Mənim üçün vətən yalnız səngər yox, həm də qələmin dili, bir insanın zehin işığı, bir uşağın anasına dediyi ilk sözdür. Vətən olmaq savaşdan çox, ruhun yetkinliyidir. Bəli, Mən Polad Həşimov kimi ruh yetkinliyini nəzərdə tuturam. Bu məmləkət uğrunda biliyi, elmi ilə döyüşən bütün yetkin ruhları nəzərdə tuturam!
Hər xalq bu doğmalığı öz dilində səsləndirir ingilis də, yapon da, türk də eyni hissi fərqli səslə ifadə edir.
Şəhidlik mənim üçün insanın tale yazısıdır; bu mərtəbədə insan öz faciəsini bayram edir. Hər şəhid həm bir itki, həm də xalq yaddaşına yazılan bir dirilikdir. Ulu Tanrıdan şəhid qardaşlarıma rəhmət diləyirəm.
Məni həmişə bir fikir düşündürüb, Vətəni sevmək borcdur
–deyənlərdən bu torpaq ən çox xəyanət gördü. Mənim üçün isə vətəni sevmək borc deyil, insansal davranışdır; təmənnasız, təbii. Mən baharam, Azərbaycanın hər çiçəyini sevirəm.
Vətən sevgisini pafos adlandırmaq, məncə, başqa bir ideyanın xəyanətidir. Övladıma Özgür adını qoyanda içimdə bir səs doğuldu…Azərbaycan doğulmusan…O misra illərlə içimdə böyüdü və bir gün bu şeirə döndü.
Bəzən düşünürəm ki, bəlkə də vətən dediyimiz elə insanın öz yaddaşıdır uşaqlığı, anasının səsi, torpağın qoxusu. Mənim üçün Azərbaycan doğmalığı olan bir evdir.
Azərbaycan
Kəhər səmadan Tanrı dərib adını,
Ey milyon çırağın körpə işığı.
Küləklərin dizləri öpür torpağı,
Kağız göyləri bulud hərflər yazar.
Hər axşam barmağında ulduz doğar,
Yer üzündə bir şəfəq ləpirisən.
Sən bir ağac doğulmusan
gözlərimin budağında,
boyun göylərin harayı,
əllərin palıd yarpağı.
Həsrətin saçından örpəyin açar,
elin yaddaşından ayrılıq köçər.
Səndən solğun xəzəldir yurdumun üzü,
Azərbaycan!
Bir ana laylasında azadlığın övladısan.
Küçələr oyanar qundaq yuxusundan,
Hər səhər bir vətən yuxusu böyüyər.
Dağların sinəsində duman yanar,
Səhranın xəyalından bir çay axar.
Xarıbülbül nəğmə dərir ürəklərdən,
Hür qələmin mürəkkəbi çiçək açır.
Nar yanaqlı bayrağında
Ay işığı üzün yuyur.
Gözlərinin sübh çağında
Günəş üz qoyur pəncərənə,
Azərbaycan!
