HadisəTarix

Dəhşətli Gəncə zəlzələsi

30 sentyabr 1139-cu il. Gəncədə tarixin ən güclü və ən ölümsaçan zəlzələlərindən bir baş verir. Bəzi məlumatlara görə 230-300 min arası adamın öldüyü bildirilir. Bəzən isə bu rəqəmin şişirdildiyi iddia olunur. Amma hətta o qədər olmasa belə, çox güclü olması, xeyli tələfatla nəticələnməsi şübhəsizdir.

Zəlzələnin episentrinin Gəncədən 50 km cənubda olduğu təxmin edilir. Güclü təkanlar nəticəsində Kəpəz dağının parçalanması baş verir və doqquz göl – və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl yaranır.

Zəlzələnin yaratdığı xaosdan istifadə edən gürcü çarı Demetre hücum edərək şəhəri talan etdi və gedəndə Gəncə qapılarını öz “qəhrəmanlığı”nın sübutu olaraq qənimət kimi apardı. Qapının bir tayı indi də Demetrenin dəfn edildiyi Gelati monastrında saxlanılır.

Mxitar Qoş bu haqda yazır: “gürcülər rəhmsizliklə və kobud şəkildə rəftar edir, sağ qalanların üstünə hücum edir və onları ya qılıncdan keçirir və ya özlərinə qul edirdilər. Onlar bu mühüm şəhərin birdən cəhənnəmə çevrilməsini, yığın-yığın qızıl və insan meyitləri qalağının bir-birinə qarış masını görsələr də, şəhərə qarşı rəhmli olmaq haqqında düşünmədilər, qızıl və gümüş xəzinələrini qazıb apardılar, basqınlar və işgəncələri ilə zəlzələnin özündən daha çox əzab verirdilər”.

Səlcuq sultanının canişini Qara Sunqur öz qoşunları ilə Gəncəyə yollanaraq və Gəncə yaxınlığındakı döyüşdə gürcüləri məğlub etdi şəhərdən uzaqlaşdırdı. Həmçinin Qara Sunqurun başçılığı ilə şəhərin yenidən bərpasına başlanıldı.

Nizami Gəncəvi həmin zəlzələ haqqında “İsgəndərnamə” də məlumat vermişdir:

Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Dağ – daş sarsılaraq qopub uçanda
Fələk toz altında qaldı bir anda…
Fələk zəncirinin həlqələritək
Yerin də bəndləri ayrıldı tək-tək.
Azdı yollarını gur axan sular,
Dağlar çırpışmaqdan bitab oldular.
Heç bir göz səlamət qalmadı inan
Matəm sürməsinə qərq oldu cahan
O qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə..

 

Osman Eminov

Tacxeber.com

Oxşar xəbərlər

Tanınmış meyxanaçının səhhəti pisləşdi – VİDEO

redaktor

Lənkəranda operator iynə vurulandan sonra dünyasını dəyişib – FOTO

redaktor

Bakıda avtomobildə sürücü müştərini döyüb

redaktor