DünyaSiyasət

Türkiyədə prokurorluq Əkrəm İmamoğluna qarşı yeni ittiham irəli sürüb: casusluq.

O qədər absurd səslənir ki, ittihamın detallarını öyrənmək də lazımsız, qeyri-ciddi iş kimi görünür. (İstanbul Baş Prokurorluğunun açıqlamasını oxudum. İttiham 2019-cu il seçkiləri ərəfəsində İmamoğlunun kampaniya rəhbəri, keçmiş ordu zabiti Necati Özkanın seçicilərin şəxsi məlumatlarını guya xarici kəşfiyyatla paylaşması iddiasına əsaslanır).

İstanbulda İmamoğluna 3 dəfə (Bəylikdüzünü də saysaq, 4 dəfə) uduzmağı heç cür həzm edə bilmədilər və onun uğurlarını xarici kəşfiyyatla əlaqələndirməklə bəlkə xalqın gözündən sala biləcəklərini və qələbələrini legitimsizləşdirəcəklərini düşünürlər. Sanki 10 il sərasər (2003-2013) fətullahçıları dövlətə dolduran, türk ordusunun yüzlərlə zabitini dövlət çevrilişinə cəhd, casusluq ittihamları ilə vəzifələrindən kənarlaşdırıb həbs etdirən, 10 milyon ərəb, əfqan və s. qaçqını ölkəyə gətirib gələcəkdə türklərin Türkiyədə dominant etnos kimi çəkisini azaltmaq, şəriətçi əhali kütləsini çoxaltmaq kimi məkrli planları həyata keçirən, saymaqla bitməyəcək başqa xəyanətlərə bais olan özləri deyilmiş kimi… Seçicilərin şəxsi məlumatlarının yayılması probleminə gəldikdə isə Türkiyə e-dövlət sistemindəki bütün məlumatlar, o cümlədən prezidentin məlumatları hakerlər tərəfindən ələ keçirilərək hazırda müxtəlif sosial media platformalarında satış və digər məqsədlərlə paylaşılır.

Korrupsiya ittihamından bir şey çıxmır – o mənada ki, əvvəla, xalqın əksəriyyəti buna inanmır (inananların bir qismi isə “siz trilyonlar oğurlamısız, qoy bu da milyonlar oğurlamış olsun” deyə düşünür); ikincisi, istintaqın sübutları əsasən şahid ifadələrinə əsaslanır ki, bunların da bir çoxu təzyiqlə alınıb. Bu şahidlər məhkəmədə ifadələrindən imtina edə bilər. Etməsələr belə, Türkiyə ali məhkəmə orqanı Yarğıtayın presedent xarakterli qərarlarına görə (əslində dünyada da belədir) sırf şahid ifadələri sübut sayılmır, bu ifadələr əlavə dəlillərlə təsdiqlənməlidir.

Aydındır ki, əllərində güclü, təkzibolunmaz dəlil-sübutlar olsaydı, ittiham aktının yazılması bu qədər (7 ay) uzanmazdı, dərhal işi məhkəməyə verib İmamoğlunu xalqın önündə biabır etmək fürsətini qaçırmazdılar. Elə buna görə qabaqcadan diplomunu ləğv edib, hər ehtimala qarşı işlərini qarantiyə almağa çalışdılar ki, İmamoğlu seçkiyə girə bilməsin, əsas dərdləri budur. Həbsdəki İmamoğlunun da seçkidə iştirakından çəkinirlər. “Hiçbir korkuya benzemez halkını satanın korkusu”… (Nazim Hikmət)

Lakin zamanın kim(lər)in əleyhinə işlədiyi göz önündədir.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Valeri Zalujnının yaralanması xəbərlərinə Ukraynadan REAKSİYA

redaktor

Tahir Kərimli: “Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli…”

redaktor

İran İsraildə xəstəxananı raketlə vurdu

redaktor