DünyaGündəmSiyasət

Ersin Tatarın (Ərdoğan) məğlubiyyəti

Qismən tanınmış Şimali Kipr Türk Respublikasında (KKTC) 19 oktyarbda keçirilən prezident seçkisində rəsmi Ankaranın bütün vasitələrlə dəstəklədiyu dövlət başçısı Ersin Tatar seçicilərin cəmi 35.81 faizinin səsini qazanaraq seçicilərin 62.76 faizini qazanan Tufan Erhümana böyük fərqlə məğlub oldu.

Kiprdə seçki kampaniyası başlayan gündən Türkiyə Ersin Tatarın qalib gəlməsi üçün səfərbər olunmuşdu. Ersin Tatarın Türk Dövlətləri Təşkilatının Xankəndi və Qəbələ sammitlərinə dəvət olunması, prezident İlham Əliyev tərəfindən yüksək münasibət göstərilməsi də çox böyük ehtimalla Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın xahişi ilə gerçəkləşib.

Azərbaycanın KKTC-yə dəstəyinə kölgə salmaq istəmirəm, ancaq Ersin Tatarın TDT-nin Xankəndi və Qəbələ sammitləri zamanı gördüyü isti münasibət həm də prezident seçkilərinə təsir mahiyyəti daşıyırdı. Belə ki, Ersin Tatarın TDT-nin Xankəndi və Qəbələ sammitlərinə dəvət edilməsi Tatarın dəstəklədiyi Kiprdə “iki dövlət” prinsipinin uğur qazandığını, KKTC-nin beynəlxalq münasibətlərin subyektinə çevrildiyini nümayiş etdirirdi. Yunanıstan və Kipr Respublikasının simasında Avropa İttifaqı ilə açıq qarşıdurmadan çəkinməyərək Tatara verilən bihudə dəstək heç bir işə yaramadı.

Ersin Tatarın məğlubiyyəti KKTC-də seçkini qazanmalıyıq iddiası ilə köməkçisi Cevdet Yılmaz, AKP-nin önəmli simalarından keçmiş Daxili İşlər naziri Süleyman Soylu, keçmiş Müdafiə naziri Hulusi Akar, Cumhur İttifaqının ortaqlarından Böyük Birlik Partiyasının lideri Mustafa Destici və məşhur futbolçu Mesut Özil kimi şəxsləri Kiprə göndərən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da məğlub oldu.
Türkiyə iqtidarına yaxınlığı ilə tanınan GENAR Araşdırma Mərkəzinin seçkidən təxminən 20 gün əvvəl yayımladığı rəy sorğusuna görə Ersin Tatar seçicilərin təxminən 60 faizinin, rəqibi Tufan Erhümanın isə seçicin təxminən 40 faizinin dəstəyini qazanacağı ehtimal edilirdi. Seçkinin nəticəsi tam tərsinə oldu.

Bunun üç əsas səbəbi var. Birincisi, Türkiyənin son illər KKTC-yə israrla siyasi islam ixrac etməyə çalışması KKTC-nin yerli əhalisi tərəfindən açıq müqavimətlə qarşılanırdı. Yeri gəlmişkən qeyd edim ki, Türkiyənin bu siyasəti Azərbycana münasibətdə də müşahidə olunur. Bu barədə daha ətraflı yazmaq istədiyim üçün burada bu mövzudan geniş bəhs etməyəcəm.

Türkiyənin kıbrıslıların qardaş olsa da, fərqli toplum olduğunu anlamamalarını KKTC-dən olan dostlarımdan dəfələrlə eşitmişəm. Yeri gəlmişən Türkiyənin bəzi dairələri və onların Azərbaycandakı təbliğatçıları da Azərbaycanla Türkiyənin qardaş olmaqla fərqli toplum olduğunu anlamaq istəmirlər. Buna görə Türkiyə 19 oltyabrda KKTC-də üzləşdiyi vəziyyətlə yaxın zamanlarda Azərbyacanda da üzləşmək istəmirsə, siyasi islam ixracını dayandırmalıdır.

Tatarın məğlubiyyətinin ikinci böyük səbəbi isə Kiprdə “iki dövlət” ideyasının gerçəkləşməməsi, bunun nə zamansa gerçəkləşməsinə ümidlərin öləziməsidir. Ən son olaraq Çinin Kipr Respublikaısnı adanın tək təmsilçisi kimi tanıdığını və dəstəklədiyini nümayişkəranə sürətdə ifadə etməsi göstərir ki, KKTC-nin müstəqil dövlət kimi beynəlxalq birlik tərəfindən tanınması ehtimalı sıfıra yaxındırır. KKTC-nin əhalisi də bu qeyri-müəyyənlidən yorulub.

KKTC-də əhalinin mövqeyində baş verən dəyişikliyin heç şübhəsiz əsas səbəblərdən biri də Türkiyə müqayisədə Avropada həyat standartlarının dəfələrlə yüksək olmasıdır. Bu da KKTC əhalinin seçiminə təsir edən əsas amillərdən biridir. KKTC-dən olan dostlarla söhbətimizdə bunu dəfələrlə müşahidə etmişəm.
Azərbaycan isə 19 oktyabr seçkisindən özü üçün dərs çıxarmalı, siyasətini Türkiyə ilə sinxronlaşdırmaqdan əl çəkməlidir. KKTC-də üzləşdiyimiz vəziyyətlə Yaxın Şərqdə daha pis formada üzləşə bilərik. Ona görə Suriya, Qəzza və ümumiyyətlə Yaxın Şərqdəki proseslərdən uzaq qalmağa çalışmalıyıq.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyəli siyasətçidən şok açıqlama: Krımı Rusiya ərazisi kimi tanıyırıq

redaktor

Baydenin neçə ay ömrü qalıb? – Ağ Evin keçmiş həkimi açıqladı

redaktor

Almaniyanın Putinə qarşı mövqeyi dəyişib

redaktor