Uzun illər təkbaşına Azərbaycan iqtisadiyyatının mühərriki sayılan Dövlət Neft Şirkəti (SOCAR) istehsal və emal imkanlarını sürətlə itirməyə başlayıb.
Tacxeber.com xəbər verir ki, “Toplum TV”-yə danışan mənbənin bildirdiyinə görə, 2026-cı ildə SOCAR-ın büdcə öhdəlikləri 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 10 faiz və ya 180 milyon manat azaldılır.
Gələn il üçün SOCAR-ın dövlət büdcəsinə ümumi öhdəlikləri 1,7 milyard manat məbləğində müəyyən edilib. Bu məbləğin 200 milyon manatdan bir qədər çox hissəsi mənfəət vergisi, qalanı isə digər vergi ödənişləri hesabına formalaşacaq.
Bu məbləğ SOCAR-ın hətta 12 il əvvəl, 2014-cü ildə dövlət büdcəsinə ödədiyi vergi məbləğindən də azdır.
Həmin il şirkətin vergiləri dövlət büdcəsinin gəlirlərinin 10 faizini təşkil etdiyi halda, 2026-cı ildə bu göstərici təxminən 4 faiz ətrafında olacaq.
SOCAR-ın vergi öhdəliklərinin azalması əsasən iki istiqamət – mədən və aksiz vergiləri üzrə daxilolmaların təxminən 200 milyon manat azalması ilə izah olunur.
Mənbə və müstəqil ekspertlər bu vəziyyəti SOCAR üçün artıq postneft erasının başlanması ilə izah edir. Belə ki, şirkətin hasilat və emal imkanları əhəmiyyətli dərəcədə itirilir.
SOCAR-ın büdcə öhdəliklərinin azalmasına əsas səbəb kimi hasilat göstəricilərindəki geriləmə göstərilir.
Belə ki, 2026-cı ildə şirkətin xam neft hasilatının 500 min ton azalaraq 5,6 milyon tona, qaz hasilatının 800 min kubmetr azalaraq 4,6 milyard kubmetrə, neft emalının isə 800 min ton azalaraq 5,9 milyon tona düşəcəyi proqnozlaşdırılır.
Mənbədən əldə olunan məlumatdan o da aydın olur ki, 2026-cı ildə daxili istehlak məqsədilə ölkədə istehsal olunan Aİ-95 markalı benzinin istehsalı dayandırılacaq və vergi öhdəliyinin azalmasına bu amil də təsir edəcək. Amma bu qərarın səbəbləri ilə bağlı hər hansı ağlabatan izah verilmir.
Eyni zamanda, Aİ-92 markalı benzin istehsalında 240 min ton, dizel yanacağının istehsalında isə 300 min tona yaxın azalma gözlənilir.
Məlumat üçün bildirməyə dəyər ki, 2000-ci illərin əvvəllərində SOCAR-ın illik neft hasilatı 9 milyon ton, qaz hasilatı isə 7 milyard kubmetrə yaxın olub.
Göründüyü kimi, 2026-cı ilin həm xam neft, həm də təbii qaz üzrə gözlənilən hasilat göstəriciləri 15-20 il əvvələ nisbətən az qala 40 faiz aşağıdır.
Beləliklə, hökumət hələ xarici neft müqavilələrindən gələn gəlirlər hesabına postneft dövrünü nisbətən ləng qarşılayırsa da, SOCAR bu mərhələyə daha erkən daxil olub.
