Karl Popper 80 il əvvəl yazırdı ki, güclü sistem o deyil ki, onu ən ağıllı və ən sərt adam idarə eləyir. Güclü sistem odur ki, orda ən pis, ən axırıncı adam belə hakimiyyətə gəlsə, sistemi, ölkəni məhv eləyə bilmir.
İndi gəlin baxaq, bir Ramiz Mehdiyev 2025-ci ildə Azərbaycan siyasi sistemini nə günə salıb. 3 gündür 87 yaşlı Ramizə görə özünə deputat deyən adamların çıxmadıqları hoqqalar qalmayıb. O bunu söyür, bu ona söz atır. Ortaya çıxır ki, 7 ildir vəzifədən getmiş adamın qondarma dövlət şurası quracaq qədər sadiq adamı varmış. Və Rusiya yaxşılıq edib, bunu xəbər verməsə, kim bilir 87 yaşlı qoca ölkənin başına nələr gətirəcəkmiş.
Ən dəhşətlisi də hamı Ramizin 30 ildən çox Rusiyanın adamı olduğunu bilirmiş. Amma heç kim onun qarşısını ala bilmirmiş.
Əslində baş verənlər və yazılanlar böyük bir problemin gizli etirafıdır. Azərbaycanın siyasi sistemi Ramiz Mehdiyev kimi problemləri həll etməkdə uğursuzdur. Ramiz Mehdiyev kimilər elə bu cür sistemin nəticəsində yaranır, formalaşır və bu qədər yayılır. İş işdən keçəndən sonra Ramizi dar ağacından assalar, nə fərq edəcək?!
Yəni, biz daha 20 il də qorxu ilə yaşamalıyıq ki, filan məmur görəsən axırda haranın agenti çıxacaq? Yəni, Azərbaycan siyasi sistemi daha 20 il də Rusiyanın “mərhəmətinə” güvənməlidir ki, nəsə olsa xəbər edəcəklər bizə?
Okey, Eldar Mahmudovun xəyanətini ruslar xəbər verdi, Ramizi ruslar deşifrə elədi. Bəs deşifrə eləmədikləri? Bir gün desələr ki, “bilirik, amma demirik”, Onda necə olacaq? Nə vaxta qədər ölkə qonşunun mərhəmətindən, kiminsə sədaqətindən asılı olacaq?
Bax, ölkədə normal seçki sistemi olsa, deputat olmaq yolu Administrasiyadan yox, xalqın səsindən keçsə, seçilən deputat kiminsə qabağında “gözükölgəli” olmasa, vəzifəli şəxsdən paket almayan azad mətbuat olsa, adamlar küçəyə çıxıb etirazını edə bilsə, vəzifəli şəxsdən belə şikayət edəcəyimiz, sifarişsiz azad məhkəmələr olsa, Ramiz kimi adamlar ortada at oynada bilərdimi?
Bu mənim şəxsi kəşfim filan deyil, reallıqdır. İstər inanın, istərsə də Ramiz Ənvəroviçi söyməyə davam edin. Amma hələ ortaya çıxmayan Ramizlərin axırı necə olacağını da bir düşünün.
