Bir cümləlik replikaya görə Fuad Qəhrəmanlı Kəramət Böyükçölün haqqında 3 status yazıb, cəbhəçilər də yazıçını topa tutublar. Bu məsələ ilə bağlı AXCP liderinə üz tutdum: “Mən hörmətli Əli Kərimlini bu linç kampaniyasını dərhal dayandırmağa çağırıram”…
Bu çağırışa cavab olaraq indi də cəbhəçilər məni asıb-kəsirlər. Arqumentləri də odur ki, Elbəyi Həsənli də Kəramət Böyükçöl kimi iqtidara işləyir. Mən 40 ildir ki, yazıram. 40 ildir ki, bu kimi ittihamlar eşidirəm.
Ancaq rasional düşüncə deyilən bir şey də var. Məsələn, mən yazdıqlarımdan 1-2 nümunə gətirirəm: “Əli Kərimlini həbs etmək yox, onun zorla əlindən aldığınız pasortunu geri qaytarın. 10-15 ildir ki, AXCP-nin qərargahını yoxdur. Hər rayonda, az qala hər kənddə YAP-ın binası var. Niyə AXCP-nin mərkəzi qərargahının olmasının qarşısına Çin səddi çəkmisiz…
Mənim baxışıma görə, belə işlər pis işlərdir. İqtidar pis iş görmək limitini çoxdan doldurub. Yaxşı, mütərəqqi işlər görmək lazımdır. Siyasi opponentləri məhv etmək yox, onlarla qarşılıqlı hörmət əsasında anlaşmaq lazımdır. İqtidar gücünü, enerjisini Azərbaycanın qarşısında duran problemlərin həllinə yönəltməlidir, bizim iqtidar isə müxalifət düşərgəsində əcinnə ovunu təkidlə davam etdirir”…2024-cü il 13 avqust.
Bu isə elə dünənki söhbətdir: “Azərbaycan iqtidarı AXCP-yə qərargah verməlidir, ən azı ona görə ki, YAP-ın hər rayonda möhtəşəm ofisləri var. Dövlət Ana Müxalifət partiyası kimi AXCP-yə kifayət qədər maliyyə ayırmalıdır ki, partiyanın gözü hansısa qrant təşkilatında, dövlətdə qalmasın. Əli Kərimlinin pasportunu da geri qaytarmaq lazımdır. Belə biabırçılıq olmaz”…2025-ci il. 10 oktyabr.
Bundan başqa Elbəyi Həsənli dönə-dönə onu da yazıb və yazır ki, iqtidar seçkiləri total şəkildə saxtalaşdırıb, medianı bütövlükdə kontrolda saxlayır, ölkə rüşvət və korrupsiya bataqlığında can verir, 400-ə çatan siyasi məhbus var. Yerlibazlıq, qohumbazlıq, regionçuluq ölkəni başına götürüb. Ona görə də YAP-ın dövlət idarəçilik sistemi kökündən dəyişməlidir. Yəni ayrı-ayrı fərdlər yox, bütövlükdə sistem ləğv olunmalıdır.
Belə fikirlər səsləndirən adamı iqtidara işləməkdə suçlamaq nə qədər məntiqlidir? Orasını bilmirəm.
Nədənsə bizim cəbhəçilər elə fikirləşir ki, iqtidarı tənqid etmək azdır, gərək deyəsən ki, Əli Kərimli dahi siyasətçidir. Ondan analar doğmayıb.
Xatırladım ki, Əli Kərimli 2001-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəsmi sədridir. 1993-cü ildən 2001-ci ilə qədər isə faktiki olaraq qeyri-rəsmi sədr olub.
Guya bunlar demokratdır, totalitar rejimə qarşı mübarizə aparırlar, mahiyyətdə isə özləri də totalitar düşüncənin daşıyıcılarıdır…
Kim istəyir məni iqtidarın ruporu hesab etsin və ya müxalifətçi saysın. Özləri bilər. Mən özümü həqiqəti yazmağa çalışan jurnalist hesab edirəm. Zülmətə qərq olmuş Azərbaycana şam işığı qədər xeyirli olmağa çalışıram…
P.S Biz qarabağlılarda belə bir misal var: necəsən özümü qoyum qanmazlığa, dədən-nənən yana-yana qalsın. Bir çox cəbhəçi də özünü qoyub qanmazlığa. Guya ki, reallığı görmürlər…
