DünyaSiyasət

Zəfər şücaətlə başladı, suverenliklə tamamlandı.

8 noyabr tarixində, Şuşanın işğaldan azad olunması günündə Azərbaycanda “Zəfər Günü” bayramı qeyd olunur. Bu rəmzi gündür və təbii ki, 8 noyabrın bayram olaraq qeyd olunması normaldır, amma və lakin bir siyasi analitik olaraq, regional, hərbi, siyasi və ən əsası tarixi müstəvidə gerçək “Zəfər Günü”nü digər günü hesab edirəm.

8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur, bu tarix 2020-ci ilin 44 günlük müharibəsinin başa çatmasını və Azərbaycanın tarixi üçün xüsusi əhəmiyyət daşıyan Şuşa şəhərinin azad edilməsini simvolizə edir.

Münaqişəni daha geniş tarixi və geosiyasi kontekstdə nəzərdən keçirdikdə aydın olur ki, 8 noyabr nə münaqişənin sonu, nə də əsl siyasi qələbə idi, bu, sadəcə onun bir mərhələsiydi.

1980-ci illərin sonlarında Sovet KQB-si və partiyanın elitası SSRİ-nin dağılmasının qaçılmazlığını görərərək milli zəmində gərginliklərdən gələcəkdə manipulyasiya vasitəsi kimi istifadə etmək üçün onları alovlandırırdı. Elə həmin illərdə ermənilər və azərbaycanlılar arasında süni yaradılmış münaqişə hər iki xalqın gələcək suverenliyinin altına qoyulmuş “gec partlayan mina” idi.

SSRİ dağıldıqdan sonra Moskva bu münaqişəyə nəinki nəzarəti itirmədi, hətta əksinə, gücləndirdi və münaqişəni Cənubi Qafqaz üzərində təsir alətinə çevirdi. “Sülhməramlılıq”, “vasitəçilik” və “təhlükəsizlik missiyası” adı altında Rusiya uzun illər ərzində həm Azərbaycanı, həm də Ermənistanı öz asılılıq dairəsində saxladı.

2020-ci ilin Qələbəsi hərbi idi, lakin siyasi deyildi. 2020-ci ildə Azərbaycan öz torpaqlarının böyük hissəsini azad etdi, lakin 10 noyabrda imzalanmış sənədə görə Rusiya Dağlıq Qarabağda artıq bilavasitə hərbi mövcudluğunu təmin etmişdi, bu azmış kimi, hələ də Zəngəzur dəhlizinə nəzarəti de-fakto və de-yure ruslara vermək məcburiyyətində idik. Sizcə komunikasiyalara nəzarəti əldə edən Rusiya regionda zəifləmiş olacaq idimi? Təbii ki, yox, hətta əksinə, daha da güclənəcək idi, amma fərqli konfiqurasiyada. Nəticə etibarı ilə Rusiyanın “sülhməramlı” qüvvələri Azərbaycan ərazisində qaldı və münaqişə formal olaraq davam edirdi, sadəcə fərqli formada.

Əslində, Rusiya regiona nəzarəti qoruyurdu, Bakı və İrəvanın qeyri-müəyyənlik və asılılıq vəziyyətində qalmasını təmin edirdi və heç də bunu gizlətmirdi. Putinin o ərəfələrdə dediyi sözləri xatırlamağa təklif edirəm:”DQ-nin statusu gələcək nəsillərin işidir”.

Sonraki geosiyasi hadisələr, Rusiyanın 2022-ci ildə 24 fevral-1 mart fiaskosu və qlobal olaraq bütün geosiyasi cəbhələrdə davamlı zəifləməsi Cənubi Qafqazda da güc balansına təsir etdi və müəyyən münbit şərait yarandı. Nəticədə 20 sentyabr 2023-cü ildə, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirərək ölkənin tam suverenliyini bərpa etdikdə, Qarabağ məsələsinin həqiqi həlli baş verdi.

20 sentyabrda sadəcə hərbi əməliyyat deyil, imperiya, sovet və postsovet dövrlərindən miras qalmış xarici nəzarət sistemindən qopma idi.

Məhz həmin vaxt Rusiya illərlə münaqişəni bəsləyən mexanizmlərdən məhrum oldu və “zəruri vasitəçi” rolunu itirdi.

Bu səbəbdən 8 noyabrı Azərbaycan əsgərinin qəhrəmanlıq və şücaət günü kimi anmaq lazımdır – bu, millətin birliyinin və hərbi iradəsinin rəmzidir.
Lakin həqiqi Qələbə Günü, əgər onu tarixi, siyasi baxımdan dəyərləndirsək, 20 sentyabr 2023-cü ildir.

Və nəhayət sonda, fikirlərimi Mustafa Kamal Atatürkün dediyi sözlərlə bitirmək istəyirəm.

– Bir millət təhsillilər ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələrin verməsi, ancaq təhsillilər ordusuyla mümkündür.

Müharibəni qazandıq, haqlı olaraq qazandıq, amma xalq olaraq bilirsiniz nə zaman qazanacağıq? Gerçək dəyəri daşa, dəmirə, torpağa, qızıla yox, İNSANLARIMIZA verəndə. İnsanlara dəyər verməyə başlayanda.

Atatürkdən bir sitat da gətirəcəm:”Heç bir zəfər məqsəd deyildir. Zəfər ancaq özündən daha böyük bir məqsədə çatmaq üçün lazım olan və ən mühüm vasitədir”.

Bizim ali məqsədimiz isə İNSANLARIMIZ olmalıdır.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyevin “romantika”sı: Qışda çimərlik macərası – REPLİKA

redaktor

Hulusi Akar: “Türkiyənin Azərbaycana dəstəyi davam edir”

redaktor

Zelenski təhlükəsizlik zəmanətinə inanmır

redaktor