CəmiyyətSiyasət

AXCP sədrinin həbsdə olan mühafizəçisinə 7 ay geyim məhdudiyyəti qoyulması qanunidirmi?

Mediada yayılmış xəbərlərə əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Kənan Zeynalov həbs olunandan sonra 7 aydır ki, “təcrid vəziyyətində” saxlanılır. Partiya sədri Əli Kərimlinin sözlərinə görə, o, bu 7 ayda tam təcrid vəziyyətində saxlanılıb: “Rejim heç ağır cinayətlər törətmiş terrorçuları Kənan bəy qədər kommunikasiyasız saxlamır. 7 aydır ki, Kənan bəyə ailəsi ilə görüş, hətta telefonla danışıq imkanı belə verilmir. Kənan bəy məhkəmədə dedi ki, məhkəməyə 7 ay öncə həbs olunanda əynində olan paltarla gəlib. Çünki ona indiyə qədər də dəyişəcək paltar çatdırılmasına imkan verilməyib. Qərəz bu həddədir”.

Kənan Zeynalov bu ilin martın 21-də saxlanılıb. O, Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 36 yaşlı bir şəxsi qarın nahiyəsindən bıçaqlamaqda ittiham edilir. Kənan Zeynalov ittihamı qəbul etmir və şərləndiyini bəyan edib. Zeynalov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə təqsirləndirilir. Zeynalovun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır, yəni təqsirləndirilən şəxs hesab edilir.

“Tribunat” hüquq platforması Kənan Zeynalova tətbiq olunmuş məhdudiyyətlərin qanunauyğunluğunu araşdırıb.

“Tribunat”-ın araşdırmasını olduğu kimi təqdim edirik.

Yerli və beynəlxalq penitensiar qanunvericilik istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin hüquqlarını tanıyır və maddi təminatına qarantiya verir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslər müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmək, bağlama, sovqat və banderol almaq, öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda iqlimə uyğun paltarla təmin olunmaq hüquqlarına malikdir.

Qanunun 19-cu maddəsinə əsasən, həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdirlər. 21-ci maddəyə görə, təqsirləndirilən şəxsə paltar təmin edildiyi halda, belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir.

İstintaq təcridxanalarının Daxili İntizam Qaydalarına əsasən də, həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə ayda dörd dəfə 4 saatadək müddətə müvafiq şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Görüşün təqdim olunmasına etiraz edildikdə, həbs edilmiş şəxsin və ya onunla görüşmək istəyən şəxsin ərizəsində etirazın səbəbləri barədə qeyd aparılır.

Epidemioloji və ağır yoluxucu xəstəliklər, təbii fəlakətlər və istintaq təcridxanasının normal fəaliyyət göstərməsinə mane olan digər fövqəladə hallar zamanı görüşlərin təqdim edilməsi müvəqqəti dayandırılır. Həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətinə telefonla danışmaq hüququna malikdirlər. Şəxsin telefon danışıqlarından istifadə etmək hüququ, hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya istintaq təcridxanasında rejimi təmin etmək zərurəti yarandıqda, istintaq təcridxanasının müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər.

Qaydalara əsasən, istintaq təcridxanasına daxil olmuş həbs edilmiş şəxslər mövcud sanitar-epidemioloji normalarla müəyyən edilmiş qaydada tibbi müayinədən və kompleks sanitar təmizləmədən keçirilir, münasib paltarları olmadıqda, habelə bu şəxslərin xidməti fəaliyyəti ilə bağlı xüsusi geyimləri dəyişdirilərək iqlimə uyğun paltarla təmin olunurlar. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir. Habelə, həbs edilmiş şəxslərə bağlama və banderollarda paltarların gətirilməsinə və əldə edilməsinə icazə verilir.

Oxşar normalar regional və beynəlxalq penitensiar sənədlərdə də nəzərdə tutulur. Avropa Penitensiar Qaydalarının 24-cü maddəsinə əsasən, məhbuslara kifayət qədər tez-tez öz ailələri, digər şəxslər və kənar təşkilatların nümayəndələri ilə poçt, telefon və yaxud digər əlaqə vasitələrinin köməyi ilə əlaqə saxlamağa, habelə göstərilən şəxslərin məhbuslara baş çəkməsinə icazə verilir.

Cinayət təqibinin davam etdirilməsi, ictimai qaydanın və təhlükəsizliyin saxlanılması, cinayətlərin qarşısının alınması və cinayətdən zərər çəkmiş şəxslərin müdafiəsi zəruri olduqda, əlaqə və başçəkmələr məhdudlaşdırıla və yaxud nəzarətə götürülə bilər. Lakin belə məhdudiyyətlər, məhkəmə tərəfindən müəyyən olunan xüsusi məhdudiyyətlər daxil olmaqla, minimal əlaqə səviyyəsini saxlamalıdır. Penitensiar müəssisələrin müdiriyyəti məhbuslara xarici aləmlə adekvat əlaqələri saxlamağa kömək edir. Qaydaların 20-ci maddəsinə əsasən, münasib paltarı olmayan məhbuslar iqlimə uyğun paltarla təmin olunurlar. Bu paltar rüsvayedici və alçaldıcı olmamalıdır. Bütün paltarlar yaxşı vəziyyətdə saxlanılmalı və zəruri hallarda dəyişdirilməlidir.

Birləşmiş Millətlər Təşkilatının İstənilən Formada Saxlanılan və ya Həbs Edilən Bütün Şəxslərin Müdafiəsi üçün Prinsiplər Məcmusunun 19-cu Prinsipinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxs, xüsusən də ailə üzvləri tərəfindən baş çəkmək və onlarla yazışmaq hüququna malikdir və qanunla və ya qaydalarla müəyyən edilmiş ağlabatan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla, onlara xarici dünya ilə əlaqə saxlamaq üçün adekvat imkan verilir. 15-ci Prinsipə görə, istisnaları nəzərə almaqla, tutulmuş və ya həbs edilmiş şəxsin xarici aləmlə, xüsusən də onun ailəsi və ya vəkili ilə əlaqəsi bir neçə gündən artıq müddətə rədd edilə bilməz.

Məhbuslarla beynəlxalq minimal standart davranış qaydalarının (Nelson Mandela Qaydaları) 58-ci bəndinə əsasən, məhkumlara lazımi nəzarət altında ailələri və dostları ilə müntəzəm olaraq əlaqə saxlamağa, yazılı şəkildə, mümkün olduqda, telekommunikasiya, elektron, rəqəmsal və digər vasitələrdən istifadə etməklə yazışmaq və görüşməyə icazə verilir.

19-cu bəndə əsasən, öz paltarını geyməsinə icazə verilməyən hər bir məhbus iqlimə uyğun və onun sağlamlığını qorumaq üçün adekvat geyimlə təmin edilməlidir. Bu cür geyim heç bir halda alçaldıcı olmamalıdır. Bütün geyimlər təmiz və lazımi vəziyyətdə saxlanmalıdır. Alt paltarlar gigiyena qaydalarına riayət etmək üçün lazım olduqda tez-tez dəyişdirilməli və yuyulmalıdır. Müstəsna hallarda, məhbus icazəli məqsədlə həbsxanadan kənara çıxarıldıqda, ona öz paltarını və ya digər gözə dəyməyən paltarı geyinməyə icazə verilir. 20-ci bəndə görə, məhkumlara öz paltarlarını geyinməyə icazə verilirsə, onların cəzaçəkmə müəssisəsinə qəbulu zamanı onun təmiz və istifadəyə yararlı olmasını təmin etmək üçün tədbirlər görülməlidir.

“Tribunat” bu dövrə qədər müxtəlif keyslərin nümunəsində həbs edilmiş şəxslərin yaxınları və vəkilləri ilə telefon danışığı və görüş problemini əhatəli işıqlandırdığından, bu problemin təhlilini yenidən təkrarlamağa ehtiyac qalmır, əhatəli təhlil edilməsi məqsədəuyğun deyil. Xüsusən, siyasi məhbuslar bu problemlə penitensiar müəssisələrdə mütəmadi qarşılaşırlar və onun simptomatik xarakter daşıdığını söyləmək olar. Burada diqqətəlayiq məqam K. Zeynalovun paltarlarına aiddir.

Yerli qanunvericilik, gigiyena-sanitariya məqsədlərindən irəli gələrək, həbs edilmiş şəxslərin uyğun paltarla təmin edilməsini və bağlama/banderollar vasitəsilə paltarlar almaq imkanını tanıyır. Nazirlər Kabinetinin “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” Qərarının 5 nömrəli Əlavəsinə əsasən, istintaq təcridxanalarında saxlanılan həbs edilmiş şəxslərin geyim əşyaları ilə təminatının aşağıdakı normaları təyin edilib:

Zeynalovun saxlanılmasından müvafiq xəbərin yayılmasına qədər həbsindən 7 ay keçib, bu isə iki fəsilin – yaz və yay fəsillərinin dəyişdiyini ifadə edir. Bu dövr ərzində paltarların aşınmasını, iqlim şəraitini və gigiyena-sanitariya məsələlərini də nəzərə alaraq, müvafiq paltarlarla təmin edilməməsi və edilməsinə əngəllər yaradılması onu alçaldıcı rəftara məruz qoyur.

Həbs yerində saxlanılan şəxslərin geyim təminatına dair problemlər yerli mediada və müvafiq hesabatlarda mütəmadi şəkildə işıqlandırılır. Məsələn, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin Fəaliyyətinə dair 2023-cü il üzrə hesabatına əsasən, penitensiar müəssisələrdə geyim əşyalarının təmin edilməsinə, onların gigiyenik-sanitar vəziyyətdə olmasına dair problemlər aşkarlanıb. Məsələn, 13 saylı Cəzaçəkmə Müəssisəsində Milli Preventiv Qrup paltarların köhnəldiyini, 14 saylı Cəzaçəkmə Müəssisəsində paltarların mətbəxdə saxlanıldığını, Penitensiar Xidmətin Müalicə Müəssisəsində isə məhkumların geyim əşyaları ilə təmin olunmadığını müşahidə ediblər.

İstintaq təcridxanasında saxlanılan şəxsin aylarla uyğun geyim əşyaları ilə təmin edilməməsi alçaldıcı rəftara və onun yerli və beynəlxalq qanunvericiliklə qorunan hüquqlarının pozulmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra – AİHK) 3-cü maddəsi bu cür rəftarı qadağan edir.

Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – AİHM) praktikasına əsasən, “alçaldıcı rəftar” və “ləyaqət” anlayışları arasında güclü əlaqə vardır (Buyi Belçikaya qarşı, §90). Rəftar fərdi alçaldan, onun insan ləyaqətinə hörmətsizlik nümayiş etdirən və ya qorxu, əzab və ya şəxsiyyətin mənəvi və fiziki müqavimətini qıra biləcək hissləri oyadırsa, bu, ləyaqəti alçaldan rəftar kimi səciyyələndirilə və 3-cü maddənin qadağan etdiyi münasibətlərə aid edilə bilər (Varqa və digərləri Macarıstana qarşı, §70).

AİHM bir neçə, o cümlədən Azərbaycana qarşı qərarlarında təməl sanitariya-gigiyena qaydalarının pozulmasının şəxsin AİHK-in 3-cü maddəsi ilə qorunan alçaldıcı rəftara məruz qalmamaq hüququnun pozuntusu olduğuna qərar verib. Ananyev və digərləri Rusiyaya qarşıLongin Xorvatiyaya qarşıİnsanov Azərbaycana qarşıƏliyev Azərbaycana qarşı işlərdə AİHM gigiyena-sanitariya qaydalarına uyğun olmayan cürbəcür məsələləri – kameraların zəif havalandırılması, tualet zonasının ayrılmaması, saxlanılan şəxslərin tualetdən istifadə etmək və duş qəbul etmək imkanlarının məhdudlaşdırılmasını Konvensiyanın 3-cü maddəsinin pozuntusu kimi tanıyıb.

Sirr deyil ki, Kənan Zeynalovun 7 ay saxlandığı istintaq təcridxanasında uyğun geyim əşyaları ilə təmin edilməməsi və edilməsinə maneələr yaradılması alçaldıcı rəftar kimi təfsir olunaraq onun hüquqlarının pozulmasına gətirib çıxarır.

“Tribunat” yekun olaraq bildirir ki, AXCP sədrinin mühafizəçisi Kənan Zeynalovun geyim əşyalarının təminatında üzləşdiyi problemlər alçaldıcı rəftara bərabərdir.

Yerli və beynəlxalq qanunvericilik həbs yerlərində saxlanılan şəxslərin iqlimə, sanitariya-gigiyena qaydalarına və aşınmaya uyğun geyim əşyaları ilə təmin olunması hüququnu tanıyır və normalar tətbiq edir. Heç bir səbəb göstərilmədən Zeynalovun uyğun geyim əşyaları ilə təmin olunmaması və olunmasına maneə yaradılması onun alçaldıcı rəftara məruz qalmamaq hüququnu pozur.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kişilərə niyə kirayə ev verilmir?

redaktor

“Bu gün 4 kanal var ki,onları bağlayardım”

redaktor

Bayden prezidentlik yarışından niyə geri çəkilib? – Səbəbini açıqladı

redaktor