“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) ABŞ senatoru Cin Şehinin ona yazdığı məktuba cavab verib.
Tacxeber.com olaraq məktubu sizə təqdim edirik.
“Salam, hörmətli Cin Şehinin!
İlk öncə diqqətiniz üçün təşəkkür edirəm!
Bu gün mənim ad günümdür və mən Azərbaycan dövlətinin şərlənməsinə məruz qalmışam deyə doğum günümü yaxınlarımla, azadlıqda deyil, dəmir barmaqlıqlar ardında keçirməyə məcbur buraxılmışam.
Əlbəttə, biz həqiqət uğrunda mübarizə yoluna girəndə, jurnalistikanın peşə etikasına sadiq qalanda çətinliklərlə üzləşəcəyimizi bilirdik və buna hazır idik. Çox sevinirəm ki, hazırda tarixin doğru üzündə dayanmışam və məşəqqətli olsa da nikbinliyimi qoruyub saxlaya bilirəm.
Çox təəssüf ki, hazırda dünyada iqtisadi maraqlar insan haqlarından daha prioritet müstəvidə tutulur. Heç kimə sirr deyil ki, insan haqları məsələsi çoxdan al-ver predmetinə çevrilib. Müharibələri başladanlar, minlərlə insanların ölümünə fərman verənlər özlərini sülh carçısı elan etməkdən çəkinmirlər. Lakin unutmaq olmaz ki, hər müharibə dünyanı daha da avtoritarlaşdırır, istismarçı, hegemonluq etmək istəyən dövlətləri söz sahibinə çevirir.
İnsan haqlarını öz riyakarlıqlarında istifadə etmək istəyənlərin sırasında olmadığınız üçün sizə təşəkkür edirəm. Bir gün ədalətin və həqiqi sülhün zəfər çalacağı ümidi ilə,
Ülviyyə Əli
13.10.2025, Bakı İstintaq Təcridxanası”