CəmiyyətDünya

Azərbaycanda mahiyyətinə varmadan istənilən hadisədən Ərdoğan üçün təbliğat kampaniyası düzəldirlər.

“Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst yerinə yetirməsi, dövlət, özəl qurum və ya iş yerlərində çalışa bilmələri haqqında qanun” var.

1981-ci il sentyabrın 25-də qəbul edilib.

Qanun türk soylu əcnəbilərin (xarici ölkə vətəndaşları, eləcə də vətəndaşlığı olmayanlar) Türkiyədə iş icazəsi (çalışma izni) almasını tənzimləyir. Qanunda kimlərin türk soylu sayıldığı konkret göstərilməyib. Amma yaşadıqları ölkələrdə təqib olunan türklərin – Batı Trakya (Yunanıstan), Bolqarıstan, uyğur (Çin), Krım və Ahıska (SSRİ) türklərinin nəzərdə tutulduğu aydındır.

Üç gün əvvəl prezident Ərdoğan bu qanunla bağlı Əsasnaməyə (yönetmelik) dəyişiklik və əlavələr edib. Bunlara nəzər salanda bu qanunun Azərbaycan və digər müstəqil türk cümhuriyyətləri ilə əlaqəli ola bilməyəcəyini asanlıqla anlamaq olur.

Məsələn, gətirilən yeni şərtə əsasən Türkiyədə iş icazəsi almaq istəyən türk soylu şəxs vətəndaşı olduğu ölkənin əhalisinin mütləq əksəriyyətindən fərqli etnik və mədəni kimliyə sahib olduğunu sübut etməlidir. Əgər bu qanun və əsasnamə Azərbaycan vətəndaşlarına aiddirsə, onda belə çıxır ki, Türkiyədə çalışmaq üçün yalnız mütləq çoxluq – Azərbaycan türklərindən fərqli etnik-mədəni kimliyə malik türk soylu Azərbaycan vətəndaşları (?) müraciət edə bilər. Təbii ki, belə bir absurdizm mümkün deyil.

Digər yeni şərtə görə, türk soylu şəxs o halda Türkiyədə çalışma izni almaq üçün müraciət edə bilər ki, vətəndaşı olduğu ölkədə özündən asılı olmayan səbəblərlə peşəsini, sənətini yerinə yetirmək imkanından məhrum olsun və həyatını Türkiyədə davam etdirmək zorunda qalsın. Bu yerdə bəlkə türk cümhuriyyətlərində siyasi və ya digər səbəblərlə təqib olunan şəxslər ağla gələ bilər, amma aydındır ki, Türkiyə hazırkı müstəqil türk dövlətlərində hökumətlərin təqibinə məruz qalanlara belə bir imtiyaz verməz. Uyğurlar bu təsnifata aid edilə bilər, lakin Türkiyə hökuməti Çindən qaçıb gələn uyğurlara çox vaxt heç sığınacaq da vermir, o ki qala iş icazəsi.

Başqa bir əlavəyə görə, kimlərin türk soylu sayıldığı dəqiqləşdiriləcək və buna prezident qərar verəcək.

Bu məqamları aydınlaşdırmaq internetdə 10-15 dəqiqə axtarış tələb edir. Amma Azərbaycanda mətbuat ölüb. Mahiyyətinə varmadan Türkiyə ilə bağlı istənilən hadisədən prezident Ərdoğan üçün təbliğat kampaniyası düzəldirlər. Halbuki Ərdoğanın balaca Azərbaycanın auditoriyası məhdud saytları tərəfindən bu qədər təbliğ olunmağa ehtiyacı yoxdur.

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şalot soğanı idxalı gömrük rüsumundan azad edildi

redaktor

İsrail Qəzza zolağının sakinlərini təxliyə etməyi ƏMR ETDİ

redaktor

Xankəndi separatçıları təxribata hazırlaşır – VİDEO

redaktor