ABŞ Prezidenti Donald Tramp deyib ki, əgər Nigeriya hökuməti bundan sonra da xristianlara hücumlara izn versə, ABŞ Nigeriyaya hərbi müdaxilə edə bilər.
“Truth Social” platformasında paylaşım edən Tramp həmçinin qətllərin davam edəcəyi halda bu ölkəyə yardımların dərhal dayandırılacağını bildirib. O deyib ki, güc tətbiqi variantını ABŞ istisna etmir.
“ABŞ islamçı döyüşçülərin məhvi məqsədiylə hərbi əməliyyat başlada bilər”.
Tramp həmçinin Müdafiə Nazirliyinə potensial fəaliyyətlərə hazırlaşmaq üçün tapşırıq verdiyini deyib və Nigeriya rəhbərliyini dərhal hərəkətə keçməyə çağırıb.
Nigeriyada xristianlar müəyyən təqib halları ilə üzləşiblər. Avropa Parlamentinin məlumatlarına əsasən, 2019-2023-cü illər ərzində 17 min xristian məqsədyönlü hücumlar nəticəsində öldürülüb,2025-ci ilin ilk yeddi ayında isə bu rəqəm 7 min nəfər olub. (AzadlıqRadiosu)
