Saytımızın email ünvanına Bakıda fəaliyyət göstərən mağazanın əməkdaşə tərəfindən yazılmış şikayət məktubu daxil olub. Yazı müəllifi çalışdığı şirkətin rəhbər işçilərinin xanım əməkdaşlardan qeyri-adi və qanunsuz tələbindən bəhs edir.
Tacxeber.com olaraq yazını olduğu kimi sizə təqdim edirik, öncədən qeyd edirik ki, qarşı tərəfin də məsələ ilə bağlı fikrini paylaşmağa hazırıq:
“Mən Yves Rocher şirkətində çalışıram. İşim müştərilərə məhsulları təqdim etmək, satışla məşğul olmaqdır. Amma son aylarda iş şəraitimiz dözülməz hala gəlib. Menecer hər gün bizdən yəni qadın işçilərdən şəklimizi çəkib göndərməyi tələb edir. Gündəlik olaraq, işə başlamazdan əvvəl “selfie” şəkil göndərməsək, bizi danlayır, bəzən açıq formada tənbeh edir. Üstəlik, “kosmetikasız gəlmək olmaz” deyərək makiyaj etməyi məcburi şərt kimi qoyub.Ən əsası isə budur ki, işə qəbul zamanı bu barədə heç nə deyilmir, əmək müqaviləmizdə belə bir bənd yoxdur. Sadəcə sonradan bizə bildirildi ki, “bu, mağazanın qaydasıdır”. Amma həmin qaydalar rəsmi sənədlərdə yoxdur.
Biz kosmetika mağazasında işləsək də, bu o demək deyil ki, hamı hər gün məcburi makiyaj etməlidir və şəxsi şəkillərimiz rəhbərliyə göndərilməlidir. Bu, artıq şəxsi həyata müdaxilədir və hörmətsizlikdir. Bununla yanaşı bir dəfə öz şəkilimi İT mütəxəssisinin telefonunda gördüm və başa düşdüm ki, şəkillərimizin təhülkəsizliyi təmin olunmur.
Mən və digər həmkarlarım inanırıq ki, bu, Əmək Məcəlləsinin 16-cı maddəsinin, Konstitusiyanın 32-ci maddəsinin və “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinin pozulmasıdır.
Biz sadəcə işimizi vicdanla görmək, şəxsi seçimimizə və şəxsiyyətimizə hörmətlə yanaşılmasını istəyrik.
Sizdən son dərəcə xahiş edirəm ki, adım anonim qalsın və məsələni işıqlandırasınız. Və ümid edirik ki, sizin işıqlandırmanızla aidiyyəti dövlət orqanları da bu məsələyə münasibət bildirər”.
