Suriyanın prezidenti Əhməd əl-Şara Moskvadadır. O, Putinlə görüşüb. Bu, onların yüksək səviyyədə ilk görüşüdür.
Prezidentlər təhlükəsizlik və Rusiyanın Suriyada mövcudluğunu müzakirə ediblər. Bu mövzunun fonunda həm də Suriyanın keçmiş prezidenti Bəşər Əsədin taleyi müzakirə mövsudur. Məlumdur ki, Əhməd əl-Şara çoxdandır ki, onun geri qaytarılmasını tələb edir. Suriya prezidenti Bəşər Əsədin törətdiyi cinayətlərinə görə hərbi məhkəmə qarşısında cavab verməsini israr edir.
Bəşər Əsəd Yaxın Şərqin ən qəddar qaniçən liderlərindən olub və ailəsi ilə Moskvaya qaçdıqdan sonra burda sakit və rahat yaşayır.
O, hələ prezident olanda 2013-cü ildən başlayaraq Rusiyanın paytaxtında daşınmaz əmlak sahəsinə böyük məbləğdə sərmayə qoymuş və xeyli mülk almışdır.
İndi həmin mülklərdən biri olan 20 mənzilli Moskva-Sitidə məskunlaşıb, arada Moskva ətrafı malikanəsində qalır.
Alman qəzeti Die-Zeit yazır ki, heç bir ciddi məşğuliyyəti olmayan Bəşər Əsəd bekarçılıqdan onlayn-oyunlarla başını qatır.
Onun qardaşı Mahir Əsəd isə “Four Seasons” mehmanxanasında yaşayır və günlərini içki içib qəlyan çəkməklə keçirir.
Bəşər Əsədin xanımı Əsma Əsədsə qan xərçəngindən əziyyət çəkir.
Ailəni Rusiyanın FTX və qeyri-rəsmi mühafizə qoruyur. Onların xərclərini Rusiya hakimiyyəti ödəyir.
Nəşr yazır ki, bu mühafizənin qiyməti ətraf aləm üçün tam görünməz olmaqdır. Bəşər Əsəd nə ictimaiyyət arasında görünür, nə də müsahibə verir.
Belə didərgin və guşənişin həyat keçmiş prezident üçün mənən öldürücü həyatdır. Yəqin ki, xalqına zülm edəndə heç zaman sonluğu barədə düşünməyib, nümunələr görsə də, öz başına gələcəyinə inanmayıb. Avtoritar liderlər eyni cür düşünürlər: mənimlə o cür olmayacaq. Lakin tarixin öz qanunauyğunluğu var. Heç zaman elə olmayıb ki, zülmkar cəzasından qaça bilsin. Tarixdə belə təcrübə yoxdur.
Əhməd əl -Şara Suriyanın təhlükəsizlik sistemində Rusiyanın da iştirakını Bəşər Əsədin qaytarılmasıyla alver edəcək.
Bəs Putin hansı maraqları üstün tutacaq? Əhməd əl-Şara ölkəsinə Bəşər Əsədlə qayıda biləcəkmi?
