CəmiyyətHadisəQalmaqal

İcra başçısının müavini dələduzluqda təqsirli bilindi, amma cinayət işinə xitam verildi

12 il Gədəbəydə icra başçısının müavini işləmiş, haqqında cinayət işi başlanandan bir neçə ay sonra vəzifədən çıxarılan Vəfa Allahverdiyevanın mühakiməsi oktyabrın 31-də yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxın davam edən araşdırmaların nəticəsi olaraq, sabiq məmur dələduzluqda təqsirli bilinib. Lakin dəymiş ziyanı ödəməsi və zərərçəkmişin şikayətçi olmaması əsasıyla məhkəmə onun haqqında cinayət işinə xitam verib.

47 yaşlı V.Allahverdiyeva icra başçısının müavini işlədiyi dövrdə Gədəbəyin Soyuqbulaq kənd sakini Cavanşir Məmmədəliyevi rayonun təhsil şöbəsinin müdiri təyin etdirmək adıyla aldadıb pulunu ələ keçirməkdə ittiham olunur.

V.Allahverdiyeva məhkəmə önündə tək deyildi. Cinayət işinin materiallarında iddia olunur ki, C.Məmmədəliyevi tanışı Təranə Bağırova ilə birlikdə aldadıb onun 51 min manatını ələ keçiriblər.

V.Allahverdiyeva istintaq və məhkəmə dövründə həbs olunmayıb, onun haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. T.Bağırova isə uzun müddətdir ki, həbsdədir. Onun haqqında dələduzluq ittihamıyla başqa cinayət işləri üzrə hökmlər çıxarılıb. Nizami və Binəqədi rayon məhkəmələrinin hökmləriylə üst-üstə ona 3 il 7 ay həbs cəzası kəsilib. Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında çıxarılan hökmdə əvvəlki cəzası da nəzərə alınıb. C.Məmmədəliyevin aldadılmasına görə təyin olunan cəza da əlavə edilməklə ümumilikdə ona 5 il 6 ay həbs cəzası kəsilib.

“Demişdi ki, Təranə Bağırovanın Təhsil Nazirliyində tanışı var, o, həll edəcək”

İddia olunur ki, Gədəbəyin təhsil şöbəsinin müdiri təyin olunmaq istəyən C.Məmmədəliyev bundan ötrü 40 min bir, 10 min bir, min manat da bir olmaqla, üç dəfəyə 51 min manat pul verib. V.Allahverdiyeva və T.Bağırova zərərçəkmişlə görüşmək üçün Gədəbəydən Bakıya gəlib, restoranlardan birində görüşüblər. Zərərçəkmiş deyir ki, elə restorandakı görüşdə T.Bağırovaya 40 min manat pul verib: “Vəfa Allahverdiyeva demişdi ki, Təranə Bağırovanın Təhsil Nazirliyində tanışı var, o, həll edəcək. 50 minə həll olunacağı deyilmişdi. Bundan bir ay sonra Ayna Sultanovanın heykəlinin yanında da 10 min verdik. Min manat da kartına atmışıq”.

V.Allahverdiyeva isə özünü təqsirli bilmir. Restoranda onun iştirakıyla T.Bağırovaya 40 min pul verildiyini təsdiqləsə də, həmin puldan ona bir manat da çatmadığını deyir: “Mən onlara Təranənin nömrəsini vermişdim ki, özləri görüşsünlər. Dedilər ki, onu tanımırıq. Bu səbəbdən mən də onlarla birlikdə getdim. Mənim başqa heç bir marağım olmayıb”.

Bu olayla bağlı cinayət işi 2024-cü ilin aprelində başlayıb, lakin icraat bir neçə dəfə dayandırılıb. V.Allahverdiyeva 2024-cü il avqustun 22-də icra başçısının müavini vəzifəsindən azad ediləndən bir həftə sonra icraat təzələnib. Qısa müddət sonra – sentyabrın 2-də isə V.Allahverdiyeva cinayət məsuliyyətinə cəlb olunub. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ekstrasenslər zəlzələ ilə bağlı əhalini daha da qorxudur

redaktor

Bakıda körpəsini həyətə tullayan ata: “Patı” çəkmişdim…”

redaktor

Misir Mərdanov təhsildəki problemlərdən danışdı: “Bütün hədləri aşıb”

redaktor