Həbsdə olan iqtisadçı Fazil Qasımovun səhhətində ciddi problemlərin yarandığı, buna baxmayaraq hələ də tibb məntəqəsinə köçürülmədiyi bildirilir.
Bu barədə iqtisadçının qardaşı Nazim Qasımov noyabrın 7-də “Toplum TV”-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, F.Qasımov üç həftədir 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. İqtisadçının müəssisə rəhbərliyindən şikayəti olmasa da, o, səhhətində ciddi problemlərin yarandığını xəbər verib.
“Fazil həbs olunandan öncə Türkiyədə mədəsindən əməliyyat olunmuşdu. Həbs dövründə isə həbsinə etiraz olaraq uzunmüddətli aclıq aksiyaları keçirdi. İndi də yenə mədəsində ağrılar yaranıb, qida qəbul edəndə çox əziyyət çəkir. Deyir ki, bir həftədən çoxdur səhərlər ağzından qan gəlir”, – N.Qasımov bildirib.
F.Qasımovun dediyinə görə, müəssisə həkimi onun səhhətindəki problemləri qeydə alıb və o, müəssisənin tibb məntəqəsinə köçürülməsi üçün müraciət edib. Lakin hələ də tibb məntəqəsinə köçürülməyib.
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.
Özü isə ittihamı rədd edir.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O da ittihamları rədd edir.
Ötən ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib. (ToplumTV)
Tacxeber.com
Bizimlə əlaqə: [email protected]
