Corc Oruell yazırdı ki, azadlıq iki vur ikinin dörd olduğunu söyləmək imkanının olmasındadır. Əgər buna imkan verilirsə, qalan hər şey mümkündür.
Əslində, Azərbaycanda korrupsiyanın, repressiyanın, seçki saxtakarlığının, hüquqsuzluğun olduğunu hamı bilir və hamı buna 2×2-nin 4-ə bərabər olduğuna əmin olduğu qədər əmindir.
Amma Azərbaycanda bu həqiqəti dilə gətirmək şərlənməklə, həbs olunmaqla, işdən çıxarılmaqla, “vətən xaini” damğası vurulmaqla nəticələnir.
Əgər sistem ikini ikiyə vuranda “5” alırsa, sən bunu alqışlamalısan. Yaxud, bu vurmanın cavabını “3” elan ediblərsə, yenə də bunu qəbul etməlisən. Yəni, sən sistemin arzuladığı qədər azad olmalısan.
Amma bir qrup adam ortaya çıxıb, ya qəsdən, ya da sadəlövhcəsinə “biz azadıq, rahat gəzirik, heç kim işimizə qarışmır, evimizdə təhlükəsiz yaşayırıq” deyir və öz aləmində səni tərksliah etmiş olur.
Bu məqamda Russonun məşhur fikri yada düşür. Russo deyir ki, Azadlıq, istədiyinizi etmək deyil, istəmədiyinizi etməməkdi.
Yuxarıda haqqında danışdığım adamlar, seçki saxtakarlığında iştirakdan imtina edə bilmədiyi, haqsızlığa qarşı çıxmağa cəsarət tapmadığı halda “mən azadam” deyən adamlardı. Bu adamlar nə qədər qeyri-azad olduqlarının fərqində deyillər.
Heynenin dediyi kimi nökərlik onların canındadır. Ağaları olmayanda da özlərini nökər sayırlar.
Azadlıqla bağlı başqa bir arqumenti isə Bernard Şou önə çəkir. Şou deyir ki, Azadlıq məsuliyyət gətirir. İnsanların çoxunun azadlıqdan qorxmasının səbəbi budur.
Məncə, bu, başqa yazıda ətraflı toxuna biləcəyimiz, ətrafında müzakirə açacağımız arqumentdi.
Amma istənilən halda fakt budur ki, seçmək hüququ, müstəqil məhkəməsi, azad mətbuatı olmayan heç bir xalq azad deyil.
Bu azadlıqlara can atmayanlar, içində bu tələbatı hiss etməyənlər isə ikiqat köləlik qəlibindədilər.
