CəmiyyətGündəmŞikayətSiyasət

Bəxtiyar Hacıyev: “Avropa Məhkəməsinin qərarı ilə hökumətin ödədiyi pulu cinayət yoluyla əldə edilmiş vəsait sayıblar”

Üç yaxındır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycan hökumətinin onun bank hesabına köçürdüyü 12 min avronu da istintaq “cinayət yoluyla əldə edilmiş vəsait” sayıb. Bakı Ağır Cinayətlər Məhkəməsi də eyni cür yanaşaraq həmin vəsaitin müsadirəsinə qərar verib. B.Hacıyev noyabrın 5-də Ali Məhkəmədə şikayətinə baxılarkən belə deyib.

Sifarişlə həbs olunduğunu vurğulayan ictimai fəal öncə xuliqanlıq və məhkəməyə sayqısızlıq suçuyla həbs edildiyini, daha ağır cəza vermək üçün istintaqın gedişində əlavə ittihamlar irəli sürüldüyünü yada salıb. O, özəlliklə Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması) maddəsiylə verilmiş ittihama etiraz edib: “Mən apellyasiya məhkəməsində xüsusi çıxış etmədim, çünki o məhkəmədən ədalət gözləntim yox idi. Amma Ali Məhkəmədən, tam olmasa da, bir gözləntim var”.

İctimai fəalın vəkili Elçin Sadıqov da aşağı instansiya məhkəmələrinin ədalətsiz və qərəzli yanaşmasından gileylənib. O, müvəkkilinin işinə obyektiv baxılmasından və ədalətli qərar verilməsindən ötrü Bakı Ağır Cinayətlər və Bakı Apellyasiya məhkəmələrində 70-dən çox vəsatət verdiyini, ancaq heç biri təmin olunmadığını bildirib: “Bizim vəsatətlər təmin olunsaydı, orada göstərdiyimiz məsələlər araşdırılsaydı, Bəxtiyar Hacıyevin təqsirsizliyi sübut olunacaqdı”.

Həm vəkil, həm də B.Hacıyev çıxışlarının sonunda Ali Məhkəmə hakimlərindən bəraət istəyib.

Əlavə dəlillər araşdırılacaq?

B.Hacıyevə qarşı ittihamlardan biri də vergidən yayınma ilə bağlıdır. Dövlət Vergi Xidməti təmsilçisi də onun məhkəməsinə zərərçəkmişin nümayəndəsi kimi qatılır.

B.Hacıyev haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Dövlət Vergi Xidmətinin 52 min manatlıq mülki iddiasının təmin olunması və bu vəsaitin ondan tutulması haqda da qərar var. Bakı Apellyasiya Məhkəməsi hökmü olduğu kimi qüvvədə saxladığından bu hissədə də dəyişiklik olmayıb.

“Özümüzə aid hissədə kassasiya şikayətinin təmin olunmamasını xahiş edirik”, – Dövlət Vergi Xidmətinin nümayəndəsi noyabrın 5-də Ali Məhkəmədə belə deyib.

Prokuror da B.Hacıyevin şikayətinin bütövlükdə əsassız olduğunu, hökmün və apellyasiya məhkəməsi qərarının qanuni və əsaslı olduğunu söyləyərək şikayətin təmin edilməməsini Ali Məhkəmədən istəyib.

Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası isə əlavə dəlillərin araşdırılmasına qərar verib. B.Hacıyevin işi üzrə Ali Məhkəmənin qərarı noyabrın 18-də açıqlanacaq. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Prezident İlham Əliyev üçün bir orden, ad düşünək – Razi Nurullayevdən təklif

redaktor

Sumqayıt şəhərində şəhid abidəsini sökənləri kim himayə edir? – VİDEO

admin

Şahnaz Bəylərqızının barəsində həbs qətimkan tədbiri seçildi

admin