Təhsilimizin vəziyyətini və dərsliklərin səviyyəsini kənardan müşahidə edən biri kimi bizdə də bu və ya buna bənzər mövzuların aktual olmasını nəzərə alaraq Rusiyanın bir neçə məktəbində olmuş hadisə barədə müzakirə açmağı məqbul hesab etdim.
Müəllim keçilmiş mövzu ilə əlaqədar beşinci sinifdə şagirdləri imtahan edib. Mövzu A. S. Puşkinin yaradıcılığıdır. Verilən suallar sosial şəbəkələrdə paylaşılıb və rezonans yaradıb.
Suallara baxaq:
1) Nağıldakı şahzadə qız nədən imtina etdi?
Variantlar: araq, şərab, siqaret, bal arağı.
2) Şahzadə qızın düşdüyü komada kim yaşayırdı?
Variantlar: cəngavərlər, igidlər, bomjlar.
3) Qəzəbli şahzadə nədən öldü?
Variantlar: qəzəb, qüssə, qrip, QİÇS (SPİD).
Bunları birtəhər ötüşdürmək olardı, amma indi aşağıda qeyd edilən məsələ, həqiqətən, müzakirə aparılan forumda silkələnmə yaradıb.
Bir valideyn yazır ki, müəllim ev oxusu kimi Puşkinin “Kapitan qızı” əsərini oxumağı tapşırıbmış və oğlundan oxuduğu fəslin qısa məzmunu soruşanda uşaq deyib: “Onlar çölün düzü ilə gedirdilər. Qar fırtınası başlamışdı. Yolu azdılar. Bərk üşüyürdülər. Qarşılarına bir gey çıxdı və onlara kömək etdi. Həmin gey yaxşı adam imiş. Yolu onlara izah edib”.
Orijinalda belədir: “Гей! Добрый человек! Скажи, не знаешь ли, где дорога?”. Valideyn, əlbəttə ki, uşağın bu cür anlamağından dəhşətə gəlib.
Başqa bir valideyn yazır ki, sinifdə Puşkinin aşağıdakı dördmisralığına (“Yevgeni Onegin” mənzum romanından) şəkil çəkmək tapşırığı verilib:
“Бразды пушистые взрывая,
Летит кибитка удалая.
Ямщик сидит на облучке,
В тулупе, в красном кушаке”.
Şagirdlər çox qəribə şəkillər çəkiblər. Onlardan ən qeyri-adi, gülməli və eybəcər olanı belə imiş:
“Üstüörtülü araba”, yaxud elə “kibitka” (кибитка) sözünü uçan boşqab zənn edən şagird “xovlu cilov”u (bizimkilər tərcümədə “qamçı” yazıblar) nəsə qəribə tüklü mifik varlığa bənzədib. Şəkildə hələ o varlığın partlayıb yandığını da təsvir edib. “Yamçı” (ямщик) sözünü çuxur qazan adam hesab edən şagird onun buludlar üzərində (“облучка” əslində “qozla” deməkdir, faytonda sürücü oturan yerə deyilir) uçduğunu çəkib. Aşağıda iki şəkil var: biri kitaba çəkilən illüstrasiyalardan biridir, digəri isə şagird təxəyyülünün “bəhrə”sidir.
Nəticədə, çox sözlərin çaşqınlıq yaratdığı, arxaizmə çevrildiyi, əksər hallarda heç müasir valideynlərin də anlamadığı bir vaxtda klassik ədəbiyyatı tədris etməyin nə dərəcədə düzgün olub-olmamağı valideynlər və müəllimlər arasında müzakirəyə səbəb olub. Bir qisim insanlar vaxtilə sovet dövrünün məktəb illərində də bu sözlərin işlənmədiyini, lakin məktəbdə öyrədildiyini deyir, bir qisim də müasir dövr müəllimlərinin dərsi — xüsusilə ədəbiyyat fənnini düzgün tədris etmədiyini, yaxud da müəllimlərin özlərinin biliyinin kasad olmasından şikayətlənir.
Üçüncü qisim valideynlər isə klassik ədəbiyyatı müasir dövr üçün mənasız və artıq yük hesab edir… Ki, bu da artıq haradan baxsan, məntiqə sığmır.
Məlum məsələ o qədər böyüyüb ki, artıq filoloq-alimlər bu halı töhmətləyərək, məktəblərdə fənn müəllimlərinin məlumatsızlığından, savadsızlığından və səriştəsizliyindən rəncidə olublar.
Çox təəssüf ki, vəziyyət bizdə də ürəkaçan deyil…

