“Qazetci” qəzeti xəbər verir ki, oktyabrın 20-də Münhen Yuxarı Regional Məhkəməsində Azərbaycan hökumətindən rüşvət almaqda ittiham olunan Xristian-Demokrat İttifaqından sabiq deputat Aksel Fişerin məhkəməsi başlayıb.
Münhen Prokurorluğunun ittihamına görə, Fişer 2016-cı ildə 21 800 avro rüşvət müqabilində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan hökumətinin xeyrinə müsbət məzmunlu çıxışlar edib.
“Legal Onlayn Tribunal” yazır ki, Fişerin vəkili Hayko Hofştetter ittihamla bağlı prokurorluğu və məhkəməni sərt tənqid edib. Vəkil bildirib ki, müvəkkilinə qarşı ittihamlar yetərsiz olduğundan məhkəmə işi icraata götürməməli idi.
Münhen məhkəməsi bu ilin iyulunda Xristian-Sosial İttifaqından olan 80 yaşlı keçmiş deputat Eduard Lintneri də Azərbaycandan rüşvət aldığına görə doqquz ay şərti həbs cəzasına məhkum edib. O, həm də 10 min avro məbləğində cərimələnib.
Məhkəmə Xristian-Demokrat İttifaqından olan digər keçmiş deputat Karin Sternzin də Azərbaycan hökumətindən 111 min avro rüşvət aldığı qənaətinə gəlib. Sternz 2021-ci ildə dünyasını dəyişdiyindən bu məbləği onun həyat yoldaşı geri ödəməli olacaq.
Aksel Fişer, Eduard Lintner və Karin Sternz haqda artıq bir neçə dəfə yazmışam.
Avropa Stabillik Təşəbbüsünün apardığı araşdırmalara görə, 2012-2016-cı illərdə müxtəlif ölkələrdən və siyasi qruplardan olan AŞPA üzvləri Azərbaycan üzrə məruzəçilərin təyin edilməsinə təsir etmək məqsədilə ödənişlər və hədiyyələr alıblar.
Bu sənəddə AŞPA deputatlarının rüşvət müqabilində məruzə və qətnamələrin, xüsusilə də, 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsinin qəbulunun qarşısının alındığına dair mötəbər iddialar yer alırdı.
Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Layihəsi (OCCRP) yazırdı ki, 2012-2014-cü illərdə Azərbaycandan qanunsuz yollarla 2 900 000 000 dollar çıxardılıb. Azərbaycanın siyasi elitası bu vasaitlərlə avropalı deputatlara və diplomatlara rüşvət verib, çirkli pul əməliyyatları həyata keçirilib.
ƏLAVƏM. Avropa deputatlarının aldığı rüşvət məbləğlərinin Azərbaycannda verilən və alınan rüşvət məbləğriylə müqayisədə belə kiçik və hətta cılız olaması “siyasətə qarışmayan” adi vətəndaşı təəccübləndirə bilər.
SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz Tofiq bəyə zülm edənlərə, zülmə dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.
