Hanı dediyim bəy ərənlər,
Dünya mənimdir deyənlər…
Bu sözlərim bu gün vəzifədə olan, rejimin cinayətlərinə şərik çıxan məmurlara ünvanlanır. Dayanın, bir az düşünün. Keçmişə baxın, ətrafınıza baxın. Sizdən qat-qat güclü, daha sadiq, daha “vəzifəli” adamlar bu rejimə illərlə xidmət etdilər. İndi hanı onlar?
Ramiz Mehdiyev – 24 il bu hakimiyyətin dayağı idi. İndi 87 yaşında ömürlük həbs təhlükəsi qarşısındadır. Əli İnsanov 15 ilini zindanda keçirdi. Eldar Həsənov hələ də həbsdədir. Eldar Mahmudov illərlə ev dustağı oldu. Vasif Talıbovdan xəbər yoxdur. Adnan Əhmədzadə lüks həyatdan birbaşa həbsə atıldı. Onlardan hansının xidmətləri sizinkindən az idi? Heç birinin! Əksinə qat-qat artıq idi. Amma sonları nə oldu?
Baxın, ibrət götürün. Bu rejim qaldıqca, hamınızı eyni aqibət gözləyir. Bu sistem heç kimi qoruyub saxlamır, zaman-zaman öz balalarını yeyir. Sizi də indi istifadə edir, sabah isə ən yaxşı halda qırağa, böyük ehtimal isə həbsə atacaq. Nə qədər gec deyil, dayanmaq lazımdır.
Mən sizə “hakimiyyətə qarşı çıxın” demirəm. Yalnız bir şeyi başa salmaq istəyirəm: bu rejimin yaşaması üçün işləməyin. Onların yalanlarını ört-basdır etməyin, cinayətlərinə alət olmayın. Sadəcə sakit qalın, vicdanınıza qulaq asın. Fəaliyyətsizlik də bəzən böyük mövqedir.
Unutmayın: heç bir vəzifə, heç bir titul ömürlük deyil. Gün gələcək, bu rejim də, onun dayaqları da çökəcək. Amma kimlər ləyaqətlə, kimlər xəyanətlə xatırlanacaq – bu sizin bugünkü seçiminizdən asılıdır.
Tarixdə lənətlə xatırlanmaq istəmirsinizsə, xalqın tərəfində olun demirəm, ən azı zülmün maşınında diş olmayın. Ədaləti, vicdanı, insanlığı unutmayın, çünki sabah sizi xilas edəcək tək şey elə bu olacaq.
