4 noyabrda amerikalılar Nyu-Yorkda meri, Virciniya və Nyu-Cersidə isə qubernatoru seçirdilər. Bu seçkilər həm də ona görə vacib idi ki, prezident Donald Trampın ikinci müddətinin seçicilər üzərindəki təsirini göstərən bir amildir.
34 yaşlı demokrat sosialist Zöhran Mamdani Nyu-Yorkun növbəti meri olub. O, keçmiş qubernator Endryu Kuomonu 9% fərqlə (50,5–41,5) məğlub edib.
Demokrat Ebiqeyl Spanberqer Respublikaçı Vinsom Erl-Sirsi məğlub edərək Virciniyanın ilk qadın qubernatoru olub.
Nyu-Cersidə isə demokrat Mikki Şerril Trampın dəstəklədiyi Cek Çiattarellini məğlub edib.
Bildiyiniz kimi, respublikaçılar qalib gələndə bu, Trampın “uğuru” sayılır, amma uduzanda Tramp günahkar olmur(Trampın versiyasına görə).
Trampın açıqlaması:
“BU GÜN RESPUBLİKAÇILARIN UDUZMASININ İKİ SƏBƏBİ VAR: BİRİ – TRAMPIN SEÇKİ BÜLLETENİNDƏ OLMAMASI, DİGƏRİ İSƏ HÖKUMƏTİN BAĞLANMASI (Şatdaunu nəzərdə tutur).”
Obamanın açıqlaması:
“Bu gün qalib gələn bütün demokrat namizədləri təbrik edirəm. Bu, bizə xatırladır ki, əgər biz güclü, uzaqgörən və əhəmiyyətli məsələlərə biganə qalmayan liderlər ətrafında birləşsək, qalib gələ bilərik. Görüləsi iş çoxdur, amma gələcək bir az daha işıqlı görünür.”
Bu, Konqres seçkilərinə bir il qalmış Tramp və onun partiyası üçün xoş olmayan siqnaldır. Lakin eyni zamanda aydındır ki, respublikaçılar qarşıdakı bir il ərzində Konqres seçkilərinə daha çox inzibati və qanunverici resurs yönəltməyə çalışacaqlar.