Sovet totalitar məktəbinin nümunəvi yetirməsi olan Əliyev qurtardığı məktəbin ənənələrini davam etdirərək, müharibəni özünün propaqanda alətinə çevirir.
Qələbə paradını 1940-cı illərdən etibarən məhz Sovet hökuməti ən bayağı şəkildə rejimin propaqanda alətinə çevirmişdi. Bu sənəti ən nəfis şəkildə inkişaf etdirən, Sovet totalitar məktəbinin digər bir nümunəvi yetirməsi olan Şimali Koreya diktatoru Kim Jong Un-dur. Bu, əhalisi acından günorta duran ölkənin keçirtdiyi hərbi paradları dünyada başqa heç kim təşkil edə bilmir, o dərəcədə mükəmməldir.
Əl qərəz, Sovet hökuməti hər 9 mayda hay-küylə rəhbərlərin portretləri ilə hərbi paradlar, mülki marşlar təşkil edərkən, uduzmuş Qərbi Almaniya asta-asta inkişaf edirdi.
Bir gün də ayıldıq ki, Almaniya dünyanın üçüncü-dördüncü ən böyük iqtisadiyyatına, vətəndaşını dünyada ən rifahlı yaşayışla təmin etmiş ölkələrdən birinə çevirib, biz isə müharibədən 30-35 il sonra yenidən müharibə dövründə olmuş ərzaq talonlarını bərpa edirik. JEK bizə talon verəcək ki, ayda ancaq bu qədər ət və yağ ala bilərsən, o da dükanda tapsan, iri bir növbə ilə. İşdir bütün bunlar düzəlsə, alanda da qəssabla sümük vermə, yağ satanla isə sən Allah, 50 qramdan çox kəsmə davası edəcəksən. Təbii ki, bunlar adi camaatın başına gələnlər idi, hökumətin başında duranların, yəni Əliyevlərin, Mehdiyevlərin əti də bol idi, yağı da.
İndi Əliyev hökuməti müstəqil Azərbaycanda eyni şeyi təkrarlayır.
Ermənistana dünən vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız gediş-gəlişini təmin etmək üçün fəaliyyət proqramı təqdim edildi.
Əliyevin isə hətta camaatın sərhədboyu ticarətdən əldə etdiyi qəpik-quruşa belə ehtiyacı yarandığına görə tarix boyu heç vaxt bağlanmamış Gürcüstan sərhəddini millətin üzünə bağlayıb. Üstəgəl də deyir ki, neft hasilatı azalır, yerini sizi cərimələməklə, gediş haqqınızı, su pulunuzu, işıq pulunuzu artırmaqla, qazın həm qiymətini qaldırıb, həm də qənaət etdirməklə doldurcağıq. Çox ağrıtmasın deyə, başınızı da narkoz əvəzi paradla-zadla qatacağıq.
