Əslən Azərbaycandan olan rusiyalı milyarder Fərhad Əhmədov oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
Tacxeber.com “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, o, Britaniya məhkəməsinin qərarı ilə üzərinə həbs qoyulmuş və Dubayda saxlanmış “Luna” yaxtasına görə məhkəmədə ifadə verib.
70 yaşlı iş adamı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, Fransanın “Saur” şirkətinin vitse-prezidenti Anas Derrazın məhkəməsində dindirilib. Bu cinayət işi üzrə daha bir nəfər – Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla isə beynəlxalq axtarışa verilib.
Cinayət işində iddia olunur ki, onlar birlikdə Əhmədovun yaxtasının üzərindən həbsi götürmək, beynəlxalq sularda yenidən üzməsini təmin etmək vədi ilə iş adamını aldadıb 600 min dollarını alıblar.
Məhkəmədə ifadə verən F.Əhmədov deyib ki, həyat yoldaşından boşanandan sonra keçmiş xanımı ona qarşı əmlak iddiası qaldırıb. Böyük Britaniya məhkəməsi də iddianı təmin edib: “Məhkəmə keçmiş həyat yoldaşımın əsassız iddiası ilə dəyəri 300-400 milyon olan yaxtanın üzərinə həbs qoyulması barədə qərar çıxardı. Bu barədə digər ölkələrə, Birləşmiş Ərəb Əmirliklərinə də məlumat verildi. Orada yaxta saxlanıldı. Yaxtanın üzərindən həbsin götürülməsi üçün hüquqi imkanlardan istifadə etmək istəyirdik. Oğlum Dubayda yaşayırdı. Bu işdə kömək edə biləcək adamlar axtarırdıq”.
Onun sözlərinə görə, A.Derrazla bu barədə danışıblar, o da öz növbəsində Benalla ilə məsləhətləşib kömək etməyə söz verib.
F.Əhmədov deyir ki, cütlük bu iş üçün ondan 6 milyon 140 min dollar pul istəyib. Aralarında imzalanan üçtərəfli müqaviləyə görə, razılaşma belə olub ki, ilkin 600 min dollar verilir. Yaxtanın üzərindən həbs götürüləndən sonra isə 15 gün ərzində 5 milyon 540 min dollar ödənməsi nəzərdə tutulur.
F.Əhmədov şəxsi hesabından 400 min dollar A.Benallanın, 200 min dollar isə A.Derrazın hesabına köçürüb.
“Nə iş gördülər, nə də pulumu qaytardılar. Deyirdim ki, Göyçayda nar plantasiyalarım var. Orada adamlar 6-7 saat işləyib 20 manat pul alırlar. Siz isə 600 min dollar almısınız, heç bir iş də görməmisiniz. Pulu niyə qaytarmırsınız?”, – F.Əhmədov deyib.
O əlavə edib ki, məhkəmə qarşısında dayanan A.Derrazı hüquqşünas kimi tanıyıb, onun mühəndis olduğunu bilməyib.
Təqsirləndirilən A.Derraz isə özünü təqsirli bilmir. O, bundan öncəki məhkəmə iclaslarında F.Əhmədovun pulunun ələ keçirilməsi ilə bağlı ittihama münasibət bildirərkən deyib ki, o, pulu hüquqi məsləhətlərə və vəkil tapılmasında köməyinə görə alıb.
“Mən hüquqşünas olmadığıma görə hüquqi prosesdə iştirak etməmişəm, məsləhətlər vermişəm. Yaxtanın azad olunması üçün ona bir neçə vəkil kömək edib. Mən mühəndis olsam da, hüquqi sahədə təcrübəm vardı. İşləri koordinasiya etmişəm. Mən onların mandatlı nümayəndəsi idim”, – o deyib.
Cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
41 yaşlı A.Derraz Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli əmlakı leqallaşdırma) və 32.5, 311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddələri ilə ittiham olunur. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
