Ramiz Mehdiyevin vurulması sadəcə bir nəfərin və ya ailənin vurulması deyil. Həm də bir klanın vurlmasıdır. Sirr deyil ki, Heydər Əliyevin yaratdığı naxçıvan-ermənistan klanının Xaç Atası məhz Ramiz Mehdiyev idi. Mahiyyətdə Ramiz Mehdiyevin vurulması son 50-60 ildə Azərbaycanda at oynatmış naxçıvan-ermənistan klanının sıradan çıxması ilə nəticələnəcək. Elə proses də buna doğru gedir.
Dövlət idarəçiliyinin əsas elementi olan klançılıq bütövlükdə sıradan çıxırmı? Qətiyyən yox. Naxçıvan-ermənistan klanının yerinə Mehriban Əliyevanın rəhbərlik etdiyi bakı-şirvan klanı keçir. Və bu proses son 15 ildə geniş vüsət alıb…
Öncə düşünürdüm ki, naxçıvan-ermənistan klanı ilə müqayisədə bakı-şirvan klanı daha proqressiv olacaq. Niyə belə düşünürdüm? Çünki əslimiz Zəngilan rayonundan olsa da mən Bakıda böyümüşəm. Bakı camaatında güclü bir ədalət hissi var. Hesab edirdim ki, bu hissə sahib olan insanlar iqtidara az-çox ədalət gətircəklər. Təəssüf ki, hadisələrin sonrakı inkişafı göstərdi ki, Bakı kimi mədəniyyət mərkəzində böyüyən və güclü ədalət hissi olan insanlar belə qısa müddət ərzində naxçıvan-ermənistan klanının ən eybəcər xüsusiyyətlərinə yiyələndilər. Və vurğuladığım ədalət hissindən də əsər-əlamət qalmadı.
Bir daha bəlli oldu ki, klançı idarəçilikdən proqressiv bir şey gözləməyə dəyməz…
Ancaq son 50-60 ildə yuxarı başda oturmuş naxçıvan-ermənistan klanını bakı-şirvan klanının sıradan çıxarması o qədər də asan məsələ deyil.
Problem ondadır ki, naxçıvan-ermənistan klanının elə bir parlaq lideri yoxdur. Bu baxımdan bakı-şirvan klanı Mehriban Əliyeva kimi güclü bir liderin rəhbərliyi altında davamlı uğurlara imza atır…
Şübhəsiz ki, yaxın gələcəkdə naxçıvan-ermənistan klanı revanşa əl atacaq və itirdiyi yüksəklikləri geri almağa qeyrət göstərəcək. Bu proses də Azərbaycanda ciddi qarşıdurmalara gətirəcək. Məncə, naxçıvan-ermənistan klanı ortaya güclü bir lider çıxara bilsə, uğur qazana bilər. Bu klan üçün açar məsələ budur…
Hamı başa düşməlidir ki, feodal təfəkkürdən doğan klançılıq Azərbaycanı təhlükəli bir dalana sürükləyir. Və biz millət olaraq bu yaramaz təfəkkürə qarşı çıxmalıyıq.
Naxçıvan-ermənistan klanının bakı-şirvan klanından yeganə fərqi ondadır ki, birincilər daha milli, ikincilər isə kosmopolitdir. Daha doğrusu rusdillidir. Ancaq rüşvət və korrupsiya məsələsində ikisi də eyni iştaha və yırtıcı xislətə sahibdir.
Azərbaycanda siyasi mübarizə iqtidarla-müxalifət arasında yox, iqtidarın daxilindən vurulub kənara atılmaqda olan naxçıvan-ermənistan klanı ilə bakı-şirvan klanı arasında gedəcək. Bu mübarizə isə Azərbaycana yaxşı bir şey vəd etmir və dövlətimizi təhlükəli bir prosesin qurbanına çevirə bilər…
Mübarizə əsasən Bakıda getdiyinə görə bakı-şirvan klanı coğrafi üstünlüyə malikdir, ancaq naxçıvan-ermənistan klanı ağıllı gedişlərlə bu üstünlüyü neytrallaşdıra bilər.
Ağlınız ac-yalavac gündə öz mövcudluğunu qoruyub saxlamaq üçün mücadilə aparan Azərbaycan müxalifətinə getməsin. Böyük idarəçilik təcrübəsi olan, siyasi baxımdan yetkin naxçıvan-ermənistan klanının əlində 10 milyard dollarlarla vəsait var. Bu vəsait Azərbaycanı silkələyə və zəlzələ effekti doğura bilər…
Hazırda naxçıvan-ermənistan və bakı-şirvan klanı İlham Əliyevin nəzarəti altındadır. Hər iki tərəf İlham Əliyevi özününkü bilir. Ona daha yaxın olmaq uğrunda mübarizə gedir. Ancaq balansın kəskin şəkildə pozulması vəziyyəti kökündən dəyişə bilər. Ramiz Mehdiyevin vurlmasından sonra ortadakı müvazinət pozulsa, proses prezidentin nəzarətindən çıxması da mümkündür. Bu isə kalanlararası savaşa yaşıl işıq yandıracaq və yeraltı-yerüstü sərvətlər uğrunda mübarizəni yenidən alovlandıracaq…
Biz millət olaraq yuxarılarda baş verən taxt-tac oyunlarına məhəl qoymadan birliyimizi və bütövlüyümüzü qoruyub saxlamalıyıq. Azərbaycanı bu feodal təfəkkürün qalıqlarından və onların yaratdığ korrupsiya və rüşvət üzərində bərqərar olmuş anti-Azərbaycan elementləri ilə zəngin sistemdən təmizləmək lazımdır…
