Venesuela Norveç və Avstraliyadakı səfirliklərini bağladığını, Burkina-Faso və Zimbabvedə yeni diplomatik nümayəndəliklər açdığını elan edib. Oktyabrın 10-da venesuelalı müxalifətçi Mariya Korina Maçadoya Nobel Sülh Mükafatı verilmişdi.
Nikolas Maduro hökuməti qərarın “resursların strateji yenidən bölüşdürülməsi”, diplomatik xidmətin restrukturizasiyası çərçivəsində qəbul olunduğunu bildirib.
Norveç Xarici İşlər Nazirliyi (XİN) səfirliyin bağlanması barədə bildiriş aldığını, amma səbəbin açıqlanmadığını deyib.
Oktyabrın 12-də prezident Maduro Hindilərin müqavimət günü ilə bağlı tədbirdə çıxışında Maçadonu “iblisanə cadugər” adlandıraraq deyib ki, “əhalinin 90 faiz onu rədd edir”.
Nobel Komitəsi oktyabrın 10-da Maçadoya Nobel mükafatının Venesuela xalqının demokratik hüquqları uğrunda mübarizəsinə görə verildiyini açıqlayıb.
Maçado Venesuela parlamentinin keçmiş deputatıdır. O, 2014-cü ildə ölkədə kütləvi etirazların əsas fiqurlarından biri olub. 2023-cü ildə prezidentliyə namizəd olmaq üçün ilkin seçkiləri udub, amma hakimiyyət onun namizədliyini ləğv edib. Sonra prezidentliyə Edmundo Qonsales namizəd göstərilib. Hazırkı prezident N.Maduro seçkilərdə qalib gəldiyini elan etsə də, BMT də daxil olmaqla müstəqil müşahidəçilər buna etiraz edib. Avropa Parlamenti və ABŞ Dövlət Departamenti E.Qonsalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıyıb.
2025-ci ilin yanvarında Maduronun andiçmə mərasimindən öncə Maçadonun qaçırıldığı bildirilir. Bəzi mənbələr onun təhlükəsizliyinə görə gizləndiyini yazır. (AzadløqRadiosu)
