Tramp artıq ABŞ-ın ən böyük “Bitcoin” investorlarından biridir
“Forbes” nəşri ABŞ prezidenti Donald Trampın “Bitcoin” sərvətinin miqyasını açıqlayıb. Jurnalın məlumatına görə, Trampın kriptovalyuta aktivlərinin dəyəri təxminən 870 milyon dollar təşkil edir. Bu rəqəm onu dünyanın ən iri “Bitcoin” investorlarından birinə çevirib.
Məlumata əsasən, Tramp “Bitcoin”i birbaşa deyil, Truth Social platformasını idarə edən Trump Media and Technology Group vasitəsilə dolayı yolla saxlayır. Şirkət bu ilin iyul ayında 2 milyard dollarlıq “Bitcoin” alıb. Trampın şirkətdəki payı 52%-dən 41%-ə düşsə də, onun payına düşən kripto sərvətin dəyəri 870 milyon dollar olaraq hesablanır.
“Trump Media” ötən il cəmi 4 milyon dollardan az gəlir əldə etməsinə baxmayaraq, Nasdaq birjasında bir neçə milyard dollarlıq dəyərlə qiymətləndirilib və bu ilin əvvəlindən kriptovalyutaya yönəlib. Şirkət may ayında 2,3 milyard dollar vəsait toplayıb, daha sonra bu vəsaitin böyük hissəsi ilə “Bitcoin” alınıb.
“Bitcoin”in qiyməti o vaxtdan bəri təxminən 6% artıb, bu da Trampın sərvətini daha da böyüdüb. Beləliklə, Trampın “Bitcoin” portfeli hazırda onun ən mühüm aktivlərindən birinə çevrilib.
“Forbes” yazır ki, Trampın “Bitcoin”ə bu qədər maraq göstərməsi onun biznes yanaşmasının göstəricisidir: əvvəllər kriptovalyutanı tənqid edən siyasətçi indi onu öz sərvət strategiyasının əsas hissəsinə çevirib. 2019-cu ildə o, “Bitcoin”i “havadan yaranan və qeyri-sabit dəyərə malik alət” adlandırsa da, indi bu valyutanın ən böyük tərəfdarlarından biridir.
Bundan əvvəl Tramp ailəsi ilə birlikdə “World Liberty Financial” adlı kripto layihəsi və memecoin buraxmışdı. Bu layihələr onun ümumi sərvətinə əlavə olaraq milyardlarla dollar qazandırıb.
Mütəxəssislərin fikrincə, Trampın ikinci prezidentlik dönəmi ABŞ-da kripto sənayesinə yeni mərhələ gətirə bilər. Prezident administrasiyası artıq bu istiqamətdə “ABŞ-ı dünyanın kripto paytaxtına çevirməyi” qarşısına məqsəd qoyub. (Valyuta.az)