Cəmiyyətİqtisadiyyat

Azərbaycan nə üçün Gürcüstandan və Ermənistandan orta aylıq əməkhaqqına görə geri qalır?

Cənubi Qafqazda neft-qazla zəngin Azərbaycan nə üçün Gürcüstandan və Ermənistandan orta aylıq əməkhaqqına görə geri qalır?! Gürcüstan ≈ 820 USD, Ermənistan ≈ 740 USD, Azərbaycan ≈ 640 USD.

İndiki yazımda Sizə 2 nümunə təqdim edəcəm:

Dünya yeni inqilab – Süni İntellekt İnqilabı yaşayır. Bu inqilabı heç internetin kəşfi ilə deyil, elektrik enerjisinin ixtirası ilə eyniləşdirirlər. Dünən süni intellekt inqilabının əsas lokomotivi sayılan, kömpüterlər üçün qrafik prosessorlar və çip üzərində sistemlər (SoC) hazırlayan Kaliforniyanın #NVIDIA texnologiya şirkəti tarixdə 5 trilyon dollarlıq bazar kapitallaşmasına çatan ilk şirkət oldu. 5.000.000.000.000 ABŞ dolları! Ən dəhşətlisi odur ki, 4 trilyondan 5 trilyona çatması üçün şirkətə cəmi 3 ay lazım oldu. Ermənistan hökuməti, Firebird (San Fransisko/Yerevan əsaslı süni intellekt bulud şirkəti) və NVIDIA-nın birgə iştirakı ilə təxminən 500 milyon ABŞ dolları həcmində sərmayə ilə layihə həyata keçirəcəklər. Layihə çərçivəsində Ermənistanda “AI fabrik”/superkompüter mərkəzi (“AI data centre”) tikiləcək. NVIDIA-nın rəhbəri Censen Xuan ilə Paşinyanın görüşü zamanı bildirilib ki, obyektin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Ermənistan hökuməti layihəyə torpaq, vergi güzəştləri və sadələşdirilmiş tənzimləmələr vasitəsilə dəstək göstərəcəyini açıqlayıb. Layihənin məqsədləri: regional süni intellekt infrastrukturu yaratmaq, Ermənistanda təhsil-tədqiqat mərkəzləri və inkubatorlar qurmaq, texnologiya və innovasiyalar üzrə ekosistemi genişləndirməkdir.

Keçək Gürcüstana. Yəqin ki, Dubayda olanlar oradakı EMAAR yazılarını çox yerdə görüblər. Bürc Xəlifə, Dubay Moll kimi nəhəng əmlakların sahibi sayılan “Emaar Properties” iri daşınmaz əmlak şirkəti Gürcüstanda 6 milyard ABŞ dolları səviyyəsində investisiya edəcəklərinə dair memorandum imzalayıblar. İnvestisiya sahələrinə əsasən Tbilisi, Batumi və ­Gonio (Adjarı regionu) şəhərləri daxildir. Layihənin tərkibində yaşayış-kommersiya kompleksləri, turizm infrastrukturu, otellər, ticarət, yaşıllıqlar, idman və sosial obyektlərin tikiləcəyi gözlənilir. Qeyd edim ki, Gürcüstanda dövlət investisiya təşviqi ilə bağlı qanun çərçivəsində “şəkillənmiş” investisiya sahələri üçün vergi, inzibati prosedurlar və digər dövlət dəstəkləri mövcuddur.

İndi sual verirəm, Azərbaycanın bu sahəyə cavabdeh qurumları bu illər ərzində Azərbaycan iqtisadiyyatına xeyir gətirəcək hansı addımları atıb?! Hansı xarici investisiyaları cəlb ediblər?! Onsuz da ağır durumda olan xalqı cərimələrlə, aksizlərlə, əlavə vergilərlə, rüsumlarla, lisenziyalarla yükləməklə iqtisadiyyatı qaldırmaq əvəzinə ancaq xalqı ayağa qaldırırsınız.

Əgər kimsə “Sea Breeze” layihəsinə cəlb olunan yatırımları misal gətirmək istəyirsə, bəri başdan deyirəm ki, onların Sizin fəaliyyətinizə heç bir aidiyyatı yoxdur. Onlar sırf Emin Ağalarovun fəaliyyətinin və onun əlaqələrinin nəticəsidir.

 

Aslan İsmayılov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qaz limiti ilə bağlı vacib xəbər: Yanvarın 5-dən etibarən…

redaktor

“Meyvə-tərəvəz ucuzlaşacaq, ətin qiyməti isə…” – PROQNOZ

redaktor

Porno videoların çox izlənilməsi bu problemləri YARADIR: “Kişilərin cinsi həyatında…”

admin