Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) 2025-ci ilin iyun ayının 27-də yaydığı məlumata görə, Azərbaycanın paytaxtı Bakıda Əliyevlər ailəsi biznes şəbəkəsinə bağlı qurumlar vasitəsilə dəyəri 10 milyard ABŞ dollarına yaxın olan yüksək səviyyəli otellərə (Four Seasons, Marriott və s) nəzarət edir…
Eyni mənbənin araşdırmasına görə, İlham Əliyevin övladları və yaxın ətrafı Londonda ümumi dəyəri təxminən 700 milyon ABŞ dolları olan yüksək dəyərli daşınmaz əmlak – almaq üçün 84 ofşor şirkətdən ibarət şəbəkədən istifadə edib. (3 oktyabr 2021-ci il)
2003-cü ildə qurulan AtaHolding konqlomeratının 2014-cü ilə qədər 490 milyon ABŞ dollarından çox aktivi var idi və bankçılıq, telekommunikasiya, tikinti, mədənçilik, neft/qaz sahələrini əhatə edirdi. (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) 2016-cı il. 4 aprel)
Azərbaycan Beynəlxalq Mineral Ehtiyatlar Əməliyyat Şirkəti (AIMROC) Azərbaycanda ikinci ən böyük qızıl istehsalçısı olduğu və açıq mənbələrdə Əliyev və həyat yoldaşının səhmlərinə aid edildiyi deyilir. (Wikipedia eng)
Birinci ailənin bankçılıq, telekommunikasiya, mədənçilik, tikinti, neft və qaz kimi əsas sektorlarda əhəmiyyətli paya və ya nəzarətə malik olduğu iddia edilir. Məsələn, telekommunikasiya şirkəti Azercell Telecom qeydə alınıb. Azercell Azərbaycanın ən böyük mobil şəbəkə operatorudur. Şirkət, ofşor şirkətlər vasitəsilə hakim Əliyev ailəsinə məxsusdur. 2008-ci ildə dövlət səhmləri böyük endirimlə Əliyev ailəsinin şirkətlərinə verildi və bu, Azərbaycan xalqına ən azı 600 milyon dollara başa gəldi. (Wikipedia eng)
İlham Əliyevin qayınatası üzərindən böyük bir Azərbaycan konqlomeratı olan PAŞA Holdinqi-də təxminən 20,5 milyard AZN (təxminən 12 milyard ABŞ dolları) aktivlərinin olduğu bildirilir. (atlas.thesentry.org)
Azad Avropa/Azadlıq Radiosunun (RFE/RL) məlumatına görə, 2023-cü ilin əvvəllərinə qədər Əliyev ailəsinin nəzarətində olan bankların ümumi balans hesabatları təxminən 12 milyard ABŞ dolları təşkil edirdi. Bu banklar (Paşa Bank, Kapital Bank və Xalq Bank) Azərbaycanın özəl bank sektoru aktivlərinin təxminən 63%-nə nəzarət edir. (24 yanvar 2024-cü il)
Qərb mənbələrində yüzlərlə bu kimi məlumatlar var. Bəs Nikol Paşinyan haqqında Qərb mənbələri nə deyir? Ermənistan Baş nazirinin nə qədər pulu var? Cavab belədir: 7.44 milyon dollar. Qərb mənbələri onu da vurğulayır ki, bu məlumatın reallıq əmsalı çox aşağıdır…
Gördüyünüz kimi, İlham Əliyev və ailəsi ilə müqayisədə Nikol Paşinyan və ailəsi dilənçi günündə yaşayır. Yəni Nikol Paşinyan erməni xalqının pullarını çırpışdırmır. Elə ona görə də ac-yalavac hesab etdiyimiz Ermənistanda orta aylıq əmək haqqı Azərbaycandan 300 dollar çoxdur.
Mən demirəm ki, Əliyevlər ailəsi maaşla dolansın, şirkət qurub pul qazanmasın. Mən deyirəm ki, insaf dinin yarısıdır. Problem ondadır ki, Əliyevlər ailəsi xalqa münasibətdə ədalətli deyil. Bir dəfə yazmışdım. Birləşmiş Ərəb Əmirliklərində ölkəyə daxil olan vəsait qeyri-rəsmi olaraq 3 yerə bərabər bölünür. Bir hissə hakim ailəyə çatır. İkinci hissə isə məmurların payına düşür. Yerdə qalan da xalq arasında bölünür…
Qərbdən nümunə götürmək istəmirsiz. Yaxşı edirsiz. Heç olmasa bədəvi ərəblər qədər ədalətli olun. Ona da yaxın durmursuz…
Artıq “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs çox gözəl bilir ki, Azərbaycan iqtidarı xalqa qarşı son dərəcə qəddar davranış sərgiləyir. Xalqı, onun istək və arzularını heçə sayır…
Mövcud reallıqları nəzərə alaraq mən dönə-dönə iqtidarı siyasi və iqtisadi islahatlara çağırmışam. Bəzi dostlarımız təkid edir ki, İlham Əliyevdən islahat gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Mən onları da başa düşürəm…
Mən təkamül yolunun tərəfdarıyam. İnqilab, üsyan, ölüm-itim, kütləvi qırğınlar… qətiyyən istəmirəm. Azərbaycana belə şeylər qətiyyən lazım deyil. Ancaq ortadakı problemi həll etmək lazımdır. İqtidar hələ də ortadakı zibili palazın altına süpürməklə məşğuldur. Artıq belə gedişlər istehza doğurur…
Mən öz payıma bir daha İlham Əliyevi və onun komandasını Azərbaycanda real və mütərəqqi islahatlar keçirməyə dəvət edirəm. Heç şübhəszi ki, islahatlara gedən yol siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığından keçir…
