Audit hər il AzTV-də yoxlama aparır, bu dəfəki yoxlama bir az fərqlidir, çünki nə az, nə çox, üst-üstə düz 26 milyon manat yoxa çıxıb və bu barədə məlumat verilib. Milyon sözünü rəqəmlərlə yazsaq, 6 ədəd sıfrı olan rəqəm alınır – 26 000 000.
Ortada bu boyda itki var, di gəl ki, ayıba susmaq əvəzinə AzTV rəhbərinin məziyyətlərinə burda ard-arda qarşıma çıxan diferambalar başlayıb: bəs deməzsən, çox insan adamdır, peşəkar jurnalistdir, gözəl menecerdir, dövlətini sevir, İlham Əliyevin kursuna sadiqdir. Olsun. Amma bu necə olur ki, insan adamın, peşəkar jurnalistin, gözəl menecerin, dövlətçi, İlham Əliyevin kursuna sadiqin (burda qeyd edim ki, İlham Əliyevin kursu ilə mənimsəmə arasına nə əlaqə var?) rəhbəri olduğu qurumda 26 000 000 manat (müxtəlif vaxtlarda) yoxa çıxır? Ortada yoxa çıxmış 26 milyon manat var, sən demə bir nöqsan imiş, audit də tövsiyəsini verib çıxıb gedib öz işinə. Küləkdi də, əsdi keçdi.
Haqlısız, küləkdi, əsdi, yatacaq. Bu ölkədə ona görə Ramiz Mehdiyevərin taladıqları, oğurladıqları milyonlar, milyardalar “nə olsun, oldu, ötdü” deyilib küləyə çevrilə bilir ki, cəmiyyət də onun iştirakçısı və şərikidir, özünün susqunluğu, ətaləti və laqeydliyilə.
Rövşən Məmmədova dəxlisiz təriflərin səbəbi başa düşüləndir, iş yeri çörək ağacıdır, onu itirmək çox çətindir. Amma bir hərəkəti etmək çətin deyil axı: yarınmamağı. Ayıba susmaq mümkündürsə, yarınmamaq da mümkündür.
Rövşən Məmmədov problemini təbii ki, özü həll edəcək, amma diferambalara ehtiyacı yoxdur, çünki onun dəxlisiz tərifləri qulaqardına vurmaq kimi bir məziyyəti də var. Dedim ki, biləsiz və eybəcər görünməyəsiz.
