CəmiyyətHadisə

Aynur Elgünəş: Ombudsman nümayəndələri təcridxanaya gəlib, bir nəfəsliyi açıb içəri boylanmayıb

“Meydan TV”-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş saxlanıldığı Bakı İstintaq Təcridxanasına (BİT) Ombudsman Aparatının işçilərinin gəldiyini, lakin məhbuslarla görüşmədiklərini xəbər verib.

Bu barədə A.Elgünəş “Meydan TV”-nin ictimailəşdirdiyi məktubunda qeyd edib.

“Oktyabrın 9-da Ombudsman Aparatının nümayəndələri yollarını azıb Bakı İstintaq Təcridxanasına təşrif buyurublar. Saxlanıldığımız 11 ayda ilk dəfə idi gəldiklərini eşidirdim. Ombudsmanın nümayəndələrinin gəldiyi vaxt nəfəsliklər qapalı olduğundan heç kim bu barədə bilməyib də. Nə məhbuslara xəbər verilib, nə də özləri hansısa nəfəsliyi açıb içəri boylanıb. “BİT-ə gedildi” tapşırığına quş qoymaq üçün gəliblər və insan görmədən qaçıblar.”

A.Elgünəş deyir ki, həmin vaxt özü istintaq otağında olub və Ombudsman Aparatının nümayəndələri əgər istəsəydilər, onu yanlarına çağıra bilərdilər.

“Əslində bu məsələ mənim heç vecimə deyil, nə saxlanılma şəraitimdən şikayətlənəcəkdim, nə də səhhətimdən. Ancaq yenə də dövlətin öz vətəndaşına qarşı ayrı-seçkiliyi, etinasızlığı yolverilməzdir, hakimiyyət nümayəndələrinin fərqli fikirlərə qarşı qərəzi, düşmənçiliyi kimi alqılanır. Bu iradlarımı BİT rəisi Elnur İsmayılova da çatdırdım. Bundan sonra insan haqları müvəkkilinin müavini mənimlə və Şərqiyyə Sadıqova ilə telefonla danışaraq narazılıqlarımızı dinlədi”, – o qeyd edib.

“Buradan isə Nelson Mandelanın bir fikrini Ombudsman Səbinə Əliyevaya çatdırmaq istəyirəm: “Bir dövlətin həbsxanasında olmayınca həmin dövlətin iç üzünü görə bilməzsən. Bir dövlət yüksək təbəqələrdən deyil, aşağı təbəqələrdən olan vətəndaşlarına münasibətinə görə qiymətləndirilə bilər””, – A.Elgünəş əlavə edib.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çingiz Mustafayevin doğum günüdür

redaktor

“Neft Daşları”nda kran dənizə düşdü – maşinist həyatını itirdi

redaktor

Polis bölməsinə çırpılan maşında Kəmalə Günəşlinin qızı olub? – Video

redaktor