba” boru kəmərləri məsələsində onlara sanksiyalardan immunitet verildi. Bu, ümumi və daimi istisnadır”, – o, jurnalistlərə deyib.
Liderlər həmçinin “Pakş” Atom Elektrik Stansiyasına (AES) sanksiyaların ləğvi barədə razılığa gəliblər. Onun üçün möhlət dekabrda bitməli idi.
Macarıstan baş nazirinin sözlərinə görə, tərəflər nüvə enerjisi sahəsində də razılaşma imzalayıblar. Budapeşt Amerikanın “Westing House” şirkətindən nüvə yanacağı alacaq, Macarıstanda kiçik modul AES-lər tikiləcək.
+++
ABŞ Macarıstanı Rusiyadan neft aldığına görə mümkün sanksiyalardan azad etmək imkanını araşdırır. Bunu ABŞ prezidenti Donald Tramp Ağ evdə Macarıstan baş naziri Viktor Orban ilə danışıqlardan əvvəl deyib.
Trampın sözlərinə görə, Macarıstanın dənizə çıxışı olmadığı üçün “Rusiyadan başqa bir yerdən neft və qaz alması çox çətindir”. “Lakin bir çox Avropa ölkəsinin bu problemi yoxdur və onlar Rusiyadan neft və qaz alırlar”, – o vurğulayıb.
Orban isə Rusiyadan neft tədarükünün həyati məsələ olduğunu söyləyib: “Boru kəmərləri ideoloji və ya siyasi məsələ deyil. Bu, fiziki reallıqdır, çünki, prezidentin izah etdiyi kimi, bizim limanımız yoxdur”.
Oktyabrın sonlarında ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki ən böyük neft şirkəti – “Rosneft” və “Lukoil”a sanksiyalar tətbiq edib və bunu Moskvanın “sülh prosesinə ciddi maraq göstərməməsi” ilə əlaqələndirib. Rusiya hakimiyyəti Qərbin sanksiyalarını qanunsuz sayır.
Orban Trampın Avropadakı əsas müttəfiqlərindən biri hesab olunur. (AzadlıqRadiosu)
