DünyaTarix

“Son idealist casus: Corc Bleyk” Yadigar Sadıqlı

2020-ci ilin son günlərində, dekabrın 26-da soyuq müharibə dövrünün ən görkəmli casuslarından biri Corc Bleykin vəfat etməsi xəbəri yayıldı. Bleyk sovet kəşfiyyatının xeyrinə məhsuldar fəaliyyəti, ifşa olunduqdan sonra Britaniya tarixində görünməmiş 42 illik həbs cəzası və heyrətamiz qaçışı ilə məşhur idi.

***

Corc Bleyk (ilkin soyadı Behar) 1922-ci ildə Niderlandda, Rotterdam şəhərində anadan olub. Anası holland, atası isə Misir əsilli, Britaniya vətəndaşlığı almış yəhudi idi. Atasının 1936-cı ildə ölümündən sonra yeniyetmə Corc bir müddət Qahirədə, bibisinin yanında qalır və burada təhsil alır. Üç il sonra vətəninə qayıdır.

1940-cı il mayın 10-da nasist Almaniyası Niderlanda hücum edir. Almanlar kiçik ölkəni bir günə məğlub edəcəklərini düşünürdülər, amma hollandlar daha ciddi müqavimət göstərirlər, döyüşlər beş gün çəkir. Bu zaman Corcun doğma Rotterdam şəhəri amansız aviasiya hücumuna məruz qalır və İkinci dünya müharibəsi zamanı total dağıntıya uğrayan ilk şəhər olur.

İki il müddətində gizli müqavimət hərəkatında iştirak edən Corc 1942-ci ildə İspaniyadan keçərək İngiltərəyə gedir. Onun anası və bacıları hələ müharibənin əvvəllərindən burada idilər. Anasının təşəbbüsü ilə ailənin Behar soyadını Bleyk ilə dəyişməsi də bu zaman baş verir.

Corc Bleyk İngiltərədə əvvəlcə hərbi-dəniz donanmasında xidmət edir, 1944-cü ildə isə Məxfi Kəşfiyyat Xidmətində (daha çox Mİ-6 kimi tanınan SİS – Secret Intelligence Service) işləməyə başlayır. Müharibə bitənə qədər SİS-in Niderlandda keçirdiyi əməliyyatlarla məşğul olur. 1946-1947-ci illərdə işğal altındakı Almaniyanın Britaniya işğal zonasında fəaliyyət göstərən Bleyk, növbəti bir ili İngiltərədə rus dilini öyrənir. 1948-ci ilin payızında isə o, vitse-konsul vəzifəsi altında kəşfiyyat məqsədilə Seula göndərilir.

***

1904-1905-ci illərdə Rusiya ilə müharibədən qalib çıxan Yaponiya Koreya yarımadası üzərində əvvəlcə protektoratlığını elan etdi, 1910-cu ildən də öz ərazisinə qatdı. İkinci dünya müharibəsində məğlub olduqda isə yarımadanı itirdi, burada bölgü xətti 38-ci paralel olmaqla SSRİ və ABŞ-ın işğal zonası yaradıldı. Şimaldakı sovet zonasında kommunistlərin, cənubdakı Amerika zonasında isə antikommunistlərin hakimiyyəti formalaşdı. 1948-ci ildə həm sovetlər, həm amerikalılar yarımadadan çıxdılar.

Koreyaya gələn Bleykin vəzifəsi Çin və Şimali Koreya, eləcə də sovet Uzaq Şərqi haqqında məlumat toplamaq idi. Amma 1950-ci ildə şimallılar hücuma keçərək Seulu tutdu. Böyük Britaniyanın BMT mandatı altında müharibəyə qoşulmasından sonra isə ingilis diplomatları əsir alınırlar. Sonralar özünün dediyinə görə, Bleyk məhz həbsdə oxuduğu Marksın “Kapital” və Leninin “Dövlət və inqilab” əsərlərinin təsirilə, üstəlik ABŞ aviasiyasının Koreya kəndlərini bombalaması üzündən kommunist olur.

Sonralar müsahibələrinin birində deyirdi: “Hiss edirdim ki, lazım olan tərəfdə deyiləm. Bu da məni tərəfimi dəyişməyə sövq etdi. Mən əmin idim ki, kommunizmin qalib gəlməsi bəşəriyyət üçün daha yaxşı olar”. Bundan sonra Pxenyandakı SSRİ səfirliyinə məktub yazan Bleyk sovet kəşfiyyatı ilə əməkdaşlıq etmək istədiyini bildirir. Maraqlıdır ki, onun əsas şərtlərindən biri xidmətinə görə pul ödənilməməsi olur.

Corc Koreya müharibəsi bitdikdən sonra, 1953-cü ildə İngiltərəyə qayıda bilir və burada qəhrəman kimi qarşılanır. Növbəti ildə evlənir, seçdiyi qız da elə SİS əməkdaşı olur. 1955-ci ildə isə onu Berlinə göndərirlər. Bleyk burada sovet vətəndaşlarını ingilis kəşfiyyatı ilə əməkdaşlığa cəlb etməli idi.

O zaman bütün Almaniya kimi Berlin də İkinci dünya müharibəsində qalib gələn dörd dövlətin (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) işğal zonasına bölünmüşdü. Hələ Berlin divarı yox idi. Qərbi Berlin sakinlərinə 1954-cü ildən Şərqi Berlinə gediş-gəliş qadağan olunsa da, şərqi berlinlilər, eləcə də üçüncü dövlətlətin vətəndaşları dörd sektor arasında sərbəst hərəkət edə bilərdilər. Demək artıqdr ki, belə vəziyyət Berlini müxtəlif kəşfiyyatların oylağına çevirirdi.

Corc Bleyk Berlində sovet vətəndaşlarını əməkdaşlığa cəlb etmək və məlumat toplamaq əvəzinə artıq əməkdaşlığa cəlb olunanlar barədə sovet tərəfinə məlumat verməklə məşğul olur. Onun nə qədər Qərb kəşfiyyatçısı və əməkdaşlığa cəlb edilən casuslar barədə məlumat verməsi hələ də dəqiq məlum deyil, bəzi ehtimallar var. Məsələn, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency, CIA) SSRİ-də ilk əhəmiyyətli casusu sayılan Pyotr Popovun məhz Bleykin məlumatı əsasında həbs və edam olunduğu güman edilir.

Sonralar CİA-nın hazırladığı raporta əsasən, Bleyk SSRİ-yə 4720 səhifəlik məxfi sənədlər ötürüb. Onların arasında Qərb kəşfiyyatı ilə əməkdaşlıq edən agentlərlə yanaşı, SİS-in strukturu, maraqlandığı obyektlər, sosialis ölkələrinə qarşı əməliyyatları barədə məlumatlar yer alıb.  Amma onun casusluq fəaliyyətinin ən önəmli hadisəsi “Qızıl” (“Gold”) əməliyyatının ifşasıdır.

***

Avstriya 1938-1945-ci illərdə Almaniyanın tərkibində olduğundan İkinci dünya müharibəsindən sonra həm ölkə, həm də paytaxt Vyana müttəfiqlər tərəfindən işğal edilərək zonalara bölünmüşdü. Burada 1949-cu ildə britaniyalılar maraqlı bir əməliyyat apardılar. Onlar guya tvid parça satan dükan aldılar və buradan tunel qazaraq sovet hərbçilərinin istifadə etdikləri telefon xəttinə qoşuldular. “Gümüş” (“Silver”) adı verilən bu əməliyyat 1952-ci ilə kimi davam etdi. Həmin il üzərindən keçən tramvayın titrəyişləri səbəbindən tunel uçuldu.

Hələ Vyana tuneli işlək ikən ingilislər oxşar əməliyyatı Berlində keçirməyin mümkün olub-olmaması ilə maraqlandılar. Şərqi Berlin telefon stansiyasından əldə etdikləri məlumat sovet hərbçilərinin və diplomatlarının, eləcə də Şərqi Almaniya hökumət strukturlarının istifadə etdikləri yeraltı telefon və teleqraf xətlərinin bir yerdə Amerika zonasını yaxınlığından keçdiyi göstərirdi.

Aydın məsələdir ki, ingilislər özləri Amerika zonasından tunel qaza bilməzdilər. Buna görə də ideyanı amerikalılarla bölüşmək lazım gəldi. Onlar da dərhal əməliyyata rəhbərliyi öz əllərinə aldılar, ingilislərə “kiçik qardaş” rolu ayrıldı. O da həqqətdir ki, ingilislər bu rola çox etiraz etmədilər, çünki amerikalılar xərcləri öz üzərilərinə götürürdülər. Əməliyyatın adı isə Vyanadakı ilə assosiasiyadan yarandı: “Qızıl”.

Böyük Britaniya tərəfindən əməliyyatda çox məhdud sayda adam iştirak edirdi. Amma o adamlardan biri Corc Bleyk idi. Nəticədə, Moskva əməliyyat barədə hələ 1953-cü ilin sonlarından, o, sadəcə müzakirə mərhələsində olanda xəbər tutdu. “Vaşinqton Post” qəzeti bu yaxınlarda Bleykin ölümünə həsr etdiyi məqalədə bunu belə təsvir edirdi: “Hələ ilk külünc alman torpağına dəymədən Bleyk çoxmilyonluq işi sabotaj etdi”.

Əməliyyat 1954-cü ilin yayın sonlarında Amerika zonasında “anbar” tikməklə başlandı. Həmin tikilinin içindən isə əvvəlcə şaquli, sonra da sovet zonasına tərəf uzanan üfüqi tunel qazıldı. Yerin 6 metr dərinliyində, insanların sərbəst hərəkət edə biləcəyi diametrdə olan tunelin uzunluğu 450 metr idi və qurtaracağında sovet tərəfinin istifadə etdiyi yeraltı telefon xəttinə qoşulurdu. Tunel o dövrün ən müasir dinləmə texnologiyaları ilə təchiz edildi. 6,5 milyon dollara başa gələn işlərdən sonra 1955-ci il mayın 11-dən etibarən telefon danışıqları dinlənilməyə başladı.

Bleykin əməkdaşlıq etdiyi SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (Komitet Qosudarstvennoy Bezopasnosti, KQB) “Qızıl” əməliyyatı barədə xəbərdar olsa da, dərhal əks-tədbirlər görmədi, çünki bu, Bleyki ələ verə bilərdi. KQB öz agentini qorumaq məqsədilə sovet hərbi kəşfiyyatını və Şərqi Almaniyanın “Ştazi” təhlükəsizlik nazirliyini belə telefon xətlərinin dinlənilməsindən xəbərdar etmədi. Hətta Şərqi Almaniyada sovet qoşunlarının komandanı olan marşal Qreçko da məsələdən xəbərsiz idi. KQB özü isə danışıqlarını yerüstü telefon xətlərinə etibar edirdi. Yeraltı xətlərdən isə hərdən dezinformasiya ötürmək üçün istifadə olunurdu.

Belə olan halda aydın idi ki, KQB-nin əvvəlcədən xəbərdar olması məsələni ciddi surətdə dəyişmirdi. Tunel fəaliyyət göstərirdi və amerikalılar önəmli məlumat toplayırdılar. Dinləmənin qarşısı mütləq alınmalı idi, amma bunu edərkən mənbəni təhlükəyə atmamaq lazım idi.

Bleykin 1955-ci ildə Berlinə göndərilməsi bu istiqamətdə ilk addım oldu. Çünki o, SİS-in dinləmələrə bilavasitə aidiyyatı olan “Y” şöbəsindən uzaqlaşdı. Amma bir qədər gözləmək və inandırıcı səbəb tapmaq lazım idi. Nəhayət, dinləmələrin başlamasında 11 ay sonra belə bir bəhanə tapıldı.

1956-cı ilin aprelin ikinci ongünlüyündə Berlində bir neçə gün davam edən leysan yağışlar yağdı. Bu yağışların güya telefon əlaqəsini korladığını əsas götürərək sovet və Şərqi Almaniya hərbi rabitəçiləri xətləri yoxlamaq üçün göndərildilər. Məhz bu zaman sözügedən tunel aşkar edildi. Ertəsi gün sovet tərəfi mətbuat konfransı keçirərək baş verənləri danışdı. Hadisə dünya gündəmində partlayan bomba effekti verdi.

Sovet zabiti Berlin tunelində
Sovet zabiti Berlin tunelində

Tunelin aşkar olunması əməliyyatı inandırıcı alındı. Amerikalılar da, ingilislər də hər hansı xəyanətdən şübhələnmədilər və qısamüddətli araşdırmadan sonra tunelin təsadüfən aşkar olunduğu qənaətinə gəldilər. Yalnız Bleykin 1961-ci ildə həbsindən sonra gerçək səbəb aşkar oldu.

“Qızıl” əməliyyatı istənilən qədər davam etməsə də, tamamilə boşa getdiyini də söyləmək olmaz. Dinləmələr zamanı toplam 40 min saat təşkil edən yarım milyon telefon danışığı lentlərə yazıldı. Teleqraf trafiki isə 6 milyon saat təşkil edirdi. Toplanan material üzərində iş 1958-ci ilin sentyabrına kimi davam etdi.

***

Bleyk Qərbə işləyən agentləri Moskvaya satdığı kimi, onu da Qərbə tərəf keçən bir kəşfiyyatçı satdı. Polşa hərbi kəşfiyyatının yüksək ranqlı zabiti Mihal Qolenevski 1959-cu ildən etibarən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency, CIA) ilə əlaqə quraraq məxfi məlumatlar ötürürdü. 1961-ci il də isə Qərbə qaçdı.

Kimisə ələ verən adam, əlbəttə, belə hallarda barmağını uzadıb, ya da ad çəkib məlumat vermir, çünki özü də o qədər bilmir. Onun dedikləri adətən dolayı məlumatlar olur, casusu hesablayıb tapmaq isə artıq məlumatı alan tərəfin işidir. İngilislər Qolenevskinin verdiyi dolayı məlumatlar əsasında Corc Bleykdən şübhələnməyə başlayırlar. Həmin dövrdə Bleyk Livanda idi və ərəb dilini öyrənirdi. İngiltərəyə təcili çağrılmasından şübhələnsə də, gedib-getməməklə bağlı tərəddüd keçirsə də, sonda getməyi qərara alır. 1961-ci ilin aprelində Londona gələn kimi isə həbs olunur.

İstintaqın əlində Bleykə qarşı sübutlar olmadığından öz etirafının alınması mühüm idi. İlk sorğu-sual zamanı o, günahını inkar edir. Nəhayət, təcrübəli müstəntiq Harri Şerqold “Biz bilirik, sənə əsirlikdə işgəncə veriblər, məcbur edilmisən” deyir. Bu sözlər nədənsə Bleykin qüruruna toxunur və o, “Mənə kimsə işgəncə verməyib, özüm təklif etmişəm” deyərək sovet casusu olduğunu etiraf edir.

Bleykin məhkəməsi elə həmin ildə, bağlı qapılar arxasında keçirildi. O zaman Britaniyada edam cəzası hələ mövcud olsa da, dinc dövrdə casusluğa görə nəzərdə tutulmurdu. Qanunvericiliyə görə bir cinayət üçün ən böyük müddətli cəza 14 il idi və Bleyk də ən pis halda bu qədər alacağını düşünürdü. Amma hakim onun əməlini üç müxtəlif epizoda böldü və hər birinə görə maksimum cəza təyin edərək üst-üstə topladı – 42 il!

Bu, o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır,  1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi). Sonralar verdiyi müsahibələrdən birində Bleyk deyirdi: “Əgər 14 il cəza alsaydım, kədərlərnərdim. 42 il o qədər qeyri-real idi ki, mən heç bir reaksiya verə bilmədim”. Sonrakı hadisələr göstərdi ki, məhz cəzanın ağırlığı Bleykə həbsdən qaçmağa kömək etdi.

***

Bleyk cəzasını Londonun qərbində yerləşən Uormvud-Skrabs həbsxanasında çəkir. Qolenevskinin məlumatları əsasında həbs olunan başqa bir sovet kəşfiyyatçısı Konon Molodıy da burada saxlanılırdı. Həbsxana rəhbərliyinin diqqətsizliyi səbəbindən onlar bir müddət əlaqə saxlaya, müzakirələr apara və xatirələrini bölüşə bilirlər.

Belə söhbətlərin birində Molodıy Bleykə söyləyir: “Corc, Oktyabr inqilabının 50 illiyi (1967-ci ildə) təntənələrində Qızıl meydanda birlikdə olacağıq”. Molodıyın belə nikbin olması üçün əsas vardı. O, sovet vətəndaşı idi, İngiltərədə başqa adla qeyri-leqal fəaliyyət göstərirdi. Buna görə də SSRİ-yə veriləcəyinə, dustaq mübadiləsinə ümid edə bilərdi. Belə bir mübadilə 1964-cü ildə baş verdi: Molodıyı SSRİ-də həbs olunan ingilis kəşfiyyatçısı Qrevil Vinn ilə dəyişdirildi.

Bleyk isə sovet vətəndaşı deyildi. Üstəlik, İngiltərə vətəndaşı olsa belə, ona ögey münasibət vardı, çünki ingilis deyildi, holland-yəhudi kökənli idi, Niderlandda anadan olmuşdu. Əslində öz doğma vətənini satmaq daha ağır cinayət sayılmalı və daha ağır cəzaya səbəb olmalı idi. Bleyk nümunəsində isə əksinə idi, özgə sayıldığına görə ağır cəza kəsmişdilər.

Müqayisə üçün göstərim ki, “Kembric beşliyi” adını alan və SSRİ-nin xeyrinə casusluq edən qrupun iki üzvü – Entoni Blant və Con Kernkross 1964-cü ildə Məxfi Kəşfiyyat Xidmətinə (daha çox Mİ-6 kimi tanınan SİS – Secret Intelligence Service) öz günahlarının etirafı və bildikləri bütün məlumatları bölüşmələri müqabilində hüquqi təqibdən immunitet qazandılar (beşliyin digər 3 üzvü SSRİ-yə qaçdı).

Blant və Kernkrossun etirafları uzun müddət gizli saxlanıldı. Bleykin həbsxana yoldaşlarının onlardan xəbərləri və müqayisə imkanları, təbii ki, yox idi. Bununla belə, onlar da 42 il müddətinə həbsi ədalətsiz və amansız hesab edirdilər. Belə dustaqlardan üçü Bleykin həbsxanadan qaçışına kömək etdilər.

Maykl Rendl və Pet Pottl nüvə silahı əleyhinə hərəkatın fəalları idilər. Onlar Esseks qraflığında ABŞ hərbi-hava qüvvələrinin ixtiyarında olan Uetersfild bazasına qanunsuz müdaxilə cəhdi ittihamı ilə tutularaq 18 aylıq həbs cəzası almışdılar. Şon Burk isə qanunla mütəmadi problemləri olan irlandiyalı idi. O, 1961-ci ildə bir polisə bombalı məktub göndərdiyinə görə həbs olunmuşdu. Partlayış nəticəsində kimsə ölmədiyindən cəzası 7 il idi.

Nüvə əleyhdarları özlərinin qısamüddətli cəzalarını çəkərkən Bleyklə dostlaşdılar. Sonralar Bleyk haqqında çəkiləcək sənədli filmə müsahibə verən Rendl deyirdi: “Biz onun etdiyini bəyənmirdik. Casusluq, xüsusən rusların xeyrinə, bizim ürəyimizcə deyildi. Amma 42 illik həbsi də doğru və ədalətli saymırdıq”. Az sonra onların cəza müddəti bitdi və azadlığa çıxdılar.

Şon Burk isə həbsxanada “New Horizon” adlı qəzet buraxırdı, Bleyk də qəzet üçün məqalələr yazırdı. Burk Bleykə kömək etməkdə daha qərarlı idi. Bir müddət sonra onun rejimi yumşaldı: gündüz azadlıqda olur, gecələr isə həbsxanaya qayıdırdı. O, bundan istifadə edərək Rendl və Pottlla əlaqə yaradır, qaçış planını müzakirə edirlər. 1964-cü ildə “Oskar” mükafatına layiq görülən “Tom Cons”filminin prodüsseri və rejissoru Toni Riçardson isə qaçışı maliyyələşdirdi.

Günlərin birində Burk həbsxanaya qayıdarkən özü ilə ratsiya keçirə bilir. Bununla da Bleykin Rendl və Pottlla ünsiyyəti asanlaşır. Onlar ratsiya vasitəsilə qaçışın detallarını müzakirə edirlər. Bir qədər sonra Burk özü də vaxtından əvvəl azadlığa buraxılır.

1966-cı il oktyabrın 22-də, şənbə günü, axşam saat 6-7 aralarında başqa dustaqlar filmə tamaşa edərkən Bleyk öz kamerasının yerləşdiyi dəhlizin sonunda pəncərəni sındıraraq həbsxananın həyətinə çıxdı və əsas divara tərəf qaçdı. Divarın o tayında gözləyən Burk ratsiya vasitəsilə xəbər aldıqdan sonra Bleykə kəndir nərdivan tulladı. Bleyk hasarı uğurla adlasa da aşağı enəndə yıxıldı və qolunu sındırdı. Amma bu qaçışa mane olmadı. Saat 9-da onlar Burkun əvvəlcədən tutduğu mənzildə televizorda xəbərlərə baxırdılar. Əsas mövzu Corc Bleykin həbsxanadan yoxa çıxması idi.

***

Böyük Britaniya hökuməti anlayırdı ki, Bleyk ölkədən çıxmağa çalışacaq və buna görə də hava və dəniz limanları nəzarətə alındı, eləcə də yollarda yoxlamalar həyata keçirildi. Amma Bleyk də hökumətin bu addımları atacağını bilirdi və ajiotaj yatmayana qədər ölkədən çıxmaq cəhdinin çox riskli olduğunu anlayırdı. Buna görə də bir müddət dostlarının tutduqları müxtəlif evlərdə gizləndi və ilk növbədə sınmış qolunun müalicəsi haqqında düşündü. Nəhayət, etibar etdikləri doktor tapıldı.

Qaçışdan yalnız ayyarım keçəndən sonra Maykl Rendl “Folksvagen T1” minivenində arvadı və iki uşağı ilə Avropaya milad səyahəti bəhanəsi ilə yola düşdülər. Minivendə gizli yer düzəldilmişdi və Bleyk hər hansı zərurət yarandıqda orada gizlənirdi.

Folksvagen T1
Folksvagen T1

Duvr limanına gələn yolçular buradan bərə ilə Belçikaya, buradan da Qərbi ALmaniyaya keçdilər və yollarına minivendə davam etdilər. Şərqi Almaniyanın sərhədi yaxınlığında Bleyk maşından düşdü, Rendllə vidalaşdı və keçid məntəqəsinə doğru yollandı. O, Şərqi Almaniya hərbçilərinə sovet nümayəndəsi ilə görüşmək istədiyini bildirdi. Dekabrın 18-i idi.

***

Həbsxanadan qaçışından bir il sonra Corc Bleyk Oktyabr çevrilişinin 50 illik yubileyi münasibətilə təşkil edilən paradda Qızıl meydanda, Konon Molodıy ilə birlikdə idi. Ona sovet vətəndaşlığı və polkovnik hərbi rütbəsi verildi. KQB-də məsləhətçi işləyir, Xarici kəşfiyyat akademiyasında dərs deyirdi. SSRİ-nin Lenin, Qırmızı Bayraq, I dərəcəli Vətən müharibəsi, “Şəxsi igidliyə görə”, Rusiyanın Dostluq ordenləri ilə təltif olundu.

Bleykdən az sonra Şon Burk Moskvada peyda oldu və ilyarım sovet hökumətinin xüsusi pensiyası ilə yaşadı. Amma sovet həyatı ona görə deyildi. Tezliklə İrlandiyaya qayıtdı və burada Corc Bleykin qaçışı barədə kitab yazdı. Böyük Britaniya onun ekstradisiyasın istəsə də, İrlandiya razı olmadı. İçki aludəçisi olan Burk 1982-ci ildə 48 yaşında vəfat etdi.

Burkun kitabında Rendl və Pottlu təhlükəyə atmamaq üçün onların adları çəkilmirdi. Dostlar özləri 1989-cu ildə “Bleykin qaçışı: biz Bleyki necə və niyə azad etdik?” adlı kitab yazdılar. Bundan sonra onlar məsuliyyətə cəlb olundular. 1991-ci ildə baş tutan məhkəmə prosesində etdiklərini Bleykin cəzasını qeyri-insani saymaları ilə əsaslandırdılar. Maraqlıdır ki, andlılar bu arqumenti onlara bəraət vermək üçün yetərli hesab etdilər. Pet Pottl 2000-ci ildə 62 yaşında vəfat etdi, Maykl Rendl isə həyatdadır, 87 yaşı var.

Corc Bleyk SSRİ-də İda Karayeva adlı rus qadınla yenidən ailə qurdu. “Başqa seçim yoxdur” və “Şəffaf divarlar” adlı avtobioqrafik kitablar yazdı. SSRİ-nin çökməsinə baxmayaraq, ömrünün sonuna qədər kommunist qaldı. Özünü satqınlıqda ittiham edənlərə isə belə cavab verirdi: “Satmaq üçün əvvəl mənsub olmaq lazımdır. Mən heç vaxt İngiltərəyə mənsubluğumu hiss etməmişəm. Özümü bir qədər niderlandlı, daha çox isə kosmopolit sayıram”.

Corc Bleyk (sağda) və "Kembric beşliyi"nin ən məşhur üzvü Kim Filbi Moskvada
Corc Bleyk (sağda) və “Kembric beşliyi”nin ən məşhur üzvü Kim Filbi Moskvada

***

Sovet kəşfiyyatının tarixini iki yerə bölmək olar. XX əsrin birinci yarısında Qərbdə Böyük depressiya, faşizmin müxtəlif təzahürləri, Birinci və İkinci dünya müharibələri səbəbindən demokratik quruluşlara inam xeyli sarsılmış, kommunizmə maraq artmışdı. Həmin dövrdə onlarla kəşfiyyatçı heç bir maddi maraq güdmədən, yalnız ideoloji bağlılıq üzündən özlərinə təhlükəyə ataraq SSRİ-nin xeyrinə casusluq edirdilər. Rixard Zorge, Kembric beşliyi, ər-arvad Rozenberqlər və başqaları, o cümlədən bəlkə də ifşa olunmadıqlarından adlarını bilmədiklərimiz belələrindən idilər.

Amma XX əsrin ikinci yarısından etibarən sözügedən təmayül azaldı. Stalin dövrü cinayətlərinin aşkar olunması, Moskvanın Şərqi Avropa xalqlarını əsarətdə saxlaması, 1953-cü ildə Şərqi Almaniyada, 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada etirazları silah gücünə yatırması, eləcə də demokratik ölkələrdə həyat səviyyəsinin yüksəlməsi SSRİ-nin və kommunizmin nüfuzunu sarsıtdı. Bundan sonra sovet kəşfiyyatı da öz mənbələrini əsasən pul və kompromat hesabına əldə edirdi.

98 yaşında vəfat edən Corc Bleyk birinci dövrün idealist nümayəndələrindən həyatda olan sonuncusu idi.

Yadigar Sadıqlı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Duman, yağış, dolu, qar – Sabahın hava proqnozu

redaktor

Parisdə qalmaqal: boksçu etiraz edib döyüşmədi – VİDEO

redaktor

Uşaqlarınızın şəkillərini paylaşmayın – Türkiyəli həkim

admin