Evdən ayrı ilk doğum günü
Bizim evdə doğum günləri, bayramlar, ümumiyyətlə, əlamətdar hesab olunan istənilən günü ailənin bütün fərdləri ilə birgə qeyd edirdik.
Artıq 8 aydır ki, ailəmizin bu ənənəsi pozulub. Çünki, mən evdə yoxam.
Novruz bayramında mən evdə yox idim. Anamdan xahiş etmişdim ki, bayramı mütləq keçirin. Mən evdə imişəm kimi keçirin.
Bacımqızının 3 yaşı tamam olan gün mən evdə yox idim. Ona rəngarəng muncuqlardan kiçik qolbaq düzəldib hədiyyə yolladım. Xahişim isə dəyişməmişdi: “Mən evdə imişəm kimi qeyd edin”.
Bacımın doğum günündə mən evdə yox idim. Onu telefonla əlaqə saxlayıb təbrik edə bildim. İsrarla, təkrar-təkrar dedim: “Qəti kədərlənmə! Hələ çox doğum günlərini birgə keçirəcəyik. Biz bir yerdə qocalacağıq e, ay qız. Bax, bu günü hökmən qeyd eləyin. Mən evdə imişəm kimi qeyd eləyin”.
Bu gün mən 25 yaşımı həbsdə qarşılayıram. Bu gün də evdə yoxam.
Dünən (2 noyabr) mənim görüş günüm idi. Anam, bacım və bacımqızı gəlmişdilər. Darısqal görüş otağında geniş süfrə açdıq. Birlikdə yemək yedik, tortla çay içdik.
Təcridxana binasında hər şeyi evdə imişik kimi etməyə çalışdıq. Belə görüş məni kədərləndirmədi. Əksinə, fərəhliyəm.
Bu, mənim evdən ayrı keçirdiyim ilk doğum günümdür. Bu 8 ay, evdən kənarda yaşadığım ən uzun müddətdir. Amma nə bütün bu müddət ərzində, nə bu gün özümü ailəmdən mənən ayrı hesab etməmişəm. Ailəmin sevgisi, qayğısı məni təcridxana kamerasının divarlarından daha möhkəm əhatələyib. Məni təcridin ağırlığından ailəmin sevgisi təcrid edib. Bunun üçün onlara bundan sonra hələ yüz il də minnətdar olacam. Ailəm bu gün evdə olmadığım üçün əlbəttə qüssələnə bilər. Amma bunun niyə belə olması – səbəblər onlara məlumdur deyə məğrurdular.
Mən cinayəktar olduğum üçün həbs olunmamışam. Mən sırf dürüst jurnalistika ilə məşğul olduğum, haqsız, zülmkar tərəfə əyilmədiyim üçün həbs olunmuşam.
Belə olan halda nə məyusluq, nə kədər?
Sevincliyəm. Qürurluyam.
50 illiyini əyninə geyindiyi mantiyaya sifarişli qərarlar çıxarmaqla xəyanət edən hakim kimi keçirməkdənsə, 25 illiyimi əlindəki qələmə azadlığı bahasına da olsa xəyanət etməyən jurnalist kimi qeyd eləməyi üstün bilirəm.
25 yaşımı təcridxana kamerasında, amma evdə imişəm kimi keçirirəm.
Təbrikləriniz üçün hamınıza minnətdaram, hamınızı qucaqlayıram.
Məndən nigaran olmayın. Kefim kökdür, üzüm yenə gülür.
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası.
