CəmiyyətGündəm

Evlilik yaşının tarixi: keçmişdən bu günə

Orta əsrlərdə İslam və Xristian dünyasında qızlar və oğlanlar üçün evlənmə yaşı anlayışı yox idi. O dövrdə insanların orta ömür yaşı 30–40 il idi. Doğum strateji məsələ sayılırdı, uşaqlar ailənin işçi qüvvəsi hesab olunurdu. Daha çox övlad daha çox əmək gücü demək idi.

Erkən evlənənlərin xüsusi həyat təcrübəsinə də ehtiyacı yox idi. Onların həyatı əsasən heyvanlara yem vermək və torpaq becərməklə keçirdi. Planetin 60–70%-i ömrünün sonuna qədər yaşadığı kənddən kənarda başqa dünya görmürdü.

Fransa inqilabından sonra dövlət kilsədən ayrıldı və tarixdə ilk dəfə evlilik yaşı üçün məhdudiyyət qoyuldu. Napoleon gördü ki, dünya dəyişir, şəhərləşmə prosesi başlayıb. Artıq evli cütlüklər yaşamaq üçün vergi ödəməli, işləyib maaş almalı, bazardan alış-veriş etməli, büdcə planlamalı idi. Buna görə Fransada 1804-cü ildə qəbul edilən “Napoleon Məcəlləsi” ilə qızlar üçün 15, oğlanlar üçün 18 yaş minimum evlilik yaşı kimi müəyyənləşdirildi.

İkinci Dünya müharibəsindən sonra insan haqları anlayışı güclənməyə başladı. Alimlər, psixoloqlar və həkimlər bir araya gələrək araşdırmalar apardılar. Sübut olundu ki, beynin son yetişən hissəsi prefrontal korteks adlanır. Bu hissə 18–25 yaş arasında formalaşır və insanın qərarvermə, məsuliyyət daşıma, nəticəni qiymətləndirmə və emosiyalarını idarəetmə qabiliyyətinə cavabdehdir.

Qadın üçün bioloji və tibbi baxımdan ən təhlükəsiz və sağlam doğum yaşı 18-dən sonradır. “Aybaşı gəldi, deməli doğmağa hazırdır” düşüncəsi düzgün deyil. Aybaşı ilə birlikdə sümüklərin və hormonal sistemin bərkimə prosesi yeni başlayır və bu, 18–19 yaşda tamamlanır. Statistikaya görə, 18 yaşdan aşağı analarda ana və körpə ölümü 60% daha çox olur.

Beləliklə, 1960-cı illərdən etibarən evlilik, səsvermə və hərbi xidmət yaşı 18 yaşdan götürülməyə başlandı. Amma əslində 18 yaş da tam yetkinlik deyil. Bu, beynin formalaşmasının son mərhələsinin başlanğıcıdır. Beyin 25 yaşda tam şəkildə formalaşma prosesini tamamlayır.

Qısası, əvvəllər evlənən uşağın vəzifəsi uşaq dünyaya gətirib toyuğa yem vermək və bildiyi iki-üç yemək növünü bişirmək idisə, indi insan iş tapmalı, pul qazanmalı, vergi ödəməli, kommunal xərclərini qarşılamalı, doğduğu uşağa təhsil verməlidir və daha məsuliyyətli, dözümlü olmağa məcburdur.

Tez tez görürəm uşaqların evlilik yaşı ilə bağlı keçmişdən sitatlar gətirilir, az yaşlıların evliliyi dəstəklənir, yanlışdır. Keçmiş keçmişdə qaldı, o dövrün şərtləri tamamilə fərqli idi. İndiki reallıq və hüquqi normalar tamamilə başqa prinsiplərə əsaslanır.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Reanimasiyaya yerləşdirilən meyxanaçının vəziyyəti necədir?

redaktor

Kamil Zeynallı hərbi polis olub? – Açıqlama

redaktor

Gəncədə tələbələr arasında kütləvi dava – Video+Yenilənib

admin