Baş Prokurorluq noyabrın 3-də Bakının Qaradağ rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı açıqlama yayıb.
Açıqlamada müavin Nadir Muradovdan başqa, başçı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Qafar Abdullayevin, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev, habelə Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəisinin müavini Zülfüqar Mansurovun istintaqa cəlb olunduğu bildirilir.
Onların qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma maddələri ilə ittiham edildikləri vurğulanır: “Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurov barəsində həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib”.
İttihamlara sözügedən vəzifəli şəxslərin münasibəti bəlli deyil
Qaradağ icra hakimiyyətində həbslər var
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi bildirilir.
Ölkənin yerli saytlarının noyabrın 2-də yaydıqları məlumatlara görə, Qaradağ rayon icra başçısının müavini Nadir Muradov və daha bir neçə şəxs saxlanıb, Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs olunublar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verildiyi deyilir.
İttihamlara həmin şəxslərin münasibəti bəlli deyil. Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.
Balakən rayonunun keçmiş başçısı həbs edilib
Oktyabrın 31-də bir gün öncə tutduğu vəzifədən çıxarılan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edildiyi bildirilir.
Ölkənin yerli saytlarının bununla bağlı yaydıqları məlumatı məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunduğu vurğulanır.
Keçmiş başçının bu ittihamlara münasibəti bəlli deyil.
Həmin ittihamlarla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.
30 oktyabr
Prezident Balakənin icra başçısını işdən çıxartdı
Prezident İlham Əliyev İslam Rzayevi Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Sərəncamda bunun səbəbi izah edilmir.
Amma hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra saytlarda bu gün, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həmin rayonun icra hakimiyyətində əməliyyat keçirdiyi, başçı və daha bir neçə şəxsin saxlandığı bildirilir.
Məlumatı, hələlik, DTX və həmin icra hakimiyyətinin özündən dəqiqləşdirmək mümkün olmayıb.
İslam Rzayev kimdir
İ.Rzayev 14 ildir həmin rayona rəhbərlik edirdi. O, əvvəllər bir sıra rayonlarda və dövlət qurumlarının mərkəzi aparatlarında vəzifələr tutub.
İ.Rzayev 1965-ci ildə Göyçay rayonunda doğulub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Daha sonra Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami, Əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.
O, həmçinin “Azəriqaz”da baş mütəxəssis, 2007–2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Audit Departamentində rəis müavini olub.
Xatırlatma
Azərbaycanda icra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib. (AzadlıqRadiosu)
