16 sentyabrda “The Telegraph” yazdı ki, Tramp “Ukraynanın qələbə fondu”nu yaratmaq və onu Çin məhsullarına 500%-lik yeni tarif hesabına doldurmaq istəyir. ABŞ nümayəndələri bu planı avropalılarla müzakirə etməlidirlər.
Qərb Ukraynanı silahlandırmaq üçün pul tapmaqda çətinlik çəkir. Plana görə Çinin ABŞ-a və Avropaya ixracına tətbiq ediləcək yüksək tarifdən qazanılacaq pul Ukraynanı silahlandırmaq və Rusiyaya təzyiq etmək üçün istifadə ediləcək. Vaşinqton Pekinin dəstəyinin Rusiya hərbi-sənaye kompleksi üçün vacib olduğuna inanır və Putini danışıqlar masasına oturtmaq üçün iqtisadiyyatdan istifadə etməyə ümid edir. Qəzetin yazdığına görə Avropa planla razılaşmazsa, Tramp ənənəvi şantajından (Avropa maəhsullarına tarifi yüksəltmək) istifadə edə bilər.
Bu xəbəri oxuyuram, inanmaq istəmirəm: nə qədər axmaq olmalısan ki, belə plan təklif edəsən! Amma ABŞ-ın son vaxtlar etdiklərinə baxanda inanıram ki, bunlardan hər şey gözləmək olar.
Özünüz düşünün.
Gömrük tarifi nədir? Hər hansı ölkədən idxal olunan məhsulun dəyərinə görə faizlə təyin olunmuş vergi və ya rüsum. Yəni tarif 10%-dirsə, $100-lıq məhsul ölkə ərazisinə $110-a daxil olacaq.
Tarifi kim ödəyir? İdxalçı ölkənin müştərisi (fiziki və ya hüquqi şəxslər). Çünki idxalçı şirkət məhsulu, məsələn, Çindən $100-a alıbsa, öz ölkəsində tarifin neçə faiz olması ixracatçı şirkətin qiymətinə təsir göstərməyəcək. Tarifi idxalçı şirkət ödəyir. 10%-lik tarif 100%-ə qaldırılırsa, idxalçı şirkətin məhsula görə xərcləri artıq $110 yox, $200 olur. Deməli, o həmin məhsulu müştərilərinə $110+ yox, $200+ qiymətə satacaq. Heç bir şirkət ziyanına məhsul idxal etməz. Nəticədə tarifin artımı son müştərinin xərclərinin artmasına səbəb olur.
İndi təsəvvür edin ki, ölkə Çin məhsullarına tarifi 500% edir. Bu o deməkdir ki, müştərilər Çin mallarına əvvəlkindən azı 5 dəfə artıq xərc çəkməlidirlər. Dünyanın kütləvi istehlak mallarının az qala yarısı Çində istehsal olunur. Çin məhsullarından azı yaxın 5 ildə imtina etmək mümkün deyil. Bəs onda əhali belə kəskin bahalaşma qarşısında nə edə bilər? Təbii ki, üsyan!
Yəni sadə proqnozu ABŞ-ın qırmızıpapaqları bilmir?
