Bir neçə gün öncə ölkədə səhiyyənin vəziyyəti və tibbi sığortanın yararsızlığı haqqında yazmışdım. 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi artıq Milli Məclisin müzakirəsinə təqdim edilib. Növbəti ilin büdcə paketindən belə məlum olur ki, 2026-cı il üçün tibbi sığortanın özünə sığorta lazım olacaq. Çünki qarşıdakı il üçün icbari tibbi sığorta xərcləri nə az, nə çox 36.5 faiz azaldılıb. Yəni Gözəl ağa çox gözəl idi, vurdu çiçək çıxartdı.
Deməli içində olduğumuz 2025-ci ildə icbari tibbi sığortasına dövlət büdcəsindən maliyyələşmə 1 milyard 416 milyon 405 min manat olub. 2026-cı ilin büdcə layihəsində bu məbləği 900 milyon manata endiriblər. Azalma 516,5 milyon manatdır. Təsəvvür edirsinizmi bu nə deməkdir? Bu səhiyyənin vətəndaşın cibi hesabına pullu xidmətə keçməsi deməkdir. Elə belə də izah edilir. Yəni icbari tibbi sığorta dövlət maliyyələşməsindən digər mənbələrdən maliyyələməyə (oxu vətəndaş maliyyələşməsinə) keçirilir. Daha bunun nəyi tibbi sığorta oldu?
Bu ölkədə it qapan adam quduzluq xəstəliyinə tutulub həyatın itirir, quduz məmurlar isə xalqın icbari tibbi sığortasını növbəti il üçün 36,5 faiz azaldır.
Diqqət edin! Ölkədə işsizlik hökm sürdüyü üçün “digər mənbələrdən” (qeyri-dövlət sektorundan) icbari sığorta fonduna daxil olmalar çox aşağıdır. Bu vəziyyət qeyri-dövlət sektorunun hansı vəziyyətdə olmasın bir aynasıdır. Gələn ildən vətəndaş birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə, sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir, yəni pul ödəməlidir.
Ən dəhşətlisi odur ki, indiyə qədər icbari tibbi sığorta haqları dövlət vəsaiti hesabına ödənilən işsiz əhali üçün gələn ildən icbari tibbi sığorta xidmətlərinin ödənişli olmasına keçilir. Yəni işsizlərin icbari tibbi sığortasının dövlət büdcəsindən maliyyələşdirilməsi dayandırılır. Onlar isə hazırda əmək qabiliyyətli əhalinin hökumətin iddia etdiyi kimi 5 faizini deyil, haradasa 35- 40 faizə qədərini təşkil edir.
Icbari tibbi sığortadan kəsmək 1xalqın sağlamlığından kəsməkdir. Öz korrupsiyalarından yox xalqın tibbi sığortasından kəsirlər. 10 milyonluq əhalinin 2026-cı ildə dövlət icbari sığorta fondu 900 milyon manata 529 milyon dollara endirilir, yəni 1 milyard manat da eləmir. Bilmirəm bu rəqəm gülməlidir, ya ağlamalı!?
