CəmiyyətHadisəŞikayət

“O, bu statusu yazmaqla hakimiyyətə “pas” ötürürdü və hakimiyyət də “pas”ı qəbul etdi”

Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.

A.Qasımlının həyat yoldaşı Samirə Qasımlının “Toplum TV”-yə bildirdiyinə görə, prosesdə bu dəfə də siyasi şərhçinin dindirilməsi davam edib, lakin bu prosesdə dindirilmə yekunlaşıb.

“Proses saat 17.00-yə təyin olunsa da, yarım saat gec başladı. Bu dəfə Azər Qasımlının vəkili Rövşanə Rəhimli ona suallar ünvanladı. R.Rəhimli xatırlatdı ki, A.Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifov 2024-cü ildə “Facebook”da status yazaraq iddia edib ki, A.Qasımlı onu dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyib.

Vəkil soruşdu ki, Q.Yusifov bunu niyə yazmış ola bilər. A.Qasımlı isə cavab verdi ki, onun həbsinə hazırlıq gedirdi və Q.Yusifov bu statusu yazmaqla hakimiyyətə “pas” ötürürdü və hakimiyyət də “pas”ı qəbul etdi”, – S.Qasımlı deyib.

A.Qasımlı məhkəmədə xatırladıb ki, Q.Yusifov onun borcunu qaytarmadığına görə o, Mingəçevir Şəhər Məhkəməsinə müraciət edib və məhkəmə onun xeyrinə qərar verib.

“Həmin vaxt siyasi həbslər davam etdiyinə görə, Q.Yusifov fikirləşib ki, status yazıb borc məsələsini siyasiləşdirsin və hakimiyyət üçün A.Qasımlını həbs etməkdən ötrü belə bir situasiya yaratsın. Mən bilirdim ki, məni həbs edəcəklər, amma bilmirdim bunu hansı “sous”da təqdim edəcəklər. Q.Yusifov həmin statusu yazandan sonra bildim”, – A.Qasımlı bildirib.

Daha sonra R.Rəhimli Q.Yusifova suallar ünvanlayıb, ondan sözügedən sosial media paylaşımını niyə etdiyini soruşub.

“Bu adam konkret heç nə demirdi, sözü uzadırdı və manipulyasiya etməyə çalışırdı. R.Rəhimli ona bir neçə dəfə dedi ki, siz, ümumiyyətlə, sualı başa düşürsünüz? Axırda Q.Yusifov belə bir cavab verdi ki, atası onu A.Qasımlının onunla prinsip apardığına inandırıb”, – S.Qasımlı qeyd edib.

R.Rəhimli deyib ki, borc məsələsi illərdir davam etsə də və Mingəçevir məhkəməsi 2024-cü ilin aprelində qərar çıxarsa da, Q.Yusifov yalnız avqustda A.Qasımlının onu dövlətə qarşı qaldırmaq istədiyini iddia edib.

“Vəkil soruşdu ki, əgər belə bir hal var idisə, niyə Q.Yusifov bunu əvvəllər ictimailəşdirməyib? O isə belə bir absurd cavab verdi ki, əvvəl ictimailəşdirməyə imkanı olmayıb”, – S.Qasımlı qeyd edib.

S.Qasımlı əlavə edib ki, proses zamanı həm hakim, həm dövlət ittihamçısı tez-tez vəkilin və A.Qasımlının çıxışlarına müdaxilə edib və onları “mahiyyəti üzrə” danışmağa çağırıb.

“Hətta bir məqamda hakim A.Qasımlıya dedi ki, siz həbsinizin siyasi olduğunu yalnız ehtimallar əsasında deyirsiniz, sübutunuz yoxdur. A.Qasımlı isə cavab verdi ki, əlimdə iki sübut var: Birincisi, ittiham tərəfinin sübutu olmadığı halda mən aylardır həbsdəyəm. Bunu siz sübut etməlisiniz ki, mənim təqsirim nədir və ona görə həbsdə olmalıyam. İkincisi, 2024-cü ilin avqustunda Q.Yusifov iddianı qaldırandan sonra Mingəçevir polisi baxıb görüb ki, sübut yoxdur və işə baxmayıb. Lakin, nədənsə, həmin ilin dekabrında Yasamal polisində eyni iddia üzrə bu iş açılır. Çünki mənim həbsim haqda siyasi sifariş məhz o vaxt verilib”, – S.Qasımlı deyib.

Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur. (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Nemət Pənahlının qızından AÇIQLAMA

redaktor

İçdiyimiz mineral sularla bağlı acı həqiqətlər: Süni qazlar vurulur, marketlərdə satılmamalıdır – FOTO

redaktor

“Medera”da əməliyyat etdirən qadın öldü – FOTO

redaktor