Noyabrın əvvəlində Bakıda keçirilməsi planlaşdırılan Avropa Ravvinlər Konfransının Azərbaycan hökuməti tərəfindən ləğv edildiyi bildirilir.
İsrailin “Ynet” nəşri xəbər verir ki, qərarın səbəbi təhlükəsizlik məsələləri ilə bağlı olub.
“Bakı şəhərində növbəti həftə keçirilməsi planlaşdırılan Konvensiyanın bizim nəzarətimizdən kənar səbəblərə görə təxirə salındığını təəssüf hissi ilə elan edirik. Biz Azərbaycan hökumətinə davamlı dəstəyi üçün təşəkkür edirik və yaranmış narahatlığa görə üzr istəyirik”, – konfransın iştirakçılara ünvanladığı müraciətində deyilir.
3-6 noyabr tarixlərində keçirilməsi planlaşdırılan konfransda dini azadlıqlar, Avropada antisemitizm və “İbrahim Sazişləri” kimi məsələlərin müzakirə edilməsi gözlənilirdi.
“Ynet” yazır ki, qurultaya İsrail, ABŞ və Avropa ölkələrindən olmaqla 600-ə yaxın ravvin, dini liderlər, siyasi və ictimai xadimlərin qatılacağı planlaşdırılmışdı.
Bu ilin iyununda Avropa Ravvinləri Konfransının Sarayevoda planlaşdırılan konfransı da yerli ictimaiyyətin etirazından sonra təxirə salınmışdı. (ToplumTV)
