DünyaSiyasət

“Rusiya bədbəxt ölkədir və biz dünyanın ən bədbəxt xalqıyıq” Arzu Qaziyeva

Trampın Budapeşt sammitini ləğv etmək və Rusiyanın enerji şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarı Putini o qədər qəzəbləndirib ki, adam nə hiddətini, nə də məyusluğunu gizlədə bilir.

Üstəlik, qərbi nüvə ilə praktik olaraq qorxutmağa, şantaj etməyə çalışır. Budapeşt sammiti ərəfəsində Rusiya “nüvə triadasının” bütün komponentləri ilə – yerüstü, dəniz və hava qüvvələrinin iştirakı ilə strateji nüvə qüvvələrinin irimiqyaslı təlimlərini keçirdi.

Plesesk kosmodromundan Kamçatka poliqonuna qədər “Yars” qitələrarası ballistik raketi buraxıldı. Qeyd etmək lazımdır ki, poliqon ABŞ sərhədlərinin yaxınlığındadır və məhz Kamçatkanın seçilməsi təsadüfi deyil. Bu təlim ABŞ-a açıq-aşkar qorxuducu, təhdidedici mesaj idi. Üstəlik, prosesi Putin özü müşahidə edirdi.

Tramp görüşü ləğv etdikdən və sanksiya hədəflərinin açıqlanmasından sonra isə Putin dərhal brifinq keçirərək təhdidlərini açıq mətnlə söylədi: “Əgər Rusiya Tomoqavklarla vurulsa, nəticəsi çox ciddi olacaq”.

Avropa İttifaqının 19-cu sanksiya paketinə də münasibətini bildirməyi yaddan çıxarmadı: “Əgər özlərini belə aparmaqda davam etsələr, onlara bizim unitazlar hələ çox lazım olacaq”.

Rusiya Ukrayna avantürasında böyük itkilər verir, həm özünü, həm də ölkəsini dalana dirəyib, yenə də inadından əl çəkmir, kal armud kimi boğazda ilişib qalıb. Putin çox gözəl anlayır ki, ABŞ-ın qəbul etdiyi sanksiyalar işə düşərsə Rusiya heç Çinə də bel bağlaya bilməyəcək, o, öz müharibəsində artıq təkdir. Buna baxmayaraq nüvə şantajından əl çəkmir.

Putin o qədər riyakardır ki, Budapeşt sammitinin ləğv olunmadığını, başqa vaxta keçirildiyini, “Danışıqlar qarşıdurmadan, mübahisələrdən yaxşıdır, xüsusən də müharibə getdiyi bir vaxtda” deyir. Adam özünü elə aparır ki, danışıqları oyuna çevirən, vaxt qazanıb Ukraynanı daha çox dağıdan, müharibənin davam etdirilməsində maraqlı tərəf sanki başqasıdır.

Trampla son telefon danışığından sonra Putinə Xarkovda 48 uşağın olduğu uşaq bağçasının üç Şahedlə vurulması ilə yerində xarabalıq qaldığını və hava siqnalı alan kimi zirzəmiyə düşürülərək xoşbəxtlikdən sağ qalmış həmin uşaqların baxışlarını, göz yaşlarını göstərmək lazımdır.

Bu xəstə təxəyyül sahibinin son brifinqinə baxanda anidən belə bir fikir yaranır: Rusiya bədbəxt ölkədir və biz dünyanın ən bədbəxt xalqıyıq ki, 200 ildən çox belə bir bədbəxt ölkənin içində olduq, indi də ictimai-siyasi əxlaqdan uzaq, xəstə təfəkkürlü birinin lideri olduğu ölkə ilə qonşuyuq.

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Moskva hava limanlarında terror təhlükəsi elan edildi

redaktor

Azərbaycan apreldə bu kəndləri azad edə bilər – Babacanyan

redaktor

Tramp: “Netanyahuya “davam et” dedim”

redaktor