4 noyabrda 34 yaşlı Zohran Mamdanı elə 1-ci turdan 50,4% səslə ABŞ ən böyük və vacib şəhərlətindən biri Nyu-Yerkun meri seçildi. Xatırladıram ki, Uoll-Strit bu şəhərdə yerləşir, buna görə də Nyu-York ABŞ-ın maliyyə paytaxtı sayılır. 01.01.2026 tarixindən mer kimi fəaliyyətə başlayacaq.
Niyə Mamdaninin seçilməsi dünya mediasında böyük hay-küyə səbəb oldu?
Mamdani Nyu-Yorkun:
ilk müsəlman,
ilk Afrikada doğulmuş,
ilk Hindistan əsilli,
1896-cı ildən bu yana ən cavan
meri oldu.
Mamdani kimdir?
Zohran Kvame Mamdani 18 oktyabr 1991-ci ildə Uqandanın paytaxtı Kampalada anadan olub. Valideynləri Hindistan əsillidir. Atası Mahmud Mamdani Kampala Beynəlxalq Universitetinin rektoru, antropologiya, politologiya və afrikaşünaslıq üzrə professor (hazırda: Kolumbiya Universitetinin professoru), anası Mira Nair kinorejissordur (hazırda Hollivudda rejissor və prodüser) – 2 dəfə Kann kinofestivalının prizini alıb, 2 dəfə “Oskar” mükafatına nominant olub. Valideynləri Zohrana ikinci adı (Kvame) inqilabçı, Qananın ilk baş nazıri (1957-1960) və ilk prezidenti (1960-1966) sosialist Kvame Nkrumanın (1909-1972) şərəfinə veriblər.
1998-ci ildə Zohranın ailəsi Nyu-Yorka köçüb. 2014-ci ildə Zohran Boudin-kollec universitetində afrikaşünaslıq üzrə bakalavr dərəcəsi alıb. Kollecdə “Tələbələr Fələstində ədalət uğrunda” təşkilatının yerli bölməsinin yaradıcılarından biri olub.
Konkret bir iş yeri olmayıb. İctimai işlərdə könüllü kimi, Nyu-York şəhər şurasına, senatına seçkilərdə müxtəlif şəxslərin qərargahlarında siyasi təcrübə toplayıb. 2017-ci ildə Amerikanın ən böyük sosialist birliyi olan “Amerika demokratik sosialistləri” (DSA, ~80 min üzvü var) təşkilatına daxil olub.
Siyasətlə bərabər musiqi ilə də məşğul olub. Hip-hop pərəstişkarı kimi replər yazıb və onlara prodüserlik edib. 2016-cı ildə Young Cardamon psevdonimi altında uqandalı reper HAB ilə birgə “Sidda Mukyaalo” (uqandaca “Biz kəndə qayıtmayacağıq”) albomunu buraxıb. Həmin il anasının çəkdiyi “Kraliça Katve” filminin sauntrekinə prodüserlik edib.
2020-ci ildə DSA-nın dəstəyi ilə Nyu-York ştatının assambleyasına (ştatın qanunverici orqanı) seçilib. 2021-ci ildə Nyu-York taksistlərinin 15 günlük aclıq aksiyasında iştirak edib. 2022 və 2024-cü illərdə assambleyaya təkrar seçilib.
Radikal sosialist (trotskistlərə yaxın) və müsəlmandır, 12 imama inanan şiədir. İsrailin Qəzza siyasətini aparteid adlandırır.
Trampın dövründə İmmiqrasiya və Gömrük Polisinin (ICE) fəaliyyətini kəskin tənqid edir və onları “faşist” metodu adlandırır. Buna cavab olaraq Tramp Mamdanini “yüz faizli dəli kommunist” adlandırdı.
ABŞ və Uqanda vətəndaşıdır. İngilis, hindi, benqal, ispan və ərəb dillərində danışır. Həyat yoldaşı Rama Duvaci rəssamdır.
2024-cü ildə Nyu-York meri seçkilərində iştirak edəcəyini elan edib.
Seçki kampaniyasında nələr vəd edib?
10 il ərzində Nyu-Yorkda əlçatan qiymətə 200 min mənzil tikdirəcək.
Mənzil kirayəsi qiymətini “donduracaq”.
Avtobuslarda gedişi pulsuz edəcək.
Məktəbəqədər təhsili pulsuz edəcək.
Şəhərin hər rayonunda munisipal dükanlar açacaq – bu dükanlarda qiymətlər meriya tərəfindən tənzimlənək və ucuz olacaq.
Minimal saatlıq əmək haqqını $30-a qaldıracaq (01.01.2025 tarixindən bu göstərici Nyu-Yorkda $16,5-dır)
Özünün “Daha sağlam Nyu-York üçün məktəblər” proqramı çərçivəsində 500 məktəbdə günəş panelləri quraşdıracaq.
Nyu-Yorku seksual azlıqların sığınacağına çevirəcək.
Polisin sayını kəskin azaldacaq.
Nyu-Yorka gələrlərsə, Netanyahunu və Putini həbs edib, BCM-ə təhvil verəcək.
Nyu-Yorkda şirkətlərinin İsrail dövləti və ya şirkətləri ilə əməkdaşlığını qadağan edəcək.
Qeyri-leqal miqrantlaın şəhərdən deportasiyasına imkan verməyəcək.
Bəs bunları həyata keçirmək üçün vəsaiti hardan tapacaq?
Mamdani şirkətlərə və varlı adamlara vergiləri artırmaqla şəhər büdcəsinə əlavə $9 milyard cəlb edəcəyini düşünür.
İndiki hakimiyyət 2 səbəbdən onun seçilməsini istəmirdi:
1. İsrailə qarşı sərt mövqeinə görə,
2. Varlıların cibinə girmək niyyətinə görə.
Onun demokrat olması respublikaçıları narahat etmirdi. Onsuz da Nyu-York ştatı ənənəvi olaraq demokratların əlindədir. Ştatın qubernatoru da demokratdır. Mamdaninin əsas rəqibi Əndyu Kuomo da demokratdır. Maraqlı budur ki, seçkilərdə respublikaçılar Kuomonu müdafiə edirdilər. Hətta 3 noyabrda İlon Mask X hesabından birbaşa müraciət etdi ki, Kuomoya səs versinlər. Eyni gündə Tramp da yazdı ki, Mamdani seçilsə, şəhərin federal büdcədən maliyyələşdirilməsini dayandıracaq.
Yəhudilər isə Mamdaninin əleyhinə təbliğata onmilyonlarla dollar xərclədilər. Xeyri olmadı.
İnsafən, onun rəqibləri də güclü deyildilər. Kuomo Nyu-York ştatının sabiq qubernatoru olub, korrupsiya qalmaqallarına görə hətta cinayət məsuliyyətinə cəlb olunub. Digər namizəd Erik Adams hazırkı merdir – o da dəfələrlə korrupsiya əməllərində ittiham olunub. Haqqında cinayət işi açılmışdı, Tramp ona xidmət müqabilində bu işə “tormoz” verdirdi. Əslində, seçkiyə qədərki rəy sorğularında Kuomonun reytinqi 30%-i keçmirdi, Mamdaninin reytinqi isə 65-70% arasında dəyişirdi. Görünür, Maskın və Trampın son təbliğatının güclü təsiri olub.
Seçiləndən sonra seçiciləri qarşısında çıxış edən Mamdani deyib: “Böyümək üçün əlimdən gələni etsəm də mən gəncəm. Müsəlmanam. Demokratik sosialistəm. Ən pisi isə odur ki, bütün bunlara görə üzr istəməkdən imtina edirəm”.
Trampın hədəsinə isə belə cavab verib: “Nyu-York immiqrantlar şəhəri olaraq qalacaq, immiqrantlar tərəfindən tikilmiş, immiqrantlar tərəfindən idarə olunan və bu gecədən etibarən immiqrant tərəfindən başçılıq edilən şəhər olacaq. Buna görə də, Prezident Tramp, məni eşidin: hər hansı birimizə çatmaq üçün siz hamımızdan keçməli olacaqsınız”.
Nə baş verəcək?
Artıq Nyu-York varlıları şəhərdən köçməyə başlayıblar. Şəhərin sakinlərinin 25%-ə qədərinin köçəcəyi ehtimal edilir. Respublikaçı ştatlar Nyu-York “qaçqınlarının” miqrasiyasına hazırlaşırlar. Respublikaçılar demokratların onların ştatlarına gəlməsini istəmirlər, bu Konqresə seçkilərdə demokratların üstün gəlməsinə, “qırmızı” ştatların “göyərməsinə” səbəb ola bilər. Pandemiya vaxtı çoxlu nyu-yorklu Corciya ştatına köçmüşdü, bunun nəticəsində ənənəvi respublikaçı ştat tərəddüd edən ştata çevrildi. Demokrat Kaliforniya ştatından respublikaçı Arizona ştatına köç isə onu demokrat ştata çevirdi. Maraqlı da burasıdır ki, demokrat ştatların sakinləri özlərində baş verən özbaşınalıqdan can qurtarmaq üçün qanun-qaydanın olduğu respublikaçı ştatlara köçürlər, lakin yeni məskənlərində də demokrat ideyalarını təbliğ edirlər. Buna görə də, məsələn, Texas Nyu-York “qaçqınlarının” qarşısını almaq üçün 100%-lik tarif təyin etməyə hazırlaşır.
Varlılar köçərsə, Mamdani vədlərinin icrası üçün vəsaiti hardan tapacaq? Ümumiyyətlə, Mamdani solçu populistdir. Bizim Nizami Süleymanova oxşayır. Lakin Mamdaninin seçilməsi ABŞ cəmiyyətinin xəstəliyinin simptomudur.
Nyuton demişkən, təsir əks-təsirə bərabərdir. Trampın sağçı populizmi demokratların solçu populizminə rast gəldi və bu dəfə məğlub oldu. Belə görünür ki, Trampın uğursuzluqları ilə barəbər ABŞ-da ifrat solçuluq güclənəcək, bu isə vətəndaş müharibəsinə gedən yoldur.
