Son 15 ildir ki, Bakı şəhərində həyata keçirilən söküntü, əslində isə zorakılıq və qayda-qanun gözlənilmədən həyata keçirilən söküntü işləri, hazırda «Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Təftiş şöbəsinin müdiri vəzifəsini daşıyan Zülfəli İsmayılovun rəhbərliyi altında həyata keçirilir.
Söküntü komissiyasının hərəkətlərindən şikayətçi olan yüzlərlə sakindən biri kimi bizə müraciət edən qadın, bildirir ki, bu müddət ərzində ona və ailə üzvülərinə məxsus bir neçə ev və tikililərin sökülməsi zamanı, dəfələrlə söküntü komissiyasının üzvüləri ilə ünsiyyətdə olmuşdur. Lakin heç vaxt bu günkü komissiya üzvüləri tərəfindən yol verilən, bu dərəcədə zorakılıq, təhdid və təhqirlərlə üzləşməmişdir.
Hazırda Z. İsmayılovun rəhbərlik etdiyi söküntü komissiyasının üzvüləri evləri sökülən sakinlərlə vəziyyəti müzakirə edərkən, onlara qarşı ən sərt münasibət nümayiş etdirir, heç nədən çəkinmədən onların ünvanına hətta ifadə etmək mümkün olmayan qeyri-etik ifadələr işlətməkdən belə çəkinmirlər. Bu vəziyyətin nədən irəli gəldiyini anlaya bilmirlər. Onlar qarşısında heç bir çərçivəyə sığmayan sərt və ədalətsiz tələblər qoyulur. Ya bizim təkliflərimizlə razılaşmalısınız, yaxud da, heç bir məbləğ ödənilmədən evləriniz başınıza uçurulacaqdır.
Hadisələrin gedişi və komissiya üzvülərinin sakinlərlə fəftarı hədə-qorxuların real olduğuna dəlalət edir.
Qadını dinləyərkən yadıma böyük mütəfəkkir Cəfər Cabbarlının hələ 1916 cı ildə yazdığı şer düşdü:
Uçur fəqirlərin evi, qalır əyalı dərbədər.
Bu pis zamanda pul da, yox, dum əhli hər gün-hər səhər.
Qapıb külüncünü gəlir uçuq komanın üstünə.
Və sonda, mənə maraqlıdır niyə özbaşınalıq və zorakılıqla məşğul olan bu söküntü komissiyasına Bakı şəhər İcra Hakimiyyətinin “Nəzarət və Təftiş şöbəsinin” müdiri Zülfəli İsmayılov rəhbərlik edir. Nəzarət və Təftiş şöbəsinin, söküntüyə nə aidiyyatı? Görünür zorakılıqlarla müşayət olunan söküntüyə rəhbərlik etmək üçün Z. İsmayılovdan bacarıqlı adam tapa bilmirlər. Deyilənə görə, bu gedişlə Zülfəli İsmayılov Bakı şəhərinin növbəti meri təyin oluna bilər. Təəccüblü heç nə yoxdur. Bu ölkədə hər şey ola bilər.
