CəmiyyətHadisə

Məhkəmə Əli Kərimlinin mühafizəçisinin bütün vəsatətlərini rədd edib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvlərindən biri – partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi kimi tanınan Kənan Zeynalovun (Basqal) məhkəməsi başlayıb.

Noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasına hakim Mahirə Kərimovanın sədrliyi edib.

“Azadlıq Radiosu”nun məlumatına görə, iclasda Kənan Zeynalovun vəkili Nazim Musayev müdafiə etdiyi şəxs barəsində cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. O bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi yoxdur.

İttihama görə, Kənan Zeynalov paytaxtın Yeni Günəşli qəsəbəsində Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirib. Lakin o, özünü təqsirli bilmir və həbsi əvvəlcədən hazırlanmış ssenarinin nəticəsi adlandırır.

Vəkil məhkəmədə qeyd edib ki, iş materiallarının təhlili də bu iddianı gücləndirir:

“İddia olunur ki, Kənan Zeynalov hadisədən sonra əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Amma sənədlər göstərir ki, polislər elə hadisə yerində olublar. Hətta təcili yardım maşını da orada olub. Əgər zərərçəkənin həyatı təhlükədə idisə, niyə Suraxanı rayonundakı və ya yaxınlıqdakı tibb müəssisələri deyil, məhz Nəsimi rayonundakı xəstəxanaya aparılıb?”

Nazim Musayev həmçinin müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı da vəsatət verib. O, məhkəmədən xahiş edib ki, cinayət işinə xitam verilməsə belə, hökm çıxarılanadək Zeynalov azadlıqda – ev dustaqlığında saxlanılsın.

Hakim Kənan Zeynalovun ifadə vermək istəyini “hazırlıq iclası mərhələsində buna ehtiyac yoxdur” deyərək qəbul etməyib.

Nəticədə, hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. İş üzrə məhkəmə baxışı noyabrın 20-nə təyin olunub.

Kənan Zeynalov bu ilin martın 21-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qarabağ Universitetindən VİDEO

redaktor

Priqojinin kafesində GÜCLÜ PARTLAYIŞ: Vladlen Tatarski öldü – VİDEO

redaktor

Əli Həsənovun villası gözətçiyə qalıb

admin